Sumqayıtda iri sahibkarlar orta və kiçik sahibkarları «yeyir»

1455

Şəhərimizi hansı biznes layihələr gözləyir?

 

Həmsöhbətimiz sumqayıtlı iş adamı, İqtisadi İnkişaf Nazirliyinin Abşeron regional şöbəsinin keçmiş müdiri, uzun müddət Sumqayıt Regional Sahibkarlar İttifaqının sədri olmuş Hümbət Quliyevdir. H.Quliyev bir müddət Azərbaycan Televiziyasında «Biznes klub» adlı proqramın da müəllifi və aparıcısı olub. Bu gün isə o, bizim «biznes klub»dadır. Onunla şəhərimizin investisiya mühiti, perspektivləri və digər məsələlər barədə söhbətləşmişik.

– Siz Sumqayıt Regional Sahibkarlar İttifaqının fəxri prezidentisiniz. Bu İttifaqın bu vaxta qədər işi və öz sahəsinə töhfəsi nədən ibarət olub?

– Bu İttifaqdan öncə 1993-cü ildə Qafqazda ilk dəfə olaraq Biznes Mərkəzi Sumqayıtda yaradılıb. 1995-ci ildə məni Kutaisi Biznes Mərkəzinin açılışına dəvət etmişdilər, orada Gürcüstan prezident idə iştirak edirdi. Çıxışçılardan biri dedi ki, biz Qafqazda ilk Biznes Mərkəz açırıq. Çıxış üçün mənə də növbə çatdı və təbrikdən sonra dedim ki, Qafqazda ilk biznes mərkəzi Sumqayıtda açılıb və bunun sübuta ehtiyacı yoxdur, çünki siz mənə Sumqayıt biznes Mərkəzinin sədri kimi dəvət göndərmisiniz.

Sözügedən İttifaqın rüşeymləri elə o mərkəzdə yaranmışdı. Məqsəd Sumqayıtda sahibkarlığı təşviq etmək, sahibkarları bir yerə toplamaq, onlara informasiya və menecment dəstəyi vermək idi. Sumqayıt Biznes Mərkəzi 1995-ci ildə Sumqayıtın 45 illiyinə həsr olunmuş, 7 ölkənin 17 firmasının iştirakı ilə sərgi-satış təşkil etmişdi və bu, Azərbaycanda ilk sərgi idi.

Sumqayıt Sahibkarları Asossiyasiyası sumqayıtlı sahibkarları ətrafında birləşdirdi, ilk dəfə olaraq bütün dövlət orqanları ilə portnyorluq müqavilələri imzalandı. Bu sazişlə təşkilat məmur-sahibkar münasibətlərində sahibkarın yanında oldu. Mənim əmniyyətimdir ki, məmuru heç vaxt sahibkarlarla tək qoymaq olmaz. Bütün dünyada bu praktika var ki, məmur-sahibkar münasibətində ictimai təşkilatlar üçüncü tərəf kimi mütləq iştirak edirlər. Bu, tərəflərin qaydalara düzgün riayət etməsini stimullaşdırır. İkincisi, sahibkara hüquqi dəstəyi məhz o təşkilat verə bilir.

«Mən» sözündən istifadə sizdə qıcıq yaratmasın. Çünki sahibkarlığın özü «mən»in reabilitasiyasıdır. Uzun müddət hamı biz sözünün arxasında gizlənib. Sahibkarlıq şəxsiyyətin inkişafıdır, iqtisadi təşəbbüsüdür. Bizim o vaxtkı fəaliyyətimiz nəticəsində məni Azərbaycan Sahibkarlar Konfederasiyasına vitse-prezident seçdilər. Daha sonra həmin Assosiyasiyanın fəaliyyətinə görə Beynəlxalq Sənayeçilər–Sahibkarlar Konqresinin vitse-prezidenti oldum.

2004-cü ildə mən İqtisadi İnkişaf Nazirliyinin Regional şöbəsinə rəhbər dəvət olunanda Assosiyasiyaya yenidən sədr seçildi, məni də fəxri sədr seçdilər.

Ancaq təəssüf ki, o İttifaq hazırda işləmir.

– Niyə?

– Burada obyektiv və subyektiv səbəblər var. Yəqin ki, bunun səbəbini İttifaqın sədrindən və İdarə Heyətinin üzvlərindən soruşmaq olar. Hər halda, mən hesab edirəm ki, bu gün Sumqayıt sahibkarlarının elə bir ittifaqa ehtiyacları yoxdur. Bu gün başqa prioritetlər önə çıxıb. Bu gün kiçik, orta və iri sahibkarların ayrıca ittifaqlarının yaranması zərurəti var. Hazırda ən böyük ziddiyyətlər iri sahibkarlarla orta və kiçik sahibkarlar arasındadır. Onların maraqları və dövlətlə münasibətləri də fərqlidir. İri sahibkarlarla dövlət əməkdaşlıq edir, orta sahibkarları himayə edir, kiçik sahibkarlara isə dəstək olur.

Ən vacib məqam odur ki, Sumqayıtda sahə birliklərinə ehtiyac var. Yəni çörəkçilər Çörəkçilər İttifaqında, şadlıq sarayları bir ittifaqda, mebel istehsalçıları birində, sənayeçilər birində birləşməlidirlər. Hesab edirəm ki, İqtisadi İnkişaf Nazirliyinin və şəhər icra hakimiyyətinin müvafiq strukturları həmin ittifaqların yaranmasını təşviq etməlidirlər. Sonradan İttifaqlar ittifaqının – union of union – Konfederasiyaların yaranması səmərəli olar. Bu halda dövlət üçün də sahibkarlara işləmək asan olar. Məsələn, çörəkçilər bir ittifaqda birləşir, öz standartlarını razılaşdırır. Gigiyena və Epidemiologiya Şöbəsi də gəlir və soruşur ki, dostlar, sizə nə kömək edə bilərik? Necə edək ki, Sumqayıtı yaxşı, keyfiyyətli çörəklə təmin edək?

Bu cür birliklər yerli bazarları kənar sahibkarların müdaxilələrindən də qoyruyur. Məsələn, Sumqayıt bazarı hazırda kənardan gələn məhsullarla doludur. Bazar iqtisadiyyatının şərtləri altında isə iri sahibkarlar kiçik sahibkarları «yeyirlər». Kiçik sahibkarların yoxa çıxması çox təhlükəli tendensiyadır. İstənilən sahibkar inhisarçıya çevrilmək istəyir. Ancaq dövlət buna mane olmalıdır. Unutmaq olmaz ki, iş yerlərinin 99,8 faizi orta və kiçik sahibkarlıq subyektlərinin payına düşür.

– Yeri gəlmişkən, Sumqayıtda inhisarçılıq meylləri varmı? Əgər bu cür hallar varsa, hansı sahələrdə bu, daha güclüdür?

– Hər halda, Sumqayıtda inhisarçılar yoxdur. İnhisarçıların çoxu Bakıdadır. Onların da əlləri həm də Sumqayıtdadır və öz qara inhiçarçılıq işlərini görürlər. Ticarət sahələrinin bir çoxunda bu meyl var. Sumqayıtda oturub, monopoliyaya sahib olmaq çətindir.

– Sumqayıtda iri sahibkarlarla orta və kiçik sahibkarlar arasında ziddiyyətlər hansı həddədir?

– Bu meyl çoxdur. Xüsusilə ticarət sahəsində iri sahibkarlar dominantlığa can atırlar.

– Ticarətin hansı sahələrində daha çox bu meyl hiss olunur?

– Ərzaq məhsullarının istehsalı və satışında bu, daha qabarıqdır.

– Kiçik sahibkarlarla iri sahibkarlar arasındakı konfliktlərdən danışırdıq.

– Konflikt demək olar ki, yoxdur. Çünki mübarizə birtərəflidir, kiçik sahibkar iri sahibkara qarşı çıxa bilmir. Hətta müqavimət belə yoxdur. Məhz buna görə kiçik sahibkarlar birliyinə ehtiyac var.

– İri sahibkarların orta və kiçik sahibkarı «yeməsi» faktı hansı istiqamətlər üzrə daha çox hiss olunur?

– Görəcəksiniz, Sumqayıtda iri marketlər açıldıqca kiçik marketlər sıradan çıxacaq. Daha çox ticarətdə.

– Bu, təxminən nə qədər vaxt alacaq?

– Onun vaxtını heç kim deyə bilməz. Bunu bazar tənzimləyir. Hər halda, ayrı-ayrı qruplar üzrə iri ticarət mərkəzləri, hipermarketlər yarandıqca kiçik sahibkarlıq subyektləri ən azı qiymət rəqabətinə davam gətirə bilməyib, yoxa çıxacaq. Kiçik sahibkarlıq subyektləri irilərin mallarının satışçısına çevrilirlər, bu isə iri sahibkarların istədiyi qiyməti diqtə etməsinə səbəb olur. Azad rəqabət və özəl mülkiyyətin toxunulmazlığı bazar iqtisadiyyatının əsas prinsipləridir. Əgər sahibkarlıq subyektləri bir mərkəzdən idarə olunursa, qiymətlər də bir mərkəzdən diqtə olunur. Orta və kiçik sahibkarlara dövlətin dəstəyi məhz inhiçarçılığa qarşı mübarizədir. Sahibkarlar İttifaqı da bu mənada effektli ola bilər. Çünki min nəfərə hamı qulaq asacaq, ayrılıqda bir nəfərə isə heç kim qulaq asmayacaq.

– Şəhərimizdə hansı biznes sahələri xüsusilə genişlənə bilər?

– Bütün dünyada iqtisadiyyat bu cür bölünür: 12% – istehsal, 18% – ticarət, 70% isə xidmət. Sumqayıtda bu gün böyük sənaye potensialı var. Ancaq bizim ən böyük sərvətimiz insanlarımızdır. Hansı ölkələr ki, hesab edirlər ki, onların sərvətləri neft, qaz və ya başqa resurslardır – onlar kasıb yaşayırlar. Hansı ölkələr ki, insanları sərvəti hesab edir, onlar yaxşı yaşayırlar. Sumqayıtda da sənaye təhsili, sənaye vərdişləri olan insanlar var. Sumqayıtda istehsal müəssisələrinin yaradılması çox doğrudur. Məsələn, Texnoparkların yaradılması sahibkarlar üçün əlavə imkanlar açır. Bu parklarda müəssisələr qurmaq olar. Ən böyük perspektivlərdən biri isə həmin müəssisələrə xidmət edən müəssisələrlə bağlıdır. Həmin sənaye müəssisələrinin ən müxtəlif ehtiyacları olacaq ki, bu ehtiyacları da hansısa orta və kiçik sahibkarlar qarşılamalıdır. Bu yöndə xeyli sifarişlər olacaq, yüzlərlə bu cür xidmətlərə ehtiyac olacaq.

2004-cü ildə iqtisadi inkişafı stimullaşdırmaq üçün regional bölgü aparıldı. Ancaq bunun davamı gəlmədi. İqtisadiyyat – insan resursları ilə təbii resursların düzgün yerləşdirilməsi, əlaqələndirilməsi və optimallaşdırılmasıdı. Bu gün Sumqayıtda insan resursları çoxdur, regionlarda isə digər resurslar var. Hesab edirəm ki, Sumqayıtdan Rusiya sərhədinə qədər olan 5 rayon birləşdirilməli və Sumqayıt vilayəti yaradılmalıdır. Xızının 12 min əhalisi var. Sumqayıtın bir mikrorayonunun əhalisi bundan çoxdur. Xızının ərazisi isə Sumqayıtın ərazisindən dəfələrlə çoxdur. Bu resursları uzlaşdırmaq lazımdır. Əmək resursları təbii resursların üzərinə qoyulmalıdır. Sumqayıt paytaxtla Rusiya və Orta Asiya arasında körpü rolunda çıxış edə bilər. Sumqayıtın çərçivələrini genişləndirmək lazımdır.

– Sizcə, Sumqayıtda hansı sahələr var ki, o sahədə cəhdlər edilməyib və ya edilibsə də, uğurlu alınmayıb?

– Biri deyir, Amerikada nə yoxdu. Digəri cavab verir ki, bilsəydim, nə yoxdu, milyoner olardım. Ola bilər ki, 10 nəfər hansısa sahədə cəhd göstərsin, ancaq uğur əldə etməsin. Ancaq bu, o demək deyil ki, o sahədə perspektiv yoxdur – sadəcə, o sahənin adamı gəlməyib. Bu ayrı-ayrı adamlar, sahibkarlarla bağlı olan məsələdir.

Bizdə ən böyük ehtiyac duyulan sahələr böyük texnoparklara xidmət edəcək kiçik xidmət müssisələrinin qurulmasıdır. İkincisi isə Xəzər dənizinin potensialından istifadə edərək turizm obyektlərinin, infrastrukturunun yaradılması ola bilər. Bizim 300 gün günəş günümüz var – bundan istifadə etməliyik. Biz turizmin inkişafı üçün xidmət bacarıqlarımızı və alışqanlığımızı artırmalıyıq. Rusiya Soçidə, Qara dəniz ətarfında uğurlu layihələrə nail ola bilmir. Bunun yeganə sadə izahı var – rus xidmət göstərə bilmir. Türklər isə əksinə, xidmət sektorundakı müvəffəqiyyətləri ilə turizm sahəsində istəklərinə nail olublar. Maraqlıdır, bizdə bu qədər satıcı var, ofisiant var – ancaq bu sahələrin təhsili yoxdur. Mən Avstriyada olanda gördüm ki, orada ofisiantlıq məktəbləri var, bu işdə işləmək üçün bir il təhsil alırlar. Qəbul olunanların yarısı təhsilini baş vura bilmir – çünki tələblər olduqca yüksəkdir. Orada bir avstraliyalı ilə söhbətimiz zamanı dedi ki, əgər insan kiməsə xidmət etməkdən məmnunluq duymursa, o, ofisiant ola bilməz.

Avropalılarda, amerikalılarda da bizdə olduğu kimi hüquqşünas olmaq arzusu var. Ancaq onlar bunu vəkil olmaq üçün, kiminsə hüquqlarını müdafiə etmək üçün istəyirlər. Bizdə isə təəssüf ki, hüquqşünas olmaq istəyən gənc prokuror olmaq arzusundadır. Bu da təfəkkür məsələsidir.

– Son zamanlar xüsusilə, Sumqayıtda şadlıq saraylarının sürətlə artma tendensiyası müşahidə olunur. Ancaq yüksək standartlara cavab verən restoran və kafelər barədə eyni fikri demək olmaz. Sizcə, bunun arxasında hansı səbəb dayanır?

– Bazar iqtisadiyyatı onları ələyəcək. Sumqayıtda olan şadlıq saraylarının sayı bütün Türkiyədə olan şadlıq evlərindən çoxdur. Məsələn, mən Almaniyada olanda gördüm ki, restoranın bir hissəsində toy mərasimidir, bir hissəsində isə toya dəxli olmayan insanlar var. Bizdə də zamanla belə olacaq, insanlar bir-birindən uzaqlaşacaq, nadir hallarda kiminsə toy mərasimində 400-500 nəfər iştirak edəcək.

– Amma, tendensiya əksinə gedir. Hələ ki, ələnib azalmaq əvəzinə, artım hiss olunur.

– Çünki, şadlıq sarayanı tikən adam ona gəlir gətirən obyektdən daha çox, mülkiyyət kimi baxır. Bütün dünyada istənilən biznes 3 ilə hesablanır – əgər, bir biznes 3 il ərzində gəlir gətirmirsə, onunla heç kim məşğul olmur. Bizim şadlıq saraylarından isə qoyulmuş pulun müqabilində bəlkə də 10 il sonra gəlir əldə etmək mümkündür.

Hər halda, şadlıq saraylarının çoxluğundan sumqayıtlılıar qazanırlar. Seçim imkanının artması və rəqabət vətəndaşın xeyirinə işləyir. İstər-istəməz rəqabətə davam gətirə bilməyənlər onsuz da profillərini dəyişəcəklər.

Bizdə ən ciddi məsələlərdən biri restoranların aşbazları ilə tanınmamasıdır. Bütün dünyada əksinədir, restoranı aşbazlara görə tanıyırlar. Bizdə isə çoxlarının aşbazlıq təhsili də yoxdur.

– Ölkəmizdə ayrı-ayrı sahələrin inkişafına nail olmaq üçün subsidiyalar ayrılır, dövlət dəstəyi göstərilir, güzəştli kreditlər verilir. Necə hesab edirsiniz, Sumqayıtda hansı sahələrə bu cür dəstək göstərilsə, onların potensialı üzə çıxar?

– Qeyd etdiyim kimi, Sumqayıtda yaranan iri sənaye müəssisələrində xidmət göstərəcək kiçik müəssisələrə ehtiyac var və bu müəssisələrin yaradılması üçün dövlət dəstəyinə ehtiyac olacaq. Digər sahələr isə turizmlə bağlı sahələrdir.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sumqayıtlı sahibkarlara da dəstək göstərilir. 2012-ci il ərzində fond tərəfindən sumqayıtlı iş adamlarına 33 milyon manatdan çox vəsait ayrılıb.

– Siz sumqayıtlı sahibkarlarla daim təmasdasınız. Yəqin deyə bilərsiniz Sumqayıtı yaxın gələcəkdə hansı biznes layihələr gözləyir.

– Sumqayıtın böyük investisiyalara ehtiyacı var. Bu gün şəhərimiz abadlaşdırılır, yenidən qurulur. Ancaq elə sahələr var ki, o sahələrdə sahibkarların sərmayələrinə ehtiyac var. Şəhərimizin gözəlləşdirilməsi, müasirləşdirilməsi onu inverstorlar üçün maraqlı, cəlbedici edir. İnvestorlar üçün bizim ən böyük resursumuz insan potensialımızdır, gənclərimizdir. Avropa ölkələrinin küçələrində qocalar çoxluq təşkil edir, bizdə isə gənclər. Sərmayədarlar mütləq onların dalınca gələcəklər. Rusiyada yaşayan bir çox sumqayıtlı iş adamı var. Onlar daim Sumqayıtla maraqlanırlar. Onların böyük kapitalları var və Sumqayıt da onların maraq dairəsindədir. Hazırda şəhərimizdə tikinti sahəsində böyük ehtiyac formalaşıb. Eyni zamanda hostinq tipli mehmanxanalara, yataqxanalara ehtiyac var. Yaşayış binalarının tikintisi də bizdə təlabatdan aşağı səviyyədə gedir. Xüsusilə ipoteka ilə verilən bilən yaşayış massivlərinə ehtiyac var.  Sumqayıtdakı sənaye müəssisələrində xeyli sayda işçi qüvvəsi olacaq ki, onların da yaşaması üçün güzəştli qiymətlərlə olan yataqxanalara ehtiyac yaranacaq. Kim bu sahələrlə məşğul olsa, yaxşı gəlir əldə edə bilər. Bu işdə həm daxili, həm də xarici investorların maliyyəsinə ehtiyac var.

Bu gün Azərbaycan tarixinin ən qüdrəti dövrünü yaşayır. Ancaq bu da hələlik son deyil. Mən əminəm ki, Azərbaycan o qədər güclənəcək ki, Ermənistan muxtariyyət şəklində Azərbaycana birləşməyi xahiş edəcək.

 

Söhbətləşdi: Vüsal Məmmədov

“168 saat”

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər