Sumqayıtda kimya olimpiadası keçirilib

752

YUNESKO tərəfindən 2011-ci ilin “Beynəlxalq kimya ili” elan olunması ilə əlaqədar ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində silsilə təbdirlərə start verilmişdir. Növbəti tədbir dünya şöhrətli kimyaçı alim Yusif Məmmədəliyevin adını daşıyan 31 saylı Sumqayıt orta məktəbində keçirilmişdir. Iştirakçılar əvvəlcə məktəbin foyesində “Azərikimya” İstehsalat Birliyinin mü­əs­sisələrində istehsal olunan kimyəvi məhsulların nümunələri və şagirdlərin “Kimyanın bizim həyatımızda rolu” mövzusunda çəkdikləri rəsmlərlə tanış olmuşlar. Məktəbin direktoru Xanım Əkbərova çıxış edərək kimyaçılar şəhəri Sumqayıtda kimya olimpiadasının keçirilməsinin mühüm əhəmiyyət kəsb et­diyini, onun ənənəvi olaraq hər il daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğu­lamışdır. “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Baba­yev məktəblərdə kimya olimpiadalarının keçirilməsinin Azərbaycanın gələcək kimyaçılar nəslinin yetişdirilməsində böyük əhəmiyyət daşıdığını, yaxın onilliklər ərzində dünyanın enerji və ərzaq təhlükəsizliyinin təmin olunmasında kim­ya elminin və sənayesinin aparıcı mövqe tutacağını bildirmişdir. Muxtar Babayev Sumqayıt məktəblilərinin kimya elminə diqqət və marağının artmasından, kimya olimpia­dasının 105 illiyi qeyd olunacaq dünya şöhrətli akademik, dahi alim Yusif Məmmədəliyevin adını daşıyan məktəbdə keçirilməsindən məmnunluğunu ifadə etmiş və olimpiada iştirakçılarına uğurlar diləmişdır. Tədbirin digər iştirakçıları – Sumqayıt Dövlət Universitetinin prorektoru professor Ək­bər Ağayev və şəhər Təhsil şöbəsinin mü­diri Vidadi Bağırov Sumqayıt məktəblərində kim­ya fənninə olan marağın artmasında “Azərikimya” İB-nin rolundan danışmışlar. Sonra xüsusi təyin olunmuş münsiflər heyəti tə­rəfindən şəhərin 33 ümumtəhsil məktəbinin 150-dən çox şagirdinin iştirak etdiyi olimpiadaya start verilmiş və iştirakçılar bilik yarı­şına qoşul­muşlar. İki saata qədər davam etmiş olimpiadanın nəticələri yaxın günlərdə bəlli olacaq. Qalib adını qazanacaq gənc kimyaçılar “Azərikimya” İB-nin xüsusi diplom və qiymətli hədiyyələri ilə təltif olunacaqlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər