Sumqayıtda kimyaçı Zamin Hüseynovun xatirəsi əbədiləşdirilib - FOTOLAR

2892

Sumqayıt şəhərində kimyaçı Zamin Hüseynovun xatirə lövhəsinin açılış mərasimi olub.

Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Zamin Hüseynovun ailə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Zamin Hüseynovun yüksək insani keyfiyyətlərindən, kimya sənayesinin inkişafına verdiyi töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, Zamin Hüseynovun əziz xatirəsi heç zaman unudulmayacaqdır.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mərkəzi küçələrindən birinə kimyaçı Zamin Hüseynovun adının verilməsi ilə bağlı imzalanmış sərəncamı mərhumun oğlu Emin Hüseynova təqdim edib.

Vurğulanıb ki, neft-kimya sənayesi üzrə mütəxəssis Zamin Mirəli oğlu Hüseynov  1956-cı ildə Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsinə daxil olmuş və 1961-ci ildə mühəndis-mexanik ixtisası üzrə bitirib. Zamin Hüseynov institutu bitirdikdən sonra təyinatla Sumqayıt şəhərindəki “Sintetik-kauçuk” zavoduna göndərilmiş və bu müəssisədə texniki avadanlıqların təmiri sexində usta və qurğu mexaniki vəzifəsində işləyib.

1963-cü ilin noyabr ayında Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının qərarı ilə Sumqayıt “Superfosfat” zavodunun dənəvər superfosfat sexinə mexanik göndərilmiş və 1965-ci ildə həmin sexin rəisi təyin olunub. 1967-ci ildə “Superfosfat” zavodunun partiya üzvlərinin yekdil səsverməsi nəticəsində zavod partiya təşkilatının katibi seçilib.

1968-ci ildə Azərbaycan SSR Sənaye-Tikinti Materialları Nazirliyi tərəfindən Sumqayıt Polimer-Tikinti Materialları Kombinatının baş mühəndisi vəzifəsinə irəli çəkilib. 1971-ci ilin sentyabr ayında isə keçmiş SSRİ Kimya Sənayesi Nazirliyinin qərarı ilə Sumqayıt “Superfosfat” zavoduna direktor təyin edilib.

Təşkilatçılığını, bacarığını və idarəetmə təcrübəsini nəzərə alan SSRİ Kimya Sənayesi Nazirliyi 1974-cü ildə onu “Sumqayıtkimyasənaye” İstehsalat Birliyinin baş direktorunun birinci müavini təyin edib.

1978-ci ildə SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyası açılır və bura təsərrüfatın bütün sahələrindən ən perspektivli, rəhbər vəzifədə çalışan gənc kadrların qəbulu keçirilir. Azərbaycan üçün ayrılan iki yerə 100-ə yaxın namizədin içindən respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü və təkidi ilə Zamin Hüseynov da daxil edilir. Zamin Hüseynov SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyasında təhsil aldığı dövrdə ona Azərbaycan SSR-nin Dövlət mükafatı təqdim edilir.

SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyasınin “Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı” fakültəsini əla qiymətlərlə bitirən Zamin Hüseynov 1980-ci ildə doğma vətənə qayıdır. Həmin vaxt “Sumqayıtkimyasənaye” istehsalat birliyi artıq ləğv edilmişdir. Zamin Hüseynovu qəbul edən Heydər Əliyev ona Sumqayıt “Sintetik kauçik” zavoduna rəhbərlik etməyi tapşırır.

Zamin Hüseynov “Sintetik kauçik” zavoduna direktor təyin ediləndən az sonra həmin zavodun bazasında “Sintezkauçuk” İstehsalat Birliyi yaradılır və o, baş direktor kimi 1994-cü ilədək bu müəssisəyə rəhbərlik edir. 7 səmərələşdirici təklifin, 5 elmi ixtiranın müəllifi olan Zamin Hüseynov keçmiş SSRİ məkanında da böyük nüfuz qazanır. O, SSRİ neft-kimya sənayesinin direktorlar şurasının sədri seçilir.

Zamin Hüseynov ömrünün son illərdə “Azərkimya” Dövlət Şirkətinin aparatında məsul vəzifədə çalışmış, kimya zavodlarının səmərəli işləməsində fəalliq göstərmişdir.

Fəaliyyəti dövründə Qırmızı Əmək Bayrağı ordeni, Şərəf nişanı ordeni və Azərbaycan Respublikasının Prezidentinin fəxri fərmanı ilə mükafatlandırılıb.

   

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər