Sumqayıtda möhtəşəm kitab bayramı keçirilmişdir

731

Mayın 11-də Sumqayıtda, ümummilli lider Heydər Əliyevin abidəsi qarşısındakı meydanda ümumşəhər kitab bayramı olmuşdur. Ədəbiyyatı təbliğ etmək, gənc nəsildə kitaba məhəbbət aşılamaq məqsədi ilə şəhərdə ənənəvi olaraq kitab yarmarkaları keçirilir. Budəfəki yarmarka ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmişdir.

Açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatları iştirak etmişlər.
Bayrama qatılanlar müxtəlif janrlı və məzmunlu ucsuz-bucaqsız kitablar aləminə düşmüşlər. Tərtibatın özü də informasiya-maarif xarakteri daşımışdır. Meydanın bütün perimetri boyu kitablarla dolu stendlər, rəflər, stellajlar düzülmüşdür. Fondunda təxminən 700 min nüsxə kitab saxlanılan Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) ilə birlikdə yarmarkada M.F.Axundzadə adına Milli Kitabxana da iştirak etmişdir. Alıcılara son illər latın əlifbası ilə müxtəlif janrlarda nəşr olunmuş təxminən 10 min nüsxə kitab təklif edilmişdir. Onların hamısı 10 mövzu və 30 bölmə üzrə sistemləşdirilmişdir. Şənlikdə 7 nəşriyyat, o cümlədən “Əli və Nino” populyar kitab ticarəti şəbəkəsi, Akademiya Kitab Mərkəzi, habelə Sumqayıtın “Dərələyəz”, “Zərdabi” və s. nəşriyyatları təmsil olunmuşdur. Burada, həmçinin Heydər Əliyev Fondunun nəşrləri də nümayiş etdirilmişdir.
Kitab bayramında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş əsərlərə geniş yer verilmişdir. “Yeni kitablar”, “Sorğu ədəbiyyatı”, “Uşaqlara hədiyyə”, “Heydər Əliyev və milli mədəniyyət”, “Dünya ədəbiyyatı”, “Tibb ədəbiyyatı”, “Müasir Azərbaycan ədəbiyyatı”, “Qarabağ qan yaddaşıdır”, “İnkişaf edən iqtisadiyyat” stendlərinin qarşısında daha qələbəlik idi. Piştaxtalarda 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş hadisələr haqqında kitablar yer almışdır. Yarmarkaya gələnlər, həmçinin Azərbaycanın ən yeni tarixinə həsr edilmiş bölmədəki nəşrlərlə maraqla tanış olmuşlar.
Kitab yarmarkasında kor və zəif görən uşaqlar üçün kitablar, ilk dəfə multimedia-kitabxana diskləri təqdim edilmişdir. Bir sözlə, yarmarkanın təşkilatçıları geniş alıcı kütləsinin maraqlarını nəzərə almağa çalışmışlar.
Qeyd edək ki, satış üçün təklif edilən kitablar nəfis tərtibatı, yüksək poliqrafik səviyyəsi ilə fərqlənmişdir.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının truppasının hazırladığı kompozisiya bayramın kulminasiya nöqtəsi olmuşdur. Burada Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin yaradıcı kollektivləri də iştirak etmişlər. Azərbaycan yazıçı və şairlərinin əsərlərinin populyar ədəbi qəhrəmanları sözün və kitabın mənası və əhəmiyyəti haqqında fikirlər, kəlamlar və aforizmlər səsləndirmişlər.
Qeyd edək ki, əsası 1958-ci ildə qoyulmuş şəhər kitabxanasının bazasında 1974-cü ildə Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sistemi təşkil edilmişdir. MKS-nin 19 filialı vardır. Hazırda onun xidmətlərindən 15 minədək daimi oxucu istifadə edir. Bir sözlə, MKS Fondu daim genişlənir. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan dilində nəşr olunmuş dünya ədəbiyyatı silsiləsindən 2 mindən çox kitab əldə edilmişdir.

                Ətrabə Rzayeva (AzərTAc)


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər