Sumqayıtda “N” saylı hərbi hissədə “açıq qapı” keçirilib

971

İyunun 26-da Sumqayıtdakı “N” saylı hərbi hissədə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “açıq qapı” təşkil edilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissənin həyətində ucalan büstü önünə tər güllər düzülüb. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Korpus komandiri, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov bayram münasibətilə hərbi hissənin zabit və əsgər heyətini təbrik edib, Azərbaycan Ordusunun yaradılmasından, respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, bu gün Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünun qarantıdır. R.Əkbərov ümummilli lider Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğunda apardıqları islahatlardan söz açıb, bu islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşdığını qeyd edib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov vurğulayıb ki, Azərbaycanın qüdrətli və nizami orduya malik olmasi məhz Ulu Öndərin gərgin əməyinin bəhrəsidir. Ali Baş Komandan İlham Əliyev də Ümummilli Liderin başlatdığı bu şərəfli işi uğurla davam etdirərək, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaratmağa nail olub.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və digər çıxış edənlər Milli Ordumuzun yaranmasının 99-cu ildönümü münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara bu şərəfli işlərində uğurlar arzulayıblar.
Sonra xidmətdə fərqlənən bir sıra hərbi qulluqçuya Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
Tədbir iştirakçıları daha sonra hərbi hissədə yaradılan şəraitlə tanış olub, Daxili Qoşunların istifadəsində olan silah, zirehli texnika və avtonəqliyyat vasitələrinə baxıblar.
Hərbi hissə ilə tanışlıq zamanı qonaqlar yeməkxanada əsgərlərlə birlikdə nahar ediblər.
Tədbir geniş konsert proqramı ilə davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər