Sumqayıtda qadın ərini döyməsi ilə bağlı iddialara aydınlıq gətirib – FOTO

1762

 “Onun 120, mənim isə 67 kiloqram çəkim var. Mən onu necə döyə bilərəm!?”

Bunu “Report”a açıqlamasında Sumqayıtda arvadı tərəfindən döyüldüyünü iddia edən sabiq polis əməkdaşı Nəsib Abışovun keçmiş həyat yoldaşı Natavan Abışova deyib.

Onun sözlərinə görə, hazırda Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyində (ƏƏSMN) baş müfəttiş vəzifəsində çalışan N.Abışovdan bu il fevralın 5-də rəsmi olaraq ayrılıb.

N.Abışova bildirib ki, ötən ilin avqust-sentyabr aylarında əri tərəfindən mütəmadi döyülüb və beş ay anasının evində yaşayıb: “Bu müddət ərzində məhkəmyə müraciət etdim və rəsmi olaraq boşandım. Məhkəmənin qərarı ilə yaşadığımız ev iki hissəyə bölündü. Lakin o, evin bütün otaqlarından və əşyalarından, mən isə iki övladım – bir oğlan, bir qız ilə yalnız bir otağından istifadə edə bilirik. Biz bir otağa sakitcə girib çıxırıq, evdə sakit gəzirik, səs-küy salmırıq. Çünki adi bir səs olan kimi məni və övladlarımı döyür. Oğlum məni onun əlindən ala bilmirdi. Hətta mənə deyirdi ki, öz doğma oğlunun cibinə narkotik maddə qoyub onu şərləyəcək. Bir insan öz doğma oğluna qarşı bunu necə edə bilər axı!? Gördüm belə alınmayacaq oğlumu xaricə göndərdim. Evdə nə internetdən istifadə edə, nə də televizora baxa bilirik. Mənim də, qızımın da əsəbləri pozulub. Hər gün evə içkili vəziyyətdə gəlir və bir bəhanə axtarır ki, ya məni döysün, ya da qızımı. Biz evdə olmayanda isə bizim otağa girib, qızımın və mənim şəxsi əşyalarımızı, geyimlərimizi qarışdırıb otağın ortasına tökür. Evdə əxlaqsız hərəkətlər edir, məni və qızımı nalayiq ifadələrlə söyərək təhqir edir”.

N.Abışovanın sözlərinə görə, hadisə baş verən gün o, ərindən ayrıldıqdan sonra əvvəllər birgə yaşadıqları otağa geyim və şəxsi əşyalarını götürmək üçün girib və bu zaman Nəsib Abışovla aralarında mübahisə yaranıb: “Məni otaqdan çıxanda gördü və üstümə hücum çəkdi, saçlarımdan tutaraq məni yerə yıxdı. Evdən oğurluq etdiyimi deyərək məni şərləmək istəyirdi. Mən isə otaqdan götürdüyüm geyimləri və əşyaları ona göstərdim. Qızım səsimizi eşidib digər otaqdan gəldi və məni onun əlindən aldı. Biz öz otağımıza girib sakitcə oturmuşduq. Birdə gördük ki, qapı açıldı və Nəsib əlində bıçaqla bizim otağa girdi. Mən bizi öldürməsindən qorxaraq qışqırmağa başladım ki, səsimizə qonşular gəlsin. Qızımla bıçağı onun əlindən alıb atdıq. Bu zaman Nəsib yumruqla mənim üz nahiyəmə zərbələr endirməyə başladı. Mən onun əlindən çıxıb çölə qaçdım. Birdə baxdım ki, qızımın qışqırıq səsi gəlir. Tez otağa qaçdım, gördüm ki, qızımın boğazını tutub boğmaq istəyir. Mən onu itələdim və qızımı onun əlindən alıb Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə qaçdıq. Polis bölməsinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırıldı, mənə və qızıma tibbi yardım göstərildi. Nəsib mənə həmişə deyirdi ki, səni mənəvi cəhətdən məhv edəcəyəm. Buna görə də dərhal xəstəxanaya gedib, hər kəsə də deyib ki, guya mən onu döymüşəm”.

O, baş verən bütün hadisələrin qonşuların gözü önündə olduğunu və onların hər yerdə şahidlik edə biləcəklərini bildirib:  “Müvafiq qurumlara bu münaqişələrlə bağlı müraciət etmişəm. Mən onu sevib evlənmişəm, amma o, əxlaqsız hərəkətləri ilə sevgimi nifrətə çevirdi. Mən onun ikinci ailəsiyəm, uşaqlarıma görə dözdüm oturdum. O, şeytandır. Yaxşı ki sonuncu davada nə oğlum, nə də başqa qohumlarım evdə olmayıb, yoxsa o, hamını şərləyəcəkdi”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər