Sumqayıtda səhiyyə günü belə qeyd olundu – FOTOLAR

622

Sumqayıtda 5 minə yaxın səhiyyə işçisi gecəli-gündüzlü fədakarcasına şəhər sakinlərinin sağlamlığının keşiyində dayanır. Şəhərdə xidmət göstərən 26 tibb müəssisəsinin nümayəndələri iyunun 17-də bir araya gələrək peşə bayramlarını qeyd ediblər. Bu münasibətilə keçirilən tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, həkimlik çox nəcib peşədir, insanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir. O, şəhərin tibb işçilərini peşə bayramları münasibətilə təbrik edərək, onlara bu çətin, şərəfli və son dərəcə vacib işlərində uğurlar arzulayıb. Qeyd olunub bu peşə bayramı ümummilli lider Heydər Əliyevin Azərbaycan səhiyyəsinə töhfəsidir. Ulu Öndərin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb işçilərinin peşə bayramı günü təsis olunub. Bu, dahi rəhbərin həkimlik sənətinə münasibətinin, tibb işçilərinin zəhmətinə yüksək dəyər verməsinin göstəricisi idi.
Bildirilib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir.
“Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Biz bu diqqət və qayğını öz şəhərimizin timsalında da aydın görürük”, – deyən Z.Fərəcov qısa müddətdə 1 nömrəli şəhər poliklinikasında, 1 nömrəli doğum evində, uşaq xəstəxanasının infeksion korpusunda, onkoloji xəstəxanada, 2 nömrəli qadın məsləhətxanasında aparılan əsaslı təmir işlərini buna misal gətirib.
Çıxışlardan sonra bir qrup tibb işçisi şəhər icra hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.

Tədbir süfrə arxasında bayram konserti ilə davam edib.
AZƏRTAC

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər