SUMQAYITDA TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI KEÇİRİLDİ – RƏQƏMLƏR AÇIQLANDI

2458

Sumqayıt Şəhər Təhsil Şöbəsinin akt zalında təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov müəllimləri yeni dərs ili münasibətilə təbrik edib, onların uğurlarının hər kəsdə böyük fərəh doğurduğunu söyləyib, diqqəti qarşıda duran vəzifələrə cəlb edib.

Konfransda Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Ramin Abbasovun məruzəsi dinlənilib.

Vurğulanıb ki, ötən dərs ilində “Ümumi təhsildə keyfiyyət ili” haqqında Təhsil Nazirliynin əmrinin ruhuna uyğun olaraq təhsilin bütün pillələri üzrə keyfiyyət göstəricilərində irəliləyişlər əldə edilmişdir. Aparılan təhillər göstərir ki, ümumi təhsildə keyfiyyət irəliləyişləri nəinki buraxılış və qəbul imtahanlarının nəticələrində, eyni zamanda digər təhsil pillələri üzrə təlim göstəricilərində də müşahidə edilmiş, bəzi göstəricilər isə son illərin ən yüksək göstəricisi olmuşdur.

Müsbət keyfiyyət dəyişikliklərini səciyyələndirən əsas göstəricilərdən biri ümumi təhsil pilləsi üzrə təhsilini fərqlənmə attestatı və medalla başa vuran məzunların sayıdır. 2018-ci dərs ilində tam orta təhsili 141 nəfər, ümumi orta təhsili isə 109 nəfər fərqlənmə attestatı ilə başa vurmuşdur. Bu ötən illə müqayisədə müvafiq olaraq tam orta təhsil pilləsi üzrə 38 nəfər və ümumi orta təhsil pilləsi üzrə isə 41 nəfər çoxdur.

Hesabatda qeyd olunub ki, ümumi təhsili xüsusi nailiyyətlə başa vururaq medala layiq görülən məzunların sayı təxminən 2 dəfədən də çox artmış, Sumqayıt təhsili tarixində ilk dəfə olaraq 6 nəfərdən 13 nəfərə yüksəlmişdir. Təbiət elmləri təmayüllü gimnaziyanın 4, İstedad liseyinin 3, Texniki və təbiət elmləri liseyinin 2 məzunu, 5, 11, 21 nömrəli tam orta məktəblərin hər birindən 1 məzun qızıl, 1 nömrəli tam orta məktəbin məzunu isə gümüş medala layiq görülmüşdür.

Əvvəlki illərdə olduğu kimi XI sinif şagirdlərimiz də buraxılış imtahanlarında uğurlu nəticələri ilə fərqlənmişdir. İlkin təhlillərə əsasən 2017-2018-ci dərs ilinin sonunda şəhər üzrə 2697 nəfər XI sinif şagirdi buraxılış imtahanında iştirak etmişdir. Onlardan 2284 nəfəri hər üç imtahan fənnindən müsbət qiymət ala bilmiş və şəhər üzrə müvəffəqiyyət faizi təxminən 85% təşkil etmişdir ki, bu da ölkə üzrə ən yüksək göstəricidir.

XI sinif şagirdlərimizin 562 nəfəri imtahanda hər üç fəndən “5”, 885 nəfəri isə “4” və ya “5” qiymət ala bilmişdir. Beləliklə, XI siniflərdə şəhər üzrə keyfiyyət faizi 53,7% olmuşdur. Qeyd etmək lazımdır ki, ötən ilki göstərici ilə müqayisədə XI siniflər üzrə keyfiyyət göstəricisi təxminən 5% artmışdır.

Belə ki, məktəblərdən alınan məlumatlara əsasən qəbul imtahanlarında iştirak edən 2256 nəfər abituriyentdən 1739 nəfəri uğurlu nəticə göstərərək tələbə adını qazana bilmişdir. Beləliklə də, şəhər üzrə 77,1% təşkil etmişdir. Qeyd etmək lazımdır ki, bu ölkə üzrə ən yaxşı qəbul faizi olmaqla yanaşı, son illərin də ən yüksək göstəricisidir.

Qəbul imtahanları zamanı şəhərimiz üzrə nəinki kəmiyyət, həmçinin keyfiyyət göstəriciləri baxımından da əvvəlki illərə nisbətən xeyli irəliləyiş müşahidə edilmişdir.  Belə ki, şəhər üzrə abituriyentlərin topladıqları orta bal ötənilki göstərici ilə müqayisədə 3,5 bal artaraq təxminən 349 bal təşkil etmişdir.

Son 7 ildə şəhər abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal davamlı surətdə artmış və son iki ildə 300 balı ötüb keçmişdir. Hesab edirik ki, bu fakt şəhər təhsilində müsbət keyfiyyət dəyişiklərinin çox bariz və ciddi göstəricisidir.

Qəbul imtahanlarında iştirak edən məzunların (I-IV qruplar üzrə) 461 nəfər, yəni məzunların 21%-i 500-dən, o cümlədən 211 nəfər, yəni abituriyentlərin təxminən 10%-i 600-dən yuxarı bal toplaya bilmişdir.

Ötən illə müqayisədə 600-dən çox bal toplayanların sayı 44 nəfər, yəni təxminən 43% artmışdır.

Həmçinin 500-700 intervalında bal toplayan şəhər abituriyentlərinin sayı 461 nəfərə çatmışdır ki, bu da ötən illə müqayisədə 50 nəfər çoxdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər