Sumqayıtda xeyriyyə aksiyası keçirilir

970

Ötən şənbə günü «Azərikimya» İstehsalat Birliyinin və respublika «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə «Mərhəmətli olmağa tələsin!» devizi altında xeyriyyə aksiyasına start verilib.

Rəsmi hissəsinin Birliyin konfrans zalında keçirildiyi humanist aksiyanın təşkilində əsas məqsəd aztəminatlı ailələrdən və əlil olan uşaqlara, onların qayğı və problemlərinə daha çox diqqət yetirilməsi, maddi və mənəvi dayaq göstərilməsi, onların yaradıcılıq və intellektual qabiliyyətlərinin aşkar olunmasına və inkişaf etdirilməsinə vasitəçi olmaq, kömək etməkdir.
Tədbir iştirakçıları aksiyanın «proloq»u kimi ilk öncə konfrans zalında təşkil olunmuş foto-sərgiyə tamaşa edərək, «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının xeyriyyəçilik fəaliyyətini əks etdirən foto-sənədlərlə tanış olmuşlar. Fotosərginin ekspozisiyası, daha sonra isə – tədbir başlayarkən nümayiş etdirilən videosüjet ««Qızıl Aypara» fəallarının maddi və mənəvi yardıma ehtiyacı olanlara – tənha və yaşlı adamlara, əlil uşaqlara, aztəminatlı ailələrə son illərdə göstərdikləri diqqət və qayğını, tibbi xidməti, uşaqların və qocaların istirahətinin təşkilini bütün dolğunluğu ilə nəzərə çarpdırmaqla tədbir iştirakçılarını xeyirxah olmağa, qayğıkeşliyə səsləyirdi.
Tədbirin açılış mərasimində aksiyanın əsas məqsədi haqqında uşaqlara məhəbbət və qayğıkeşliklə ətraflı məlumat verildikdən sonra çıxış edən uşaq müəssisələrinin və məktəblərin, o cümlədən Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi İnternat məktəbin, şəhərin müəssisə və təşkilatlarının nümayəndələri böyüklərin uşaqlara göstərdiyi hər bir qayğının nəiticə etibarilə Vətənin gələcəyinə olan qayğı olduğunu vurğulamışlar. Onlar «Mərhəmətli olmağa tələsin!» devizi altında başlanan aksiyanı məhz bu cür dəyərləndirərək, xeyirxah təşəbbüsün uğurla nəticələnməsi üçün maksimum fəallıqla iştirak edəcəklərini bildirmişlər.
Tədbirin rəsmi hissəsində qeyd edildiyi kimi, aksiyanın son məqsədi olaraq iki həftə ərzində – oktyabrın 24-dən noyabrın 5-dək Üzeyir Hacıbəyov adına «Kimyaçı» Mədəniyyət sarayında şəhərin müəssisə və idarə kollektivləri, ayrı-ayrı adamlar və ailələr tərəfindən uşaqlar üçün münasib isti geyimlərin, onların intellektual şüurunun, dünya görüşlərinin inkişafında əhəmiyyətli ola biləcək müxtəlif oyun və kompüter dəstlərinin, məktəb ləvazimatlarının qəbuluna başlanacaqdır. Hər gün saat 14-dən 17-dək toplanacaq sovqatlar müqəddəs Qurban bayramı ərəfəsində balaca sahiblərinə – ehtiyacı olan uşaqlara paylanaraq, onlara bir dünya sevinc bəxş edəcəkdir.
Aksiyanın təşkilatçıları hamını – uşaqların qayğısına qalaraq, onların taleyinə, gələcəyinə biganə olmayan, Azərbaycanın sabahını düşünən hər bir kəsi bu xeyirxah tədbirdə fəal iştirak etməyə dəvət edirlər.
Mərhəmətli olmağa tələsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər