Sumqayıtdan Avropa məhkəməsinə qədər

1156

SDU-nun IV kurs tələbəsinin adi məhkəmə prosesi niyə qalmaqallarla  müşayiət olunur?

Təxminən bir ay öncə Sumqayıt Dövlət Universitetinin IV kurs tələbəsi Cabbar Savalan Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. SŞPİ-nin yaydığı məlumatda bildirildi ki, polis onu üzərində narkotik vasit aşkarladığı üçün saxlayıb. İlkin dindirilmə zamanı da C.Savalan narkotik vasitni istifadə etmək üçün əldə etdiyini etiraf etdi. Lakin sonradan bu ifadəni təzyiq altında verdiyini bildirərək, ittihamı rədd etdi. Hazırda bu məsələ ilə bağlı məhkəmə prosesi gedir. Ən diqqətçəkici məqam isə odur ki, 21 yaşlı gəncin məhkəmə prosesi böyük qalmaqallarla müşayiət olunur, prosesin keçirildiyi günlər Sumqayıt şəhər Məhkəməsinin binası önündə böyük izdiham yaranır, əraziyə polis qüvvələri çıxarılır.

Müxalifyönlü və müstəqil medianın da diqqət mərkəzində saxladığı bu prosesin detallarını dəqiqliklə öyrənmək üçün C.Savalanın vəkili Anar Qasımovla söhbətləşdik. Vəkil ilk öncə C.Savalanın hansı maddə ilə məsuliyyətə cəlb edildiyi barədə danışdı:

– Cabbar Savalan haqda həbs qəti-imkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə ittiham irəli sürülüb. Bu ittiham şəxsi istehlak dəyərindən artıq narkotik vasitələrini əldə etmə, saxlama və istifadə etməni nəzərdə tutur.

– Siz hansı məntiqlə və faktla hesab edirsiniz ki, ittiham əsassızdır?

– Biz bunu məntiqlə hesab etmirik. Hüquqlarını müdafiə etdiyim şəxs bildirir ki, o, narkotik istifadəçisi deyil və bu narkotik vasitə onun üzərinə atılıb. Onun narkotik istifadəçisi olub-olmamasını yalnız ekspertiza təyin edib, biz isə vasatət qaldırmışıq ki, alternativ ekspertiza təyin edilsin. Biz planlaşdırırq ki, Gürcüstandan ekspertiza üçün mütəxəssis dəvət edək və o da eyni nümunələrlə eyni müayinələri aparsın. Düşünürük ki, yerli ekspertiza təsir altında ola və doğru qərar çıxarmaya bilər. Təəssüf ki, indiyə qədər bizim alternativ ekspertiza ilə bağlı təklifimiz nə təkzib, nə də inkar olunub.

– Bu vəsatət nə vaxt qaldırılıb?

– Bu vəsatət Cabbar həbs olunan gün qaldırılıb. Həmin vaxt bu işi aparan müstəntiq Orxan Quliyev idi. O, ekspertiza barədə rəy verdi, biz isə həmin rəyə alternativ ekspertiza təklifimizi əlavə etdik. Bu, olmuşdu fevralın 7-də. Bu vaxtadək heç ekspertiza rəyi də yoxdur.

Onun barəsində həbs qəti-imkan tədbiri seçildikdən sonra biz appelyasiya şikayəti verdik ki, həbs qəti-imkan tədbiri seçilməsini, məsələn, ev dustaqlığı barədə qərar çıxarılsın. Ancaq məhkəmə bizim vəsatəti təmin etmədi və biz bu hissədən Avropa Məhkəməsinə şikayət göndərmək üzrəyik.

Ümumiyyətlə, cinayət törətməkdə təqsirləndirilən şəxs barədə istintaq dövründə həbs qəti-imkan tədbiri seçilə bilər. Burada məqsəd odur ki, bu şəxs qaçıb gizlənməsin, istintaqın gedişinə mane olmasın, şahidlərə təzyiq göstərməsin, başqa cinayətlər törətməsin. Ancaq biz məhkəmədə əsaslandırdıq ki, bu əsasların heç biri bu halda gözlənilən deyil. Bununla belə, məhkəmə həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətimizi təmin etmədi.

– Siz məhkəmə prosesi zamanı iddia etmisiniz ki, C.Savalanın hüquqları pozulub. Söhbət hansı hüquqlardan gedir?

– Birincisi, hər kəsin tutulduğu andan müdafiəçinin yardımından istifadə etmək hüququ var. Cabbar bu hüquqdan məhrum edilib. Eyni zamanda tutulduğu zaman ona hüquqlar izah edilməli olduğu halda edilməyib. Hüquqlarını bilməməsi və bir qədər də psixoloji təsir altında olması onun yalnız əməliyyatçıların və onu dindirənlərin istədiklərini ifadə etməsi ilə nəticələnib.

– İlkin dindirilmə zamanı narkotik vasitədən istifadə etmək istədiyini, məhz bu məqsədlə də onu əldə etdiyini bildirib?

– Xeyr, o narkotik vasitədən istifad etdiyini deməyib. O, ilkin ifadəsində yazıb ki, mən narkotik vasitədən istifadə etmək istədim, maraqlı gəldi mənə. Bu məqsədlə “28 May” Metrostansiyasının yanından 5 manata aldım, amma istifadə etmədim.

Digər bir tərəfdən onun vəkilin yardımından istifadə etmək hüququ da təmin olunmayıb. C.Savalanlı fevralın 5-i 20.30-da saxlanılıb. Tutulduğu andaca onun ailəsinə məlumat verilməli idi, ancaq bu da edilməyib. Ailəsi bütün gecəni oğlunu axtarmaqla məşğul olub. Gecə saat 1-də anası 102 xidmətinə oğlunun evə gəlmədiyi, onu tapa bilmədikləri barədə məlumat verib, ordan ona məsləhət veriblər ki, yerli polis idarəsinə müraciət etsin və polisə də 102 xidmətindən bu barədə sorğu gəlib. Yalnız bundan sonra məsələ aydınlaşıb. Hansı ki, bu barədə ailəsinə dərhal məlumat verilməli idi.

Nəhayət, o polisə normal şəkildə dəvət olunmaqla yox, zorakı vasitələrlə aparılıb, əli-qolu burulub və s. 21.00-da onun üzərin baxış keçirilib, 21.30-da baxış sona çatıb, 02.45-də isə iş müstəntiqə təqdim olunub və gecə saat 3-də onu dindiriblər. 21 yaşlı gəncə psixoloji təzyiq asandır və polisdə də ona qarşı bu edilib. Ona deyilib ki, “sənin qələmin yuxarıdan qırılıb” və nəhayət, o, bu təzyiqlər altında ifadə verib.

Bazar günü bizim onunla görüşməyimizə də icazə verilməyib. Bunlar ciddi pozuntulardır və gələcəkdə Avropa Məhkəməsində ciddi rezonansa səbəb ola bilər.

– Nəyə görə bu prosesin arxasında siyasi motiv görünməyə başlayıb? Axı bu cür hadisələrə tez-tez rast gəlirik. Nəyə görə məsələ siyasiləşdirilir? Məhkəmə prosesi zamanı Sumqayıt Məhkəməsinin önünə çoxlu sayda gənclər axışır, müxtəlif şüarlar səsləndirirlər?

– Cabbar Savalanlı AXCP-nin üzvüdür. Onun siyasi partiya üzvü olması, gənc fəallardan biri olması buna stimul vermiş ola bilər. Bu hadisədən sonra mən onun Facebookdakı səhifəsini gözdən keçirdim və aydın oldu ki, o, burada müəyyən ciddi siyasi çağırışlar edib. Daha sonra 20 Yanvarın bu ilki ildönümü zamanı müxalifətçilərlə polis arasında qarşıdurma olub və bundan sonra C.Savalanlı da daxil olmaqla bir sıra gənclər bildirmişdilər ki, onlar izlənirlər.

Kimliyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq mən onun hüquqlarını qoruyuram. Biz hələ ki, onun pozulmuş hüquqları üzərində işləyirik, çünki ittihamın mahiyyəti üzrə hələ ki, qərar qəbul edilməyib. Mən bir vəkil olaraq müdafiə etdiyin şəxsi ətrafında şou yaratmağı, məsələni siyasiləşdirməyi vəkil etikasına zidd hesab edirən. Bu, daha çox siyasətçilərin işidir. Ancaq mətbuatdan izlədiklərimə əsasən deyə bilərəm ki, bir sıra beynəlxalq təşkilatlar bu məsələyə reaksiya veriblər. Məsələn, “Amnesty İnternational” təşkilatı açıqlama yayaraq Cabbarın həbsində siyasi motivlərin olduğunu bildirir. Bu, məsələnin beynəlxalq müstəviyə çıxması və Azərbaycanın imic məsələsinə çevrilməsi deməkdir.

Faktiki olaraq bu məsələ ilə bağlı keçən məhkəmə prosesləri böyük ajiotajla müşayiət olunur. Məhkəmə binası xüsusi olaraq mühafizə olunur, hətta son prosesdə Bakıdan çevik polis alayının gətirildiyi barədə mətbuatda məlumatlar dərc olunmuşdu. Bu, artıq sıradan məhkəmə prosesi deyil. Məhkəmə prosesinin olduğu günlər, Sumqayıtda həyat bir qədər fövqəladə rejimə keçir. Məhkəmənin yerləşdiyi binada gediş-gəliş çətinləşir, əhali üçün narahatlıq yaranır. Son proses günündə mən özüm Məhkəmənin binasına böyük çətinliklə yaxınlaşa bildim.

Biz hesab edirik ki, ittiham üzrə qərarın nə olacağından asılı olmayaraq Cabbarı hələ ki, həbsdə saxlamamaq olar. Təsəvvür edin ki, dünyanı bir-birinə qatan Julian Assanc zaminlik müqabilində azadlığa buraxılır və ya Misirdə Məhəmməd Əl Baradeyi həbsi ev dustaqlığı ilə əvəz olunursa, bu, niyə Sumqayıtda adi bir prosesdə olmasın. Bu cür yanaşma da məsələni siyasiləşdirir. Hesab edirik ki, buna ehtiyac yoxdur. Bu yaxınlarda Ali Məhkəmənin sədri Srtasburqda müsahibəsi zamanı bildirmişdi ki, məhkəmələr həbs qəti-imkan tədbirini çox seçirlər, hansı ki, bəzi hallarda alternativ qəti-imkan tədbirlərini də seçmək olar.

– Hər halda, məsələni daha çox Cabbarın partiyadaşları siyasiləşdirir, deyilmi? Digər bir tərəfdən axı onun siyasi mənsubiyyəti əsas vermir ki, o azad olunsun və ya mütləq zaminlik müqabilində evə buraxılsın.

– Əlbəttə, biz demirik ki, ona siyasi mənsubiyyətinə görə güzəştə gedilməlidir.

– Bu xoş olmayan mənzərəni C.Savalanlının tərəfdarları yaradırlar. Bilmirəm, əgər buna “xoş olmayan mənzərə” demək olarsa…

– Onlar sadəcə həmrəylik göstərərək gəlib məhkəmə iclasını izləmək istəyirlər. Ancaq bu məhkəmələr qapalıdır. Buna görə də məhkəmənin həyətində toplaşırlar, ancaq heç bir aqressiv hərəkətə, qanun pozuntusuna yol vermirlər. Ancaq buna da polis tərəfindən yumşaq münasibət göstərilmir, icazəsiz piket keçirmək adı ilə bir neçəsi saxlanılır və inzibati qaydada onlara xəbərdarlıq edilir.

Hər şeyə rəğmən, biz ümid edirik ki, Sumqayıt Appellyasiya Məhkəməsi C.Savalanlı həbs qəti-imkan tədbirini ev dustaqlığı ilə əvəz edəcək.

Söhbətləşdi: Vüsal Məmmədov, “168saat”

Redaksiyadan: Biz məsələ ilə bağlı başqa mövqeləri də dərc etməyə hazırıq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

shebnem üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər