Sumqayıtı təmsil edəcək “Standard” klubunun futbolçusu Camal Məmmədovun müsahibəsi

848

 Yeni məşqçinin rəhbərliyi altında mövsümün hazırlığına start verdiniz. Məşq prosesi necə gedir?
– Üç gündür məşqlər başlayıb. Hələlik klubla yeni müqavilə imzalamasam da, məşqlərdə iştirak edirəm. Komandada qalıb-qalmayacağım həftənin sonuna qədər müəyyənləşəcək. Klub prezidenti ilə görüşəcəyəm. Çünki müqavilədə bəzi razılaşdırılmamış məqamlar var. Ancaq özüm “Standard”da qalmaq istəyirəm.

– Komandada yeni futbolçular çoxdurmu?
– Var. Demək olar, komandanın 80 faizini yenilər təşkil edəcək. Baxışa gələn futbolçuların əksəriyyəti gənclərdir. Ötənilki heyətdə yer alan legionerlərdən hələlik Çiappa Rikelme, Levan Silaqadze və David Çiçveyaşvili komandanın düşərgəsindədir. Ramin Quliyev, Murad Ağakişiyev, Anar Nəzirov isə yeni transferlərdir. Hüseyn Məhəmmədov məşqlərdə iştirak etmir. Belə deyək də, əksər futbolçularla yeni müqavilə imzalanmayıb. Baxışa cəmi 1 legioner gəlib. Səhv etmirəmsə, o da Cənubi Amerikadandır.

– Ab-hava necədir?
– Yaxşı. Komandaya yeni baş məşqçi gəlib. Ona görə də futbolçular hazırlıq prosesində özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Həm də məşqdə iştirak edənlərin əksəriyyəti baxışa gələnlərdir. Onlar “Standard”da qalmaq üçün bacarıqlarını maksimum səviyyədə göstərməlidirlər. Məşqlərimizi iyulun 19-dək Bakıda davam etdirəcəyik. Ertəsi gün isə təlim-məşq toplanışı keçirmək üçün Sloveniya və ya Avstriyaya yola düşəcəyik. Komandada kimlərin qalacağı da səfər ərəfəsində məlum olacaq.

– Andrey Çernışov barədə nə deyə bilərsən?
– Yüksək səviyyəli mütəxəssisdir. Yaxşı futbolçu olub. Məşqçi kimi uzun müddət Rusiyanın gənclərdən ibarət yığma komandasını çalışdırıb. Bir neçə klubda da işləyib. Hətta “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze də onun haqqında xoş sözlər söyləyib.

– Onun yüksək səviyyəli məşqçi olduğunu dedin. Çernışovun indiyə qədər rəhbərliyi altında oynadığın məşqçilərdən üstünlüyü nədədir?
– Bu suala konkret cavab vermək tezdir. Çünki rusiyalı məşqçinin rəhbərliyi altında cəmi 3 gündür ki, məşq edirik. Müəyyən vaxtdan sonra nəsə fikir yürütmək olar. Ancaq tanıyanlar onu tərifləyirlər.

– Komandanın qarşısına hansı məqsədlər qoyulub?
– Hələ klubdaxili iclas olmayıb. Yəqin ki, ölkə xaricinə səfər ərəfəsində belə yığıncaq olacaq və komandanın qarşısına konkret məqsəd qoyulacaq. Məncə, yüksək yerlər uğrunda mübarizə aparacağıq.

– Necə fikirləşirsən, “Standard” “6-lığ”a düşə biləcəkmi?
– Bunun üçün çalışacağıq. Həm də yeni transferlərdən də çox şey asılıdır. Hələlik komandaya kimlərin keçəcəyini bilmirik. Böyük ehtimalla Bakıdakı toplanışın sonuna qədər heyət komplektləşəcək. Ondan sonra nəsə demək olar.

– Mövsüm başa çatdıqdan sonra “Simurq”a keçəcəyin gözlənilirdi. Bu transfer niyə baş tutmadı?
– “Simurq”dan təklif almışdım. Hətta danışıqlarımız da olmuşdu. Sadəcə, maliyyə məsələsində ortaq məxrəcə gələ bilmədik. Həm də rayona getmək istəmədim. Bakını təmsil edən klublarda oynamaq istəyirəm.

– Bəs “Olimpik-Şüvəlan”la danışıqların uğursuz alınmasına nə səbəb oldu?
– “Olimpik-Şüvəlan”la danışmışdım. Onlardan fikirləşmək üçün bir qədər vaxt istədim. Sonda üstünlüyü “Standard”a verdim. Ancaq bu komanda ilə yeni müqavilə imzalamamışam. Ola bilsin, sabah başqa kluba keçim.

– Bəlkə “təyyarəçilər”in təklif etdiyi məbləğ səni qane etməyib?
– Xeyr, “Olimpik-Şüvəlan”a keçməməyim maliyyə ilə bağlı deyil. Sadəcə, “Standard”a öyrəşdiyimdən, bu komandada qalmağa üstünlük verdim. Həm də hər il klub dəyişmək istəmirəm. Hər dəfə yeni kollektivə uyğunlaşmaq çətindir.

– Başqa klublardan təkliflər var idimi?
– Söz-söhbət gəzirdi. Hətta “İnter”in mənimlə maraqlandıqlarını da yazırdılar. Ancaq adlarını çəkdiyiniz klublardan başqa, heç bir komandadan real təklif almamışam.

– “Standard” yeni mövsümdən Sumqayıtı təmsil edəcək. Hətta komandanın rəqiblərini adıçəkilən şəhərdə qəbul etmək ehtimalı var…
– Bu, əla olardı. Əvvəla Sumqayıt Bakıya yaxındır. Bundan başqa, oyunlarımızı təbii örtüklü meydançada keçirərik. Həm də Sumqayıtdakı stadionda bir qədər təmir işləri aparılsa, orada hər cür şərait var. Üstəlik, azarkeş baxımından da problemimiz olmayacaq. Çünki Sumqayıt futbol şəhəridir. Orada azarkeşlərin stadionu dolduracağı istisna edilmir.

– “Standard” Premyer Liqada gözəl futbol oynayan klublardan olsa da, nəticə qazana bilmir. Niyə?
– Niyəsini mən də bilmirəm. Mövsümə yaxşı başlayırıq, ancaq sonra “axsayırıq”. Burada bəxt amilinin də böyük rolu var. İnanmıram ki, kimsə qəsdən zəif oynasın. Son mövsümdəki uğursuzluğumuzun səbəblərindən biri də tez-tez baş məşqçi dəyişikliyinin baş verməsi idi. Çempionata Sxadadzenin rəhbərliyi altında start verdik. Sonradan Badri Kvaratsxeliya baş məşqçi oldu. Sona 4-5 tur qalmış isə Rafiq Mirzəyev komandanın “sükan”ı arxasına keçdi. Nəzərə alsaq ki, hər bir baş məşqçinin öz iş metodu var, onda bu dəyişikliklərin nə demək olduğunu anlamaq çətin deyil.

– Bir vaxtlar ən perspektivli futbolçulardan hesab edilirdin. Ancaq nədənsə güclü klublardan birində forma geyinməmisən. Səbəbini necə izah edə bilərsən?
– Mənim də arzum güclü klublardan birinə keçməkdir. Ola bilsin, irəli gedə bilməməyim, həm də öz səhlənkarlığım üzündən olsun. “MKT-Araz”da yaxşı oynayırdım. Sonra “Qəbələ” və “Standard”a keçdim. Ancaq iddialı klublarımızda oynaya biləcək gücdəyəm.

– Uşaqlıqdan hansı klubda oynamaq istəmisən?
– Təbii ki, “Neftçi”də. Bu komanda futbolumuzun flaqmanıdır. Nə bilim, bir az bəxt də yaxşı şeydir. Görünür, qismətdən qaçmaq mümkün deyil.

– Ötən mövsüm bir qədər kölgədə qalmağın nə ilə bağlı idi?
– Birinci dövrə yaxşı oynadım. İkinci dövrədə “Neftçi”yə məğlub olduqdan sonra müəyyən söz-söhbət yayıldı. Baş məşqçi Badri Kvaratsxeliya da məni oynatmadı. Onun gedişindən sonra isə yenidən əsas heyətdəki yerimi tutdum. Oyunumla formada olduğumu sübut etdim.

– Bəs legioner həyatı yaşamaq şansın olub?
– Olub. Lakin özüm istəməmişəm. Ailə məsələləri ilə əlaqədar Bakıdan kənara çıxmaq istəməmişəm.

Mənbə: “Futbol dünyası” qəzeti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər