“Sumqayıt”ın baş məşqçisi: “Atletiko”dakı təcrübə çox səmərəli oldu”

519

“Atletiko”dakı təcrübə çox səmərəli keçdi. Bir məşqçi üçün olduqca vacib materiallar əldə etdim. Düzdür, ilk günlər çətin idi. Amma sonradan öyrəşdim. Bu işdə mənə Dieqo Simeonenin köməkçisi çox yardımçı oldu”.
sumqayitxeber.com-un məlumatına görə, bunu “Report”a açıqlamasında UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində İspaniyanın “Atletiko” komandasının düşərgəsində təcrübə keçən “Sumqayıt” komandasının baş məşqçisi Samir Abasov deyib.
12 – 17 dekabrda Madrid təmsilçisinin düşərgəsində olan 39 yaşlı mütəxəssis səfərin təşkilinə görə AFFA-ya təşəkkür edib. O, Atletiko” klubundakı sistemlə yaxından tanış olduğunu söyləyib: “Bu, Avropada sözünü demiş klubdur. Simeonenin işi isə göz qabağındadır. Düşünürəm ki, bu səfər mənim üçün səmərəli oldu. Səfəri təşkil etdiyinə görə rəhbərliyə və dəstəyə görə AFFA-ya təşəkkür edirəm”.
Səfərdə oluğu üçün “Sumqayıt”ın Azərbaycan Kubokunun 1/4 finalında “Qarabağ”a qarşı keçirdiyi oyunlarda iştirak edə bilməyən Abasov gün ərzində dəfələrlə köməkçiləri ilə əlaqə saxladığını deyib: “Komandanı bu böyük oyuna hazırlamağa çalışırdıq. Kollektivin yanında köməkçilər olduğu üçün onlarla hər mövzuda məsləhətləşirdim. İlk matçdan sonra qərara gəldik ki, ciddi dəyişiklik etməyək. İkinci görüşün daha çətin keçəcəyini əvvəlcədən bilirdik. Çünki hesab belə fikirləşməyə sövq edirdi. Uşaqlar çox sağ olsunlar, əllərindən gələni etdilər və nəticə bizim üçün sevindirici oldu. Rəqib həddindən artıq çətin idi. Neçə illərdir kubokda onlara məğlub olub, mübarizəni erkən başa vururduq. “Qarabağ”ın gücü, ölkə futbolu üçün etdikləri göz qabağındadır. İkinci oyunu canlı izləyə bilmirdim. Amma hər dəqiqə köməkçilərimdən məlumat alırdım. Bundan sonra işimiz daha çətin olacaq. Yarımfinaldakı rəqibimiz “Keşlə” də bizim kimi finala çıxmağı qarşısına məqsəd qoyub. Yəni, bununla iş bitmir. Bizi qabaqda daha çətin mübarizə gözləyir”.
Qeyd edək ki, “Sumqayıt” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin səfərdə keçirdiyi ilk oyununda “Qarabağ”a 1:2 hesabı ilə uduzsa da, cavab marçında qalib gəlib – 2:0. “Gənclik şəhəri” təmsilçisi yarımfinalda “Keşlə” ilə qarşılaşacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər