“Sumqayıtın çirklənmiş ərazilərinin kadastrı”nın təqdimat mərasimi keçirilib

696

Bugünlərdə ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi, ARDNŞ-nin Ekologiya İdarəsi və Almaniya-Azərbaycan Əməkdaşlıq Cəmiyyəti nümayəndələrinin, həmçinin ekoloqların iştirakı ilə “Sumqayıtın çirklənmiş ərazilərinin kadastrı”nın təqdimat mərasimi keçirilmişdir. Kadastr Lüdviqshafen şəhərinin Ekologiya Departamentinin dəstəyi ilə Almaniya-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin mütəxəssisləri, onun Sumqayıt bölməsinin əməkdaşları tərəfindən bir neçə il ərzində Sumqayıt şəhərində, onun sənaye zonasında, o cümlədən kimya müəssisələrinin ətraf ərazilərində aparılmış ciddi müşahidə təhlil və yoxlamaların nəticəsi olaraq hazırlanmışdır. Mərasimdə qeyd olunmuşdur ki, Sumqayıt və Lüdviqshafen şəhərlərinin30 ildən artıq tarixə malik qarşılıqlı əlaqələri Azərbaycanın dövlət müstəqilliyi əldə olunduqdan sonra daha da intensivləşmiş və Almaniyalı ekoloqların buradakı fəaliyyət dairəsi genişlənmişdir. Son illər Almaniya-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin Sumqayıt ofisinin yaradılması ekoloji sahədə aparılan işlərin yüksək surət və səmərəlilik kəsb etməsinə müsbət təsir göstərmişdir. Təqdimatda nümayiş etdirilmiş kadrlar Sumqayıtın çirklənmiş əraziləri ilə bağlı kadastrın tərtibat prinsipləri, toplanılan faktların zənginliyi, müşahidələrin aparılma metodikası və s. haqda tədbir iştirakçılarında əyani təsəvvür yaratmışdır. Diqqətə çatdırılmışdır ki, kadastrın hazırlanmasında Almaniyanın Lüdviqshafen və digər şəhərlərində ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı əldə olunmuş zəngin təcrübədən istifadə edilmiş, çirklənmiş sahələr yerdən və havadan izlənilərək öyrənilmiş, nəticələr xəritələrə, sonra isə kodlaşdırılıb nömrələnərək xüsusi kompüter sisteminə köçürülmüşdür. Çirklənmiş ərazilərin ətraf mühitə vurduğu zərər, yaratdığı təhlükə də dəqiqliklə qeydə alınmışdır. Kadastrın bir özəlliyi də ondan ibarətdir ki, Almaniya-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin ekoloq və ekspertləri şəhərin çirklənmiş ərazilərinin müəyyənləşdirilməsi ilə məhdudlaşmamış, bunun ətraf mühitə, həmçinin Xəzər dənizinə mənfi təsirlərini də araşdıraraq, mövcud vəziyyətin yaxşılaşdırılması üçün konkret təkliflər paketi ilə çıxış etmişlər. Təqdimat mərasimində xüsusi vurğulanmışdır ki, son dövrlərdə Sumqayıtda ətraf mühitə zərər verən müəssisə və qurğuların fəaliyyətinin dayandırılması, yeni və müasir təmizləmə qurğularının tətbiqi, şəhərin bir çox məhəllə və mikrorayonlarında, həmçinin kimya müəssisələrinin sıx yerləşdiyi sənaye zonasında yaşıllaşdırma işlərinin genişləndirilməsi, əhalinin ekoloji baxımdan maarifləndirilməsi məntəqədə ekoloji vəziyyətin nisbətən yaxşılaşmasına səbəb olmuşdur. Kadastrın müəllifləri və ekoloq-mütəxəssislər ətraf mühitin çirklənməsinə qarşı mübarizədə “Azərikimya” rəhbərliyinin onlara yardım göstərməyə hazır olmasından razılıqlarını ifadə etmişlər. Sumqayıtın ekologiyasının saflaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək kadastrın təqdimatı maraqla qarşılanmlış, ARDNŞ-nin Ekologiya İdarəsinin, “Azərikimya” İB-nin, qeyri-hökumət təşkilatlarının, şəhər ictimaiyyətinin nümayəndələri çıxış edərək, layihənin əhəmiyyətini vurğulamış, kadastr qrupu üzvlərinin əməyini yüksək qiymətləndirmiş, bir sıra konkret təkliflər irəli sürmüşlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər