Sumqayıtın tanınmış inşaat rəhbəri, istedadlı yazıçı-dramaturq Akif Həsənoğlunun 75 illik yubileyidir

1800

Bu gün Sumqayıtın tanınmış inşaat rəhbəri, istedadlı yazıçı-dramaturq Akif Həsənoğlunun (Zeynalovun) 75 illik yubileyidir
Ulu öndər Heydər Əliyev 1991-ci ilin çətin və ağır blokada dövründə Naxçıvanda yaratdığı, rayonlarda 7 idarəsi olan Tikinti-təmir Trestinin geniş və səmərəli fəaliyyətinə,  Muxtar Respublikaya tikinti materialları və yanacaqla, maşın-mexanizmlə göstərdiyi daimi köməyə görə Akif Zeynalova məktub göndərərək, ona xüsusi təşəkkürünü bildirmişdi.
Akif Zeynalov ötən əsrin 90-cı illərində cəbhə bölgələrinə daim silah-sursatla, inşaat materialları ilə, ərzaqla və s. yardım etməklə də Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirmişdir. O, bir kimyaçı və inşaatçı kimi ömrünün yarım əsrdən çoxunu Sumqayıt şəhərinin neft-kimya sənayesinin inkişafına həsr etmişdir.
Xalqımızın görkəmli oğlu Heydər Əliyev Naxçıvan Milli Məclisinin sədri kimi “Azmənzilsənayetikintitəmir” İstehsalat Birliyinin baş direktoru olan Akif Zeynalova ünvanladığı məktubda yazmışdı: “Hörmətli Akif bəy! Mən sizi şəxsən tanımıram. Ancaq Naxçıvana tikinti materialları və yanacaqla, maşın-mexanizmlə göstərdiyiniz daimi köməyə görə sizə təşəkkürümü bildirirəm. Burda inşa etmək istədiyiniz kərpic zavodu isə bu gün Naxçıvana daha çox gərəkdir. Hörmətlə:  Heydər Əliyev.”
…Akif Zeynalov 1942-ci il – oktyabrın 25-də Füzuli şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun məzunu olaraq, Sumqayıta 22 yaşında – 1964-cü ildə gənc mühəndis-mexanik kimi gələrək,  öz istedad və bacarığı, işgüzarlığı və əməksevərliyi ilə artıq 30 yaşında – 1972-ci ildə bir-neçə müəssisəni birləşdirən “Kimyasənaye” İstehsalat Birliyinin baş mexaniki vəzifəsinə yüksəlmişdi.
Sonralar “Sumqayıtkauçuk-təmirtikinti” Trestinin rəisi olan Akif Zeynalov ermənilərin Dağlıq Qarabağ iddiası ilə törətdikləri təxribatlar nəticəsində soydaşlarımızın qaçqınlıq, köçkünlük dövrünün başlayıb davam etdiyi 1988-90-cı illərdə hələ işğal edilməmiş, lakin çətin, ağır günlərini yaşayan sərhəd rayonlarına hər cür maddi-texniki yardımlar göstərmiş, əhalini işlə təmin etmək məqsədilə həmin rayonlarda – xüsusilə də Laçında, Füzulidə, Qubadlıda, Cəbrayılda Birliyin 50-dən artıq Təmir-tikinti idarəsini yaratmış, 1200-dən çox qaçqın-köçkünü işlə təmin etmiş, yüzlərlə qaçqın həmvətənimizə sığınacaq vermişdir. Xocalı qəsəbəsinə şəhər statusu verildikdən sonra orada aparılan geniş miqyaslı tikinti-abadlıq işlərində isə Akif müəllimin rəhbərlik etdiyi kollektivin yüzlərlə işçisi çalışmışdı.
Silahlı qarşıdurmaların, döyüşlərin gücləndiyi dövrlərdə Akif Zeynalov dəfələrlə sərhəd rayonlarında olmuş, Şuşaya, Laçına, Ağdama, böyüyüb boya-başa çatdığı Füzuliyə, həmçinin Xocalıya rəhbərlik etdiyi Trest tərəfindən həm silah-sursat, müəyyən materiallar, həm də ərzaq və sairə alınıb-aparılması üçün maksimum köməklik göstərməyə çalışmışdı. O, sonralar da neçə-neçə şəhid ailəsinə, döyüşçülərimizə yardımlar etmiş, kimsəsizlərə dayaq olmuşdur. Saray qəsəbəsindəki yeni, kifayət qədər böyük məscid də onun yardımı ilə tikilmişdir.
Ötən dövrün 90-cı illərinin sonlarında Akif Zeynalovun ən böyük və diqqətəlayiq xidmətlərindən biri də onun o zaman AzTV-də gənc istedadların üzə çıxarılmasında böyük rolu olan “7-17” telemüsabiqələrinin təşkili və populyarlaşmasında göstərdiyi maddi və mənəvi kömək idi. Fərəhli haldır ki, bu gün xalq tərəfindən sevilən, populyarlıq qazanmış bir çox  istedadların üzə çıxarılmasında onun bir sponsor kimi böyük rolu olmuşdur.
Akif Zeynalov nüfuzlu müəssisə rəhbəri olmaqla yanaşı ədəbi yaradıcılıqla da məşğul olmuş, 10-dan artıq pyes, film ssenarisi yazmışdır. İstedadlı yazıçı-dramaturq kimi 5 pyesi respublikanın bir-neçə teatrında tamaşaya qoyulmuş, onun ssenarisi əsasında Sumqayıtla bağlı ilk sənədli-bədii “Mənim ağ şəhərim” filmi çəkilmişdir. Həmin kəskin süjetli, həyatın acı reallığını əks etdirən filmə və Qarabağ mövzusundakı pyes və tamaşalara görə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülmüşdür. O, böyük bir trest, Birlik rəhbəri olmaqla yanaşı yazıçı-dramaturq kimi də çox məhsuldar işləyərək, 1991-95-ci illərdə “Mənim ağ şəhərim”, “Yanmış evin nağılı”, “Dəfn” pyeslərindən sonra “Qara daş”, “Oğurlanmış xalça”, “Tənha payız yarpağı”, “Qocalar evində”, “Dünyaxanım ev axtarır”, “Dost qeyrəti” kimi pyeslər də yazmışdır.  “Yanmış evin nağılı”, “Qara daş” pyesləri əsasında hazırladığı ssenarilər də ekranlaşdırılmağa hazırdır.
Bu gün kimyaçı və dramaturq Akif Həsənoğlu özünün 75 illik yubileyini qeyd edir. Yubilyarı mənalı, xalqa, Vətənə sədaqətlə yaşanmış ömrünün əlamətdar günü münasibətilə ürəkdən təbrik edir, ona həyatının bütün sahələrində uğurlar, möhkəm can sağlığı, xoş günlər, bu gün də böyük həvəs və ilhamla davam etdirdiyi yaradıcılığında yeni uğurlar arzu edirik!

Rəhman ORXAN.

P.S. Yaxşı olardı ki, Sumqayıtın ictimai təşkilatları, təhsil və mədəniyyət rəhbərləri, həm də onu yaxından tanıyan dost-tanışları son illər düçar olduğu ağır xəstəliyə də öz mətin iradəsi, qətiyyəti ilə qalib gəlmiş bu vətənpərvər, qayğıkeş, istedadlı, yaradıcı adamı əlamətdar yubiley günü münasibətilə təbrik etməyi unutmayaydılar.

Yubilyarın telefon N-si: (050) 340-88-88.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər