“Sumqayıt”la oyunda külək böyük rol oynadı” – Aftandil Hacıyev

1395

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının VII turunda “Sumqayıt”a evdə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Sumqayitxeber.com “Report”a istinadən bildirir ki, gənc mütəxəssis əvvəlcə görüş haqda danışıb…

– İlk növbədə, rəqibi uğurlu nəticələri münasibətilə təbrik edirəm. Görünən odur ki, “Sumqayıt” 10 xalı elə-belə yığmayıb. Çətin komandadır. Matça gəlincə, fərqli iki hissə oldu. İlk hissədə daha çox biz hücum etdik. Ancaq fasilədən sonra hesabı qorumaq üçün daha çox müdafiə olunduq. Bu 3 xal bizə çox önəmli idi. Çünki ötən tur acı məğlubiyyət almışdıq. Bundan sonra futbolçuları psixoloji durumdan çıxartmaq çətin idi. Ancaq sevindiricidir ki, oyunçular toparlandılar və lazım olan 3 xalı qazandılar.

Kevin Kubemba meydana çıxanda ona nə tapşırıq vermişdiniz və meydanda nə iş gördü?

– Komandaya ikinci hissədə daha çox müdafiə olunmağı tapşırmışdıq. Çünki üzü küləyə tərəf oynayırdıq və hesabdakı üstünlüyümüzü qorumalı idik. Müdafiə olunanda hücumçu öz keyfiyyətlərini göstərə bilmir.

Sizə elə gəlmirmi ki, “Səbail” külək amilini “Sumqayıt”dan daha düzgün dəyərləndirdi və bu, həlledici amil oldu?

 

– Ola bilər. Bu amilə görə taktiki cəhətdən hazırlaşmışdıq və istədiyimiz alındı. Hesab başqa cür də ola, “Sumqayıt” hesabı dəyişə bilərdi. Bu gün külək oyunda böyük rol oynadı. Matça hazırlıqda külək amilini nəzər almışdıq.

Ruslan Qurbanov penaltini vura bilmədi, sonra fərqləndi…

– Onun üzərində təzyiq var idi. Çünki bu çempionatda qol hesabını aça bilməmişdi. Cari mövsümdə ilk qolu idi. Penaltidən buna nail olmağı bacarmasa da, sonradan fərqləndi. Bu, Ruslana təzyiqi üzərindən atmaqda kömək olacaq.

“Səbail”in ilk dövrədəki nəticəsini necə dəyərləndirərdiniz?

– Daha pis də olardı, daha yaxşı da. Bu 10 xalı hər biri eyni səviyyədə olan rəqiblərlə matçlarda topladıq. Hazırda çempionatımızda aşkar autsayder yoxdur. Hətta hazırda son pilllədə gedənə də bunu demək olmaz. Bəlkə növbəti oyunlarda, gələn dövrələrdə üzə çıxacaq. Ancaq indi heç kim bunu deyə bilməz ki, bu komanda aşkar zəifdir. Topladığımız 10 xal qənaətbəxşdir. Bundan sonra işimiz daha çətin olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər