Sumqayıtlı gənc pianoçu beynəlxalq müsabiqənin qalibidir

750

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı və Musiqi Xadimləri İttifaqı tərəfindən 06-10 dekabr 2010-cu il tarixlərində Qara Qarayev adına Pianoçuların I Beynəlxalq Elmi-Ifaçılıq Müsabiqəsi təşkil edilib. Bakı Musiqi Akademiyasının 90 illiyinə və BMA-nın orta ixtisas musiqi məktəbi-studiyasının 30 illiyinə həsr olunmuş müsabiqədə birinci qrup iştirakçılar üçün 10-16 yaş həddi, ikinci qrup üçün 17-30 yaş həddi müəyyən olunub. Müsabiqə iki turdan ibarət olub: birinci turda iştirakçılar ifa edəcəkləri əsərlərin obraz və emosiya cəhətdən məzmununu, əsərə qarşı şəxsi münasibətlərini və nöqteyi-nəzərlərini, ifa interpretasiyası məsələlərini əks etdirən məruzə ilə çıxış edib, ikinci turda isə həmin musiqi əsərlərini ifa ediblər.

ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qırğızıstan, Küveyt, Tatarıstan, Özbəkistan və Türkmənistandan olan pianoçularında qatıldığı müsabiqədə BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin sədrlik etdiyi tanınmış pianoçulardan ibarət münsiflər heyətinin qərarına əsasən Azərbaycan Respublikasının Prezidentinin təqaüdçüsü, Sumqayıt Musiqi Kollecinin Fortepiano şöbəsinin II kurs tələbəsi Fuad Əlizadə kiçik yaş qrupunda (10-16 yaş) I yer tutub.

Onu qeyd etmək lazımdır ki, istedadlı gənc pianoçu F.Əlizadə bir neçə ölkəmiqyaslı müsabiqədə uğurla çıxış edib, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin Polşa Respublikasının Azərbaycandakı Səfirliyilə birgə dünyaşöhrətli polşalı bəstəkar, fortapiano üçün çoxsaylı qiymətsiz əsərlərin müəllifi, pianoçu Frederik Şopenin 200 illik yubileyi münasibətilə 11-13 may 2010-cu il tarixlərində Bakı şəhərində təşkil etdiyi “Uşaq və Gənclər üçün Şopen Müsabiqəsi”ndə I yerə (böyük yaş qrupunda) layiq görülüb.

Azərbaycan Respublikasının Prezidentinin 17 sentyabr 2010-cu il tarixli sərəncamı ilə musiqi sahəsində xüsusi xidməti qiymətləndirilərək adı “Qızıl Kitab”a yazılmaqla xüsusi aylıq təqaüdə layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər