Sumqayıtlı hüquqşünasın COVİD-li aprel xatirəsi…

1927
Hər bir feysbuk profilini bir xatirə dəftəri kimi görürəm. 55 illik həyatımın heç də xoş olmayan aprel xatirələrimi profilimdə bölüşmək istəyirəm. Ən əvvəl onu deyim ki, bu xoş olmayan xatirəni bölüşməkdə əsas məqsədim COVİDlə mücadilədə Uca Yaradanımın mənə göndərdiyi iki ağ xalatlı xilaskar mələyə minnətdarlığımı bir daha buradan da bəyan etməyi özümə borc bilməyimdir.
Aprelin ilk günlərində xanımımda COVİD əlamətlərinə oxşar narahatlıqlar yarandı. Həmişəki kimi İlk olaraq güvəndiyimiz və pandemiyanın ilk günlərindən COVİDli xəstələrin müalicəsinə cəlb edilmiş Şəbnəm həkimə müraciət etdik. Şəbnəm həkim ilkin əlamətlərə görə bir il qorxduğumuz və bütün vasitələrlə qorunduğumuz taclı virusa yoluxduğumuzu dedi və dərhal təcili yardım çağırıb yaxma analizi verməyimizi tövsiyyə etdi.
Yaxma analizinin cavabını gözləmədən (vaxt itkisi olmasın deyə) aprelin 4-dən Şəbnəm həkimin yazdığı reseptlə ilə müalicəyə başladıq. Ayın 9-da Şəbnəm həkim məni müayinə etdi və yanaşı xəstəliklərimə görə (şəkərli diabet, yüksək təzyiq və s.) xəstəxana rejimində müalicənin davam etdirilməsinin daha rahat olacağını dedi. Mən yalnız ona etibar etdiyimi və onun işlədiyi şöbədə müalicəmi davam etdirmək istədiymi bildirdim. Elə həmin gündən xanımımla xəstəxanada Şəbnəm həkimin nəzarəti ilə müalicəni davam etdirməyə başladım. Lakin, taclı düşmən nəzarətdən çıxmaq istəyir, müalicəyə mane olmaq istəyirdi. Əlavə oksigen dəstəyi təmin edilsə də, vəziyyət yaxşılığa doğru dəyişmirdi. Bu zaman Uca Yaradan ikinci xilaskar mələyi də mənim köməyimə göndərdi. Bu ağ xalatlı mələk həkim-reanimatoloq, xəstəxananın İTB-nin müdiri Aytən Abdullayeva idi. Xilaskarlarım dərhal qərar verdilər və məni reanimasiya palatasına yerləşdirib süni nəfəs aparatına qoşdular. 7 günlük çarpışmadan sonra yenidən palataya köçürüldüm və Şəbnəm həkimin nəzarəti ilə müalicəni davam etdirdim. Allahın izni və xilaskar mələklərimin gərgin fəaliyyəti nəticəsində mən 17 günlük stasionar müalicədən sonra artıq evimə, doğmalarımın yanına qayıtmışam.
Bu aprel xatirəmi həyatımın ən ağır günlərində məni əsrin bəlasından xilas etmiş həkimlərimiz haqqında ürəyimdən gələn və ən səmimi hisslərimi ifadə edən sözlərlə bitirmək istəyirəm. Şəbnəm həkimin ailəsi ilə 35 ilin qapı qonşusuyuq və onu körpəlikdən tanıyıram. Amma, 17 günlük xəstəxana müalicəm zamanı mən Şəbnəm həkimi yenidən tanıdım, onu kəşf etdim. Allahım Şəbnəmə özü boyda ürək verib, mərhəmət hissi verib! Şəbnəm mənim təsəvvür etdiyim, görmək istədiyim həkim obrazıdır, sanki! Şəbnəmi mənim gözümdə ucaldan mənə diqqəti və qayğısı deyil, bütün xəstələrə göstərdiyi münasibətidir. Mənimlə bir palataya uzaq bir dağ kəndindən ağır vəziyyətdə gətirilmiş bir xəstəni yerləşdirmişdilər. Onun müalicəsi də Şəbnəm həkimə tapşırılmışdı. İş günü ərzində Şəbnəm həkim dəfələrlə palataya gəlib onu yoxlayır, işdən sonra isə növbətçi tibb personalı ilə əlaqə saxlayır, onun vəziyyəti ilə maraqlanırdı. Onun vəziyyətinin çox pis olduğu iki gecəni demək olar ki, Şəbnəm həkim də yatmadı, növbətçi personaldan hər saatda bir dəfə xahiş edirdi ki, palatada xəstənin vəziyyətini öyrənib ona məlumat versinlər. Bir neçə gündən sonra həmin xəstənin vəziyyətində müsbət dəyişikliyə Şəbnəm həkimin sevinci məni lap kövrəltdi. Şəbnəm həkimin müalicə etdiyi xəstələrin onun haqqında dedikləri xoş sözlər çox qürurverici idi. Deməli, Şəbnəm həkim artıq rəhmətlik atası Azad qardaşın təsəvvür etdiyi kimi, görmək istədiyi kimi yetişib, formalaşıb. Hayıf ki, Azad qardaşa Şəbnəmin bu gününü görmək nəsib olmadı. Məzarı nurla dolsun! Allah Afət xanıma sağlıqlı uzun ömür versin ki, belə ləyaqətli övladı ilə daim fəxr etsin!
Mənim sağalıb doğmalarıma qovuşmağımda xüsusi əməyi olan, vaxtında harayıma çatan Aytən xanımı heç vaxt unuda bilmərəm. Çox vaxt həkimlər haqqında danışanda deyirlər şəfalı əli var. Məncə, şəfa ən əvvəl həkimin dilində olur. Daha konkret deyim, Aytən xanımın şəfası ən əvvəl dilindədir. Allahım, Aytən xanıma böyük bacarıq verib. Şirin, mehriban dil ilə xəstəni sağalacağına inandırmaq qabiliyyəti Aytən xanımın müalicəsinin azı 50 faizini təmin edir. Ən ağır günlərimdə, ağır anlarımda belə Aytən xanım mənim vəziyyətimin nə qədər kritik olduğunu mənə hiss etdirməyib. Edilən cəhdlərin sadəcə müalicə prosedurların bir tərkib hissəsi başa düşmüşəm. Əgər həmin anların mənim üçün necə təhlükəli olduğunu bilsəydim, yəqin ki, əlavə stress alar, panikaya düşərdim. Panika və stress isə koronanın dostudur.
Aytən xanımın ən ali insani və həkim keyfiyyətlərindən biri hamıya eyni səviyyədə və lazım olan qədər diqqət ayırması idi. İntensiv terapiya palatasında ən ağır, hətta ümidsiz xəstələr müalicə olunurdu. Aytən xanım işə gələn kimi hər bir xəstəyə yaxınlaşır, özünəməxsus danışıq tərzi ilə pozitiv enerji ötürürdü. Palatada slavyan mənşəli xarici ölkə vətəndaşı da müalicə olunurdu. Aytən xanım ona da xüsusi diqqət və qayğı ilə yanaşırdı. Bu palatanın iş rejimi nə qədər stresli, ağır olsa da, Aytən xanımın nurlu çöhrəsindən heç zaman yorğunluq sezilmirdi, xəstələrin əzablarını azaltmaqdan, onlara ümid verməkdən sanki dinclik tapırdı, zövq alırdı.
Çox vaxt düşünürəm ki, həkimlik xüsusi peşədir, təkcə çox oxumaqla, yaxşı oxumaqla yaxşı həkim olmaq mümkün olmaz. Həkim doğulmaq lazımdır. Həkimin canı, qanı mərhəmət hissi ilə yoğrulmalıdır. Həkim hər bir xəstəni hiss etməli, onun ağrı-acısını, əzabını onunla birgə yaşamalı, onunla əlbir olub xəstəliyi tezliklə məğlub etməlidir.
Mən şanslıyam ki, koronavirusla mücadilədə Ulu Yaradan mənim köməyimə Aytən xanım, Şəbnəb xanım kimi həkimləri göndərdi. Bir daha Ulu Yaradanıma min şükür edib xilaskar mələklərimə dərin minnətdarlığımı bildirirəm.
Mən koronavirusla mücadilədə iştirak edən bütün tibb personalının işini çox yüksək qiymətləndirirəm. Onlar öz həyatlarını riskə qoyaraq başqalarının əziyyətini azaltmaq üçün əlindən gələni edirlər. Mənə elə gəlir ki, artıq fərqlənən tibb işçilərini orden, medallarla mükafatlandırmaq zamanı çatıb. Bu müharibədir, gözəgörünməz düşmənlə müharibə! Tibb işçilərimiz bir ildir ki, gözəgörünməz düşmənlə vuruşurlar. Həyatlarını itirən tibb işçilərimiz də az deyil.
Hələ COVİD-19 müharibəsinin sonu görünmür. Bu yazını oxuyan hər kəsə səslənirəm: Allah sizləri bu bəladan qorusun. Amma, heç kim bundan sığortalanmayıb. Ətrafınızdakılardan yanaşı xəstəlikləri olan, yaşlı olan, orqanizmi zəif olan şəxslər yoluxarsa, evdə çox vaxt itirməyinə dəyməz, dərhal dövlət tibb müəssisələrinə müraciət etmək lazımdır. Dövlət tibb müəssisələri hazırda bu bəla ilə mübarizədə tətbiq eilən bütün dərman preparatları ilə təmin olunub. Tibb personalı kifayət qədər təcrübə toplayıb. Hər bir xəstəyə xüsusi diqqət və qayğı göstərilir. İstənilən halda xəstəxana rejimində xəstənin vəziyyətinə, müalicəsinə nəzarət etmək daha asandır.
Son illərdə səhhətimdəki problemlərlə bağlı dəfələrlə xəstəxana rejimində müalicə olunmuşam. Heç vaxt indiki kimi olmayıb. İndi xəstələr hər cür diqqət və qayğı ilə əhatə olunub, bu bəladan qurtulmaları üçün bütün imkanlardan istifadə olunur. Yüksək təşkilatçılığa, görülən zəruri tədbirlərə görə 1 saylı şəhər xəstəxanasının baş həkimi Mətləb həkimə, şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə xanıma dərin minnətdarlığımı bildirirəm.
Bu müqəddəs Ramazan ayında Uca Allahdan diləyim odur ki, özü bu bəlanı yer üzündən yox etsin!
Feyruz Şivəxanov
Hüquqşünas

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər