Sumqayıtlı vəkil cavab verir…

771
Sumqayıtlı tanınmış vəkil Anar Qasımlı “publika.az” saytının “Beşmərtəbə” layihəsinin qonağı olub.
Vəkil Anar Qasımlı sualları cavablandırıb. “sumqayitxeber.com” saytı olaraq sual-cavabları olduğu kimi təqdim edirik:
Dəyişmək istərdinizmi?
1. İllərin sürətini…
    – Yox. Allahın işlərinə qarışmıram və mümkün olmayan şeylərə baş qoşmuram.
2. Çevrənizi…
   -Yox.  Kiminsə çevrəsində olmaqdansa, öz çevrənin mərkəzində, hamıdan eyni məsafədə dayanmaq yaxşıdır.
3. Adınızı…
   – Yox.  Anar – heç kimi və heç nəyi unutmayan deməkdir.  Qorxuram ki, adımı dəyişsəm Onu unuda bilərəm.
4. Yaşınızı…
    -Yox,  hər yaşın öz gözəlliyi var.
5. Bədəninizi…
    – Yox. Buna da şükür.
Görüşməyi arzulardınızmı?
1.Yadplanetlilərlə…
   -Yox, özplanetlilərimizlə dil tapa bilmirik, qaldı ki yadplanetlilər ola.
2.İlk sevginizlə (ilk sevdiyinizlə)…
   – Hə, ancaq bir dəfə, ölümdən 24 saat əvvəl. Gəlsin desin ki, haqqımı halal etmirəm.
3.Məhəmməd Füzuli ilə…
   – Yox. Qoy, gözümdəki ucalıqda qalsın, adiləşməsin Füzuli.
4.Vanqa nənə ilə…
   – Yox. Yenə Nastradamusu desəydiniz, fikirləşmək olardı.
5.İlk insan olan Adəmlə…
   – Hə. Ondan soruşmaq istəyirəm ki, niyə tamahını saxlamayıb, kişiləri qadınların toruna salıb.
Darıxırsınızmı?
1.Uşaqlığınız üçün…
   – Yox. Mən heç uşaq olmadım ki, uşaqlığım müharibə dövrünə düşdü, nə bir oyuncağım oldu, nə də velosipedim. Amma indi öz uşaqlarımla birgə yenidən yaşayıram uşaqlıq dövrünü, ona görə də darıxmıram.
2.Uzaq bir yer üçün…
   – Hə. İşğalda olan yaxın uzaqlar üçün çox darıxıram, xüsusən də doğma kəndimiz üçün.
3.Dünyasını dəyişmiş kimsədən ötrü…
   – Hə. Onun üçün çox darıxıram.
4.Gələcəyi gözləməkdən…
   – Yox. Gələcəyi gözləyənlərdən deyil, gətirənlərdən olmağa çalışıram.
5.Bəzən səbəbsiz…
   – Hə. Bəzən səbəbsiz də darıxıram, onun üçün.
Oxuya bilirsinizmi?
1. Hər gün kitab…
    – Yox. Hər gün yox, arada bir. Hazırda Şəbnəm Karslının kitabını oxuyuram.
2. Hər səhər qəzet…
   – Hə. Ancaq elektron formada.
3. Elektron material…
   – Hə. Hər gün, hətta hər saat.
4. Mahnı…
  – Hə. Dostlarım deyir ki, “Sarı gəlin”i daha yaxşı oxuyuram. Bir dəfə Tiflisdə ermənilərlə mübahisəmiz düşdü, dedilər “Sarı gəlin” bizimdir, dedim boşboğazlıq etməkdənsə,  gəlin oxuyaq, görək kimindir. Oxuya bilmədilər.
5. İnsanları üzündən…
   -Yox. Bu həmişə alınmır, əksər insanların  üzü cərrahi və ya estetik müdaxiləyə məruz qalıb, hərfləri pozulub.
İnanırsınızmı?
1. Sevdiyinizə yüz faiz…
   – Hə. İnanmasam, sevmərəm.
2. Bəşəriyyətin xoşbəxt gələcəyinə..
    – Hə. Mən optimist nəslin nümayəndəsiyəm.
3.Allaha..
  – Hə. Hər şeyi yaradan var.
4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə..
   – Yox. İnanmıram. Vədə yetişəndə vədlər unudulur.
5.“Siz hamıdan yaxşı adamsınız” sözünə…
    – Yox. Özümü tanımırammı?
Publika.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər