Menu
Geri İrəli

“150 bal toplamış məzunların quracağı cəmiyyəti təsəvvür etmək istəmirəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2014 • Baxış sayı: 558 dəfə • Şərh yoxdur
Share Button

haciytyevBəxtiyar Hacıyev Azərbaycan təhsilinin uçuruma yuvarlanmasının səbəbləri və çıxış yollarından danışdı; “Müsbət Dəyişiklik” hərəkatının həmtəsisçisi İlham Əliyevə müraciət edib

 Azərbaycan təhsili bərbad vəziyyətdədir. Abituriyentlərin ali məktəb imtahanlarının nəticələrinə baxmaq kifayətdir ki, təhsilin hansı səviyyədə olduğunu görəsən.  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bu il açıqladığı rəqəmlər isə ötən illə müqayisədə daha bərbaddır, ölkə təhsilinin hansı gündə olduğuna işarədir, bilik səviyyəsinin deqradasiyaya uğramasının sənədlərlə dəlil-sübutudur.

Hətta təhsil nazirinin dəyişməsi də sistem dəyişikliyinə səbəb ola bilmədi. Baxmayaraq ki, dövlət proqramları çərçivəsində məktəblər tikilir, yeni-yeni binalar təhvil verilir, amma o məktəblərin içərisində keçirilən tədris heç də təmtəraqlı binalar kimi parlamır.
“Müsbət Dəyişiklik” hərəkatının həmtəsisçisi Bəxtiyar Hacıyev deyir ki, ali məktəblər orta məktəb bazasını təkmilləşdirmək yerinə daha da pisləşdirirlər. Onun sözlərinə görə, keçid ballarının aşağı düşməsi gələcəkdə müəllim, həkim, mühəndis peşəsində kimlərin olacağı təsəvvürünü yaradır. B.Hacıyev təklif edir ki, ilk növbədə ali məktəblərdə maliyyələşmə sistemi dəyişməlidir.
“Sabit maliyyələşdirmə əvəzinə performansa görə maliyyələşdirmə, məktəblərdə sərbəstlik, analitik və kritik yanaşma, məntiqin inkişaf etdirilməsinə ehtiyac var. 700 keçid balı üzərində 150 bal o deməkdir ki, 1,07 nəticə göstərilib. Bu isə o deməkdir ki, müsabiqəyə qoşulan abituriyent iki qiymət də yox, bir qiymət alaraq ali məktəbə qəbul olunur. Əgər geridə qoyduğumuz 10 ildə beş ballıq sistemdə abituriyentlər bir qiymət alıb, ali məktəbə daxil olursa, deməli, vəziyyət göz qabağındadır. 150 bal toplamış, sonra həkim, müəllim, mühəndis işləyəcək həmin məzunların quracağı cəmiyyəti təsəvvür etmək istəmirəm.
Bunun üçün maliyyələşmə sistemində dəyişiklik vacibdir. Hər universitetə dövlət tərəfindən sabit maliyyə ayrılır, tələbələr pulsuz təhsil alır, müəllimlər isə neçə tələbəyə və necə dərs deməyindən asılı olmayaraq sabit maaş alırlar. Bu da nə tələbədə, nə müəllimdə maraq oyatmır. Gördüyü işin keyfiyyətini artırmağa həvəs yaratmır,”- deyə B.Hacıyev qeyd edir.
Amerikanın Harvard Universitetində təhsil almış B.Hacıyevin fikrincə, Qərb bir çox məktəblərində şagird tutumu azdır, müəllim-şagird və şagird-şagird arası münasibətlər fərqlidir: “ABŞ və Avropa ölkələrində müəllimlər keçdikləri dərsləri mənimsətmək üçün dərsdən sonra şagirdləri qruplara bölür, onların fərdi şəkildə yox, komanda şəklində müəyyən tapşırıqları həyata keçirməsini təmin edirlər. Bu tapşırıqlar çox vaxt sosial fəaliyyətlərlə, əyləncə ilə müşayiət olunur ki, bu da oxumağı, təhsil almağı məktəblilərə sevdirir.
İkincisi, ABŞ-da bir çox böyük şəhərlərdə elm muzeyləri mövcuddur. Bu muzeylərdə bizim muzeylər kimi Nəsrəddin Tusinin fotosu və onunla bağlı yazılar yox, elmi məktəblilərə sevdirəcək xüsusi qurğular, otaqlar mövcuddur.
Məktəblilər müxtəlif eksponatlarla, oyunlarla fizika, kimya, biologiya, astronomiya və s. sahələrdə əsas qanunları öyrənir, həm də əyləncəli şəkildə onları təcrübədən keçirirlər. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevə online müraciət edərək Azərbaycanda da belə elm muzeylərinin yaradılmasını və məktəblilərin ora aparılmasını təklif etmişəm. Düşünürəm ki, Azərbaycan qısa zamanda orta və ali məktəblərdə tətbiqi elmlərə maraq oyatmasa, dünyada gedən texnoloji inkişaf yarışında çox geridə qalacaq”.
B.Hacıyev deyir ki, maliyyədən əlavə siyasi iradə olmalıdır ki, təhsildə islahatlar həyata keçirilsin, inkişaf olsun: “Problemin dərin kökləri var və kifayət qədər də həll yolları çoxdur.
Dünya təcrübəsində yetərincə proqramlar var ki, təhsili inkişaf etdirmək olar. Sadəcə, ən əsası siyasi iradə olmalıdır. Xaricdən təcrübəli mütəxəssislər cəlb edilə bilər, onlarla yüksək nəticə əldə oluna bilər. Siyasi iradə olsaydı məzunları 600-700 bal yığan türk liseyləri bağlanmazdı”.
B.Hacıyev danışır ki, yeni təhsil nazirinin gəlişi heç nəyi dəyişməyib. Onun dediyinə görə, xarici təhsilli kadrların universitetlərdə müəllim kimi işə cəlb olunması, kafedralara yerləşdirilməsi də problemi kökündən həll etmir:
“Universitetin marağı olmur ki, yenilik etsin, tədqiqat aparsın. İş bazarı ilə təhsil ocaqları arasında əlaqə yoxdur. Heç kim bilmir ildə Azərbaycanda neçə hüquqşünas, neçə həkim lazımdır. Orta məktəblərdə də eyni qaydada, yəni nəticədən asılı olmayaraq sabit maaş verilir. Performansa görə maliyyələşdirmə olmalıdır.
Müəllimlərin tez-tez attestasiyası keçirilmir, şagirdlərə bilgi əzbərlədirlər. Nəticə də belə olur, keçid balları aşağı düşür. Ümumiyyətlə, köhnə müəllimlərdən yenilik gözləmək doğru deyil,  o cümlədən Dövlət Pedaqoji Universitetin proqramında dəyişiklik olunmalıdır.
Ancaq Avropada şagirdlərə hədsiz sərbəstlik verilir, maraqları çərçivə salınmır. Hansısa tarixi əzbərləyən şagirdə yüksək qiymət verilmir.
Əksinə, ona imkan verilir ki, tarixi hadisəni öyrənsin, məsələyə standart çərçivədən baxmasın, analitik düşüncəsi inkişaf etsin. Beləcə, onlar yüksək məntiqli insan kimi yetişirlər. Ola bilsin ki, tarixi hadisənin harada və nə zaman olduğunu bilmirlər.
Ancaq informasiyanı idarə etməyi öyrənirlər. Çünki indi kiminsə tarixi məlumata ehtiyacı varsa internetdən əldə etmək mümkündür. Amma bizdə şagirdlərə informasiyanı yükləyirlər. Sonra hər şey yaddan çıxır. Eyni zamanda orta məktəblərin təhsil səviyyəsini qaldırmaq üçün maddi-texniki bazanın əhəmiyyəti var”.
Emil SALAMOĞLU, musavat.com
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın