Menu
Geri İrəli

Uşaqların məktəblərə qəbulunda yeni qaydalar

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyun 2014 • Baxış sayı: 502 dəfə • Şərh yoxdur

tehsil_nazirliyi_06
Azərbaycan Təhsil Nazirliyi ölkə daxilində I – IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi qaydalarını açıqlayıb. Təhsil Nazirliyindən
Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun yeni imzaladığı “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nda qeyd edilib ki, övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə) həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin qiymət cədvəli (təhsil aldığı fənlər üzrə cari qiymətlər barədə oxuduğu məktəbin direktoru tərəfindən verilmiş arayış) əlavə olunur.

Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif otağının ölçüsü şagird qəbuluna imkan verdiyi halda, onun bu məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi haqqında valideynə (digər qanuni nümayəndəyə) şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir.

Həmin arayış əsasında valideyn (digər qanuni nümayəndə) övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin kontingentə daxil olması barədə əmr verilir. Əmrin surəti şagirdin əvvəl təhsil aldığı məktəbə göndərilir və burada onun kontingentdən xaric edilməsi barədə əmr verilir.
Xüsusi tədris proqramları tətbiq edilən məktəb, lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, habelə həmin təhsil müəssisələrindən ümumtəhsil məktəblərinə şagirdlərin yerdəyişməsi bu qaydalar əsas tutulmaqla həmin müəssisələrin nizamnamələrinə uyğun həyata keçirilir.

Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün olmayan şagirdlər yalnız yerli məktəblərə keçirilə bilər.

Yerli məktəblərdə təhsil alan məcburi köçkün şagirdlərin məcburi köçkün məktəblərinə yerdəyişməsinə icazə verilir.

Məcburi köçkün məktəblərində təhsil alan məcburi köçkün şagirdlərin digər məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilir.

Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında dəyişmək istədiyi məktəbin yerləşdiyi rayon (şəhər) üzrə yerli təhsili idarəetmə orqanında baxılıb aşağıdakı hallarda razılıq verilir:

- yaşayış yeri ərazisində (kənd, qəsəbə, rayon, şəhər) yerləşən digər məktəbə keçdikdə;

- ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsi rəsmi sənədlərlə təsdiqləndikdə;

- valideynlərin (digər qanuni nümayəndələrin) uzun müddətə xaricə getməsi və ya digər səbəblərdən şagirdin valideyn nəzarətindən kənarda qalması rəsmi sənədlərlə təsdiq edildikdə;

- müxtəlif səbəblərdən xüsusi tədris proqramları tətbiq edilən lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində təhsilini davam etdirməsi mümkün olmadıqda.

Qaydalarda qeyd edilir ki, dərs ilinin ikinci yarımilində XI sinif şagirdlərinin digər rayon və şəhərlərin məktəblərinə yerdəyişməsinə Təhsil Nazirliyində baxılır.

Tabeliyindən asılı olmayaraq, ixtisaslaşdırılmış (hərbi, idman, müsiqi və s.) məktəblərdən şagirdlərin ümumtəhsil məktəblərinə və ya əksinə yerdəyişməsinə valideynin müraciətinə əsasən, Təhsil Nazirliyində baxılıb müvafiq qərar qəbul edilir.

Ümumi orta təhsil icbari hesab edildiyindən bu təhsil səviyyəsindən ilk peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş şagirdlərin ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə yerdəyişməsinə icazə verilmir.

Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında verilir.

Məktəbin rəhbərliyini rəsmi qaydada xəbərdarlıq etmədən şagirdin ölkədən xaricə getməsi məktəb direktorunun, sinif rəhbərinin və yerli icra hakimiyyətinin nümayəndəsinin iştirakı ilə tərtib edilən müvafiq aktla rəsmiləşdirilir, şagirdin şəxsi işi məktəbdə saxlanılmaqla onun kontingentdən xaric edilməsi barədə əmr verilir( Bu bənd ölkə üzrə icbari ümumi orta təhsilə tam keçdikdən sonra tətbiq olunacaq).

I – IX sinif şagirdinin valideyni (digər qanuni nümayəndə) övladının təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir. Ərizəyə şagirdin əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq olunmuş qiymət cədvəli və ya fənlər üzrə cari qiymətlər cədvəli əlavə olunmaqla şagirdin müəyyən dövrə qədər təhsil aldığı barədə arayış əlavə olunur. Nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü həmin şagirdin qəbuluna imkan verdiyi halda, o, məktəbin müvafiq sinfinə qəbul olunur.

Azərbaycan Respublikasına gələnədək ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagird həmin sənəd və valideynin ərizəsi əsasında nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda, məktəbin X sinfinə qəbul edilir.

Azərbaycanda məktəbə hazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdiriləcəklər.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun yeni imzaladığı “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nda öz əksini tapıb.

Qaydalara əsasən, üzrlü səbəb olduğu halda xəstəliklə bağlı müalicə, fövqəladə hadisə, xidməti ezamiyyə ilə əlaqədar valideynlərin (digər qanuni nümayəndələrin) başqa yerdə olması), dərs məşğələlərinin başlandığı tarixdən 1 (bir) ay müddətində uşağın I sinfə qəbuluna icazə verilir. Həmin müddətdən sonra I sinfə uşaq qəbulu aparılmır.

Uşağın I sinfə qəbulu barədə valideynin (digər qanuni nümayəndənin) ərizəsi müvafiq dərs ilinin ikinci yarımilindən etibarən növbəti dərs ili başlananadək məktəbdə qeydiyyata alınır. Uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbuluna təsir etmir.

Məktəbə hazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdirilir. I sinfə qəbul olunmuş, lakin uzun surən xəstəlik və digər üzrlü səbəblərdən məktəbə gəlmədiyi üçün biliyi qiymətləndirilməmiş şagirdin təkrar I sinif də oxumasına yol verilir.

I sinfi bitirmiş şagirdin təkrar I sinifdə oxumas yolverilməzdir.
Bu və ya digər səbəbdən müəyyən olunmuş müddətdə I sinfə qəbul
edilməyən 8 yaşdan yuxarı uşaqların təhsilə cəlbi “Fərdi təhsilin təşkili haqqında aydalar”a uyğun həyata keçirilir.

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq qaydalara uyğun aparılır.

Azərbaycanda orta məktəbin I sinfinə, ilk növbədə, məktəbin bilavasitə xidmət ərazisində yaşayan uşaqlar qəbul olunacaqlar. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun yeni imzaladığı “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nda öz əksini tapıb.

Qaydalara əsasən, şagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsi daxil edilir.

Komissiyaya məktəbin direktoru rəhbərlik edir. Komissiya müvafiq dərs ilinin ikinci yarımilindən etibarən fəaliyyətə başlayır. Komissiyanın iş günləri elan formasında valideynlərin (digər qanuni nümayəndələrin) diqqətinə çatdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar qəbul edilir. Ümumtəhsil məktəbinin direktoru yerli icra hakimiyyətinin nümayəndələri ilə birgə ərazi üzrə məktəb yaşına çatmış bütün uşaqların təhsilə cəlb olunması ilə bağlı zəruri tədbirlər həyata keçirir.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nı təsdiqləyib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yeni qaydalar uşaq və şagirdlərin Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə qəbulunun, habelə təhsil aldıqları müddətdə onların ölkə daxilində, eləcə də ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına yerdəyişməsi ilə bağlı məsələlərin tənzimlənməsini təmin etmək məqsədilə hazırlanıb.

Yeni qaydalar imzalandığı üçün Təhsil Nazirliyinin 27 sentyabr 2013-cü il tarixli 827 nömrəli əmri ilə təsdiq olunmuş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” qüvvədən düşmüş hesab edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın