Menu
Geri İrəli

Azərbaycan məktəblərində fənlərin sayı azaldıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyun 2015 • Baxış sayı: 669 dəfə • Şərh yoxdur

muellim22015-2016-cı dərs ilindən 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin siyahısı və 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamətinin tədris planları təsdiq edilib.

Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.

Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək.

Nazirliyin əmrində həmçinin, təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlərin görülməsi, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb. Bu məktəblər üçün fənlərin sayı 18-dən 13-ə azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub.

Pilot layihənin tətbiqində əsas məqsəd tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaqdan ibarətdir.

Layihənin nəticələrinin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib.

Təmayülləşmə dünyanın bir çox ölkələrində tətbiq edilir. Beynəlxalq qiymətləndirmə tədqiqatlarında yüksək nailiyyət əldə edən Sinqapur, Cənubi Koreya, Niderland, Polşa, Estoniya və bir sıra başqa ölkələrdə təmayülləşmə şagird nailiyyətlərinə müsbət təsir edən başlıca amillər sırasındadır. Məsələn, Sinqapurda şagirdlərin müxtəlif təmayüllərə bölünməsi VI sinifdən sonra aparılır və şagirdlərə müxtəlif istiqamətlərdə tədris proqramlarını seçmək imkanı verilir. Niderlandda təmayülləşmə 70-ci illərdən başlayaraq intensiv şəkildə tətbiq edilir. Böyük Britaniyada təmayülləşmə nəticəsində təhsilalanlara yuxarı siniflərdə az sayda fənn tədris olunur.

Ölkəmizdə təmayülləşmənin tətbiqindən gözləntilər aşağıdakılardır:
tədris prosesinin təşkilində şagirdlərin meyil və maraqları nəzərə alınacaq;
şagirdlər keçdikləri fənlərdən daha dərin biliklərə yiyələnəcək;
şagirdlərin öyrənmə motivasiyası artacaq;
ali təhsil pilləsi üçün ixtisas istiqamətini müəyyənləşdirmiş şagirdlər daha yüksək hazırlıq səviyyəsini nümayiş etdirəcək;
şagirdlərin əlavə müəllim hazırlığına ehtiyacı azalacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın