Menu
Geri İrəli

Birinciliyi ələ alan 70 yaşlı məktəb

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Avqust 2016 • Baxış sayı: 636 dəfə • Şərh yoxdur

gimnaziya2Təhsil hər bir millətin gələcəyi deməkdir.
Heydər Əliyev
Bu il Sumqayıt şəhərindəki Təbiət elmləri təmayüllü gimnaziyanın 70 yaşı tamam olur. 1946-cı ilin yanvar ayında Bakı Xalq Təhsil Şöbəsinin əmri ilə Bakı şəhərinin Sumqayıt rayonunda 145 nömrəli beynəlmiləl məktəbinin yaranması ilə bağlı əmr verilib. Məktəb elə həmin ilin sentyabr ayından ilk şagirdlərini qəbul edib. Məktəbin ilk direktoru Şeller soyadlı milliyyətcə alman olub.1949-cu ildə Sumqayıt, şəhər statusu adını alandan sonra 1952-ci ildə məktəbin hal-hazırda fəaliyyət göstərdiyi binası inşa olunub. Elə həmin vaxtdan da bu orta məktəb şəhərin 2 nömrəli məktəbi adlandırılıb. 1966-cı ildə 13 nömrəli məktəb tikiləndən sonra həmin məktəbə orta məktəb statusu verildiyinə görə 2 nömrəli məktəb 8 illik məktəb olub. 1990-cı ilə kimi 8 illik məktəb kimi də fəaliyyət göstərib və 1990-cı ildən gimnaziya statusu alıb. 1993-cü uldən isə bu gimnaziyaya Nizami Əhmədov rəhbərlik edir. Elə həmin ildən başlayaraq, Təbiət elmləri təmayüllü gimnaziyanın bütün uğurları Nizami müəllimlə və onun ətrafında olan yüksək bilikli, təcrübəli pedaqoji kollektivlə bağlıdır. Bu günlərdə gimnaziyada oldum. Gimnaziyanın divarları təhsillə bağlı bir-birindən maraqlı plakatlarla bəzədilmişdi. Məni ən çox da valeh edən 3 mərtəbəli binanın pilləkənlərinə yazılmış belə maraqlı atalar sözlər və aforizmlər oldu; “Əzmlə çalış, inamla irəlilə!”, “ Zaman heç kimi gözləmir”, “Heç vaxt təslim olma”, “Heç zaman özünü itirmə”, “Yaxın sirdaşınız kitablar olsun”, “İnanmaq bacarmaqdan yaxşıdır”, “Başqalarında qüsur axtarmayın”, “Verdiyiniz sözlərə sadiq qalın”, “Zamanınızı idarə etməyi bacarın”, “Üzr istəmək böyüklükdür”, “Güclülər deyil, iradəlilər qazanır”, “Öyrətmək-iki dəfə öyrənməkdir”, “Hər zaman gülərüz olun” və başqa bu kimi 30-dan artıq qızıldan qiymətli fikirləri şagirdlər hər dəfə pilləkənləri qalxdıqca oxuyur və beyinlərində yerləşdirirlər. Bu elə özu təhsillə bağlı təbliğatın ən gözəl nümunəsidir.
Gigimnaziyanı respublikanın ən aparıcı təhsil ocaqlarından biri etmiş və maarifçilik sahəsində böyük uğurlar əldə edən Nizami Əhmədovu çoxsaylı oxucularımızla daha yaxından tanış etmək istəyirəm.
Qısa arayış: Nizami Hüseyn oğlu Əhmədov 1952-ci ilin iyun ayının 24-də anadan olub. 1969-cu ildə orta məktəbi, 1974-cü ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika fakültəsini bitirib və təyinatla Sumqayıt şəhər 35 nömrəli Orta Texniki- Peşə məkətəbinə işə göndərilib. 1989-cu ilə qədər həmin məktəbdə fizika müəllimi işləyib. 15 il burada müəllim işlədiyi dövrdə Nizami müəllim bir sıra müsabiqələrdə və yarışlarda iştirak edib. Onun rəhbərlik etdiyi fizika kabineti “Fizika kabinələrinin Respublika müsabiqəsi”ndə I yerə, Ümumittifaq müsabiqəsində isə III yerə layiq görülüb. O həmin vaxt Azərbaycan Təhsil Nazirliyinin və SSRİ Dövlət Texniki – Peşə Təhsili Komitəsinin “Fəxri Fərman”larını alıb. Attestasiya komissiyasının qərarı ilə ona 1984-cü ildə “Metodist müəllim” adı və 1994-cü ildə isə “Ali kateqoriyalı müəllim” ixtisası kateqoriyası verilib. Onun rəhbərlik etdiyi “Gənc fiziklər” dərnəyinin üzvləri ilə hazırladığı eksponatlar SSRİ Dövlət Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş etdirilib və Nizami Əhmədov sərginin 2 bürünc və 1 gümüş medalına layiq görülüb. Nizami müəllim 1985-ci ildə hazırladığı “Özünü yoxla” adlı cihazla tələbələrin və gənclərin Moskvada keçirilmiş XII Ümumdünya Festivalında iştirak edib və festivalda fəal iştirak etdiyinə görə ona Ümuittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin “Təşəkkürnamə”si verilib. 1985-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyyətinin “Fəxri Fərman”ina, iki dəfə isə (1986,1988) Ümumittifaq İxtiraçılar və Səmərələşdiricilər Cəmiyyətinin “Əlaçı ixtiraçı və səmərələşdirici” döş nişanına layiq görülüb. O, 1989-1993-cü illərdə Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib. 1993-cü ilin aprel ayının 15-dən Sumqayıt Təbiət elmləri təmayüllü gimnaziyanın direktoru vəzifəsinə təyin olunub. Nizami Əhmədov bu məktəbə rəhbərlik etdiyi ilk ildən artıq bu təhsil ocaqı Sumqayıt məkətəbləri arasında təhsilin keyfiyyəti, təlim-tərbiyə, olimpiadalardakı çıxışlarına görə başqa məktəblərdən seçilib. Məhz buna görə də Təbiət elmləri təmayüllü gimnaziya Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2008-ci il və 06 avqust 2013-cü il tarixli sərəcamları ilə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Gimnaziyanın 10 müəllimi isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adına layiq görülüb. Gimnaziyanın 14 nəfər şagirdi isə Prezident təqaüdçüsüdür. Bu gimnaziyanın məzunu Elvin Vaqif oğlu Dadaşov 700 bal topladığına görə ona prezident İlham Əliyev 2 otaqlı mənzil hədiyyə edib. Nizami Əhmədov özü isə təhsil sahəsindəki böyük uğurlarına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə “Əməkdar Müəllim” fəxri adına layiq görülüb.
Eşidəndə ki, gimnaziyanın builki 42 məzununun hamısı ali məktəblərə və özü də yüksək balla qəbul olub, bununla da respublika məktəbləri arasında bu təhsil ocağı birinci pilləyə yüksəlib, bir sumqayıtlı və ziyalı kimi buna çox sevindim. Uzun illər uğurlarını izlədiyim və uğurlarına sevindiyim gimnaziyanın direktoru, Əməkdar müəllim Nizami Əhmədovla həmsöhbət oldum.
-Nizami müəllim, sizin bu gimnaziyanın başqa məktəblərdən fərqi nədir?
-Bizim məktəb yeni tipli məktəbdir. Bizim nizamnaməmizə görə burada yalnız “4” və “5” qiymətlərlə oxuyanlar təhsil ala bilərlər. Əgər bir şagirdin iki və daha çox fənndən “3” qiyməti olarsa başqa tam orta məktəbə köçrülür. 2011-ci ildən Azərbaycan Təhsil nazirinin əmri ilə respublikada 8 məktəbdə xüsusi istedadı olan şagirdlər üçün siniflər yaradılıb. Həmin məktəblərdən biri də bizim gimnaziya olub. Elə həmin vaxtdan da bizdə ibtidai siniflərə qəbul dayandırılıb. İndi bizim gimnaziyaya yalnız 5-ci sinifdən şagirdlər qəbul olunur. Ona görə də bizim məktəbdə həm gimnaziya siniflərimiz və həm də xüsusi istedadı olan şagirdlər üçün siniflərimiz var. Bu tədris ilində həmin xüsusi istadada malik şagirdlərin birinci buraxılışı olacaq. İnanıram ki, həmin vaxt nəticələrimiz daha yüksək olacaq.
-Artıq keçən tədris ili sona çatıb və sizin şagirdlər yüksək balla ali məktəblərə qəbul olublar. Sizin bu uğurlarınız haqqında Kütləvi İnformasiya Vasitələrində çoxlu yazılar çap olunub və televiziya proqramlarında deyilib. Bir sumqayıtlı ziyalı kimi bu məni də çox sevindirdi. Bu nəticələr sizi qane edirmi?
- Ümumiyyətlə son illər müəllimlərimiz də, şagirdlərimiz də yaxşı çalışırlar. Əgər siz tələbə qəbulu ilə bağlı “Abituriyent” jurnalının 12-ci nömrəsini oxusanız, görərsiniz ki, respublikada son 8 ildə müsbət dinamika ilə yüksələn məktəb yalnız bizim təhsil ocağıdır. Keçən il bizim orta balımız 551 bal idisə, bu il 593,5 olub. Bizim 42 nəfər məzunumuzun hamısı ali məktəblərə qəbul olub. Onlardan 27 nəfəri 600-dən çox bal toplayıb, 12 nəfəri isə 650-dən çox bal toplayıb. Ən yüksək balımız bu il oldu 691, 690 və iki nəfər də 685 bal topladı. Həmin 4 nəfərdən biz 700 bal gözləyirdik, lakin qismət olmadı. Builki buraxılışda da ən yüksək nəticələr göstərəcək şagirdlərimiz var. Biz onlarla da ciddi məşğul olacağıq. Bizim şagirdlər təkcə ali məktəbə qəbul olanda yüksək nəticələr toplamayıblar, onlar həm də respublika olimpiadalarında uğurlu nəticələr əldə ediblər. Məsələn ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı keçirilən təqdimat müsabiqəsində respublikada 5 nəfər şagird birinci dərəcəli diploma layiq görüldü ki, onardan biri də bizim şagird Aytac Əliyeva oldu. Ədəbiyyat biliciləri müsabiqəsində Sumqayıtdan respublikada iki şagird yer tutdu, onların ikisi də bizim şagirdlər oldu. Məktəblilərin fənn olimpiadasının respublika turunda 260 nəfər qalib şagirdlərdən 10 nəfəri bizim şagirdlər oldular. İldən-ilə uğurlarımız artır. Cənab Təhsil naziri Mikayıl Cabbarov iki il bundan qabaq Sumqayıta gələndə yenə də bizim qəbulumuz 100 faiz idi. 600-dən çox bal toplayan şagirdlərimiz 19 nəfər idi. Respublika olimpiadasında 5 şagirdimiz qalib olmuşdu. Keçən il onların sayı 7 və bu il isə 10 oldu. Axırıncı 4 ildə də qəbulumuz 100 faiz olub. Bu il ən aşağı bal toplayan şagirdimiz 359 bal toplayıb.
- Bu işdə xidməti olan hansı müəllimlərinizin adını çəkə bilərsiniz?
-Mən onların heç birini bir-birindən ayırmıram. Onların hamısı yaxşı işləyir. Əgər bizim məktəb respublika məktəbləri arasında iki dəfə ilin ən yaxşı məktəbi və 10 müəllimimiz də ilin ən yaxşı müəllimi olubsa, bu artıq hər şey deməkdir. 3 müəllimimiz- mən, təlim-tərbiyə işləri üzrə direktor müavini Məhəmməd Məmmədov və kimya müəllimi Xudaverdi İsmayılov Əməkdar müəllim fəxri adlarını almışıq. İki müəllimimiz- Fazil Ellazov və Həqiqət Abbasova “Tərəqqi” medalı alıblar. 5 müəllimimiz “Qabaqcıl maarif işçisi” döş nişanı alıb. Yəni bütün bunlar da müəllimlərimizin yaxşı işınin göstəricisidir. Bu il də məktəbimizin yaranmasının 70 yaşı tamam olur. Biz artıq yubileyə hazırlaşırıq. Yəqin ki, müəllimlərimizin əməyi bu yubileydə də qiymətləndiriləcək. Onu vurğulayım ki, yaxşı işımiz qüsurlarımızdan həddindən artıq çoxdur. Sevinirik ki, bu il respublikada ali məktəblərə qəbul zamanı 600-dən çox bal toplamış məzunu olan məktəblər arasında bizim məktəb birincidir. Son 10 ildə respublika məktəbləri arasında şagirdlərin bal toplamasına görə birinci beşlikdə olurduq. Bu il isə birinci yerə çıxdıq. Bu, müəllimlərimizin və şagirdlərimizin məktəbimizin 70 illik yubileyinə böyük bir hədiyyəsi oldu.
-Mənə elə gəlir ki, Sumqayıt şəhərinin 11 aydakı bu böyük abadlıq-quruculuq işlərindəki uğuruna da sizin təhsil sahəsindəki qələbəniz bir töhfə oldu.
- Cənab Prezidentimizin son illər təhsilə ayırdığı diqqət göz qabağındadır. Cənab Prezidentimiz həmişə deyir ki, “ Təhsil sahəsində səviyyə ən yüksək zirvədə olmalıdır”. Bax ona görə də çoxlu yeni məktəblər tikilib və yeni avadanlıqla təchiz olunub. Bu işlər Sumqayıtda da yaxşı yerinə yetirilir. Azərbaycanda gedən inkişaf isə göz qabağındadır. Belə inkişaf, mən deyərdim ki, dünya ölkələri içərisində Azərbaycanda daha sürətlə gedir. Cəmi 25 illik müstəqillik tarixçəsi olan bir ölkədə inkişaf İlham Əliyev cənablarının sayəsində nəhəng addımlarla yüksəlir.
Açığı, şəhərimizdə gedən bu son 11 aydakı böyük abadlıq-quruculuq işləri biz təhsil işçilərini də çox sevindirir. Zakir müəllimi biz çoxdan tanıyırıq. Onun Sumqayıtın İcra Hakimiyyətinin başçısı təyin olunmasına biz də çox sevinmişik. Onun övladları da vaxtı ilə bizim gimnaziyada təhsil alıblar. İki qızı bizim gimnaziyada müəllim işləyib. Zakir Fərəcov hələ Sumqayıt şəhərinin Bələdiyyə sədri olanda məktəbimizin istilik sistemini bələdiyyənin hesabına yüksək səviyyədə qurmuşdu. O, İcra Hakimiyyəti başçısı təyin olunduğu dördüncü günü bizim məktəbdə oldu. Məkətəbi gəzdi və öz tövsiyələrini verdi. Biz Zakir müəllimin məkətəbimizə gəlişindən sonra pedaqoji kollektivdə keçirdiyimiz iclasda belə bir şüar qəbul etdik: “Bu vaxta qədər insafla işləmişik, bundan sonra vicdanla işləyəcəyik”. Respublikamızın az da olsa, krizis keçirdiyi belə bir şəraitində Sumqayıtda gedən böyük uğurlar, həqiqətən, ağlasığmazadır. Şəhərin girişindən tutmuş dənizkənarı parkına və bütün mikrorayonlarına qədər hər yerdə böyük işlər gedir. Sumqayıt güllər, yaşıllıqlar, abad, yaraşıqlı binalar, geniş yollar diyarına çevrilir. Mən bağ massivində yaşayıram. Bizim yollar bərbad bir vəziyyətdə idi. Bu haqda dəfələrlə keçmiş şəhər rəhbərliyinə deyilsə də, heç kim fikir vermirdi. Zakir müəllimin bu şəhərə rəhbər təyin olunması ilə həmin yollar abadlaşdırıldı. İndi həmin yollar çox rahatdır. Hamı sevinir və deyir: “ Axır ki, bu şəhəri öz canından çox sevən bir insan, əsl sumqayıtlı bu şəhərə rəhbərlik etməyə başladı”. Təsəvvür edin ki, Zakir Fərəcov 3-4 il bunda qabaq Sumqayıta rəhəbər təyin olunsaydı, görün hansı işləri görə bilərdi?.. O, bu şəhərə rəhbər təyin oldunduğu ilk günlərdə təhsil işçiləri ilə keçirdiyi görüşdə demişdi ki, “Sumqayıtda təhsil həmişə birinci olub və bu estafeti hökmən geri qaytarmaq lazımdır”. Biz də öz əməyimizlə çalışdıq ki, onun dediyi bu sözləri öz işimizlə doğruldaq. Bəli, artıq Sumqayıt Təbiət elmləri təmayüllü gimnaziya respublika məktəbləri arasında tələbə qəbuluna görə birinci oldu. Tələbə qəbulu da hər bir məktəbin əsas- son göstəricilərindən biridir. Biz çalışacağıq ki, bu uğuru gələn il də əlimizdə saxlayaq. Buna bizim hər tərəfli imkanımız var.
Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi

Facebook Şərhləndirmə:

Şərhinizi yazın