Menu
Geri İrəli

“Bu il də ali məktəblərə keçid balları aşağı salınacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2014 • Baxış sayı: 3,797 dəfə • 1 şərh

imtahanSon illər ali məktəblərə qəbul imtahanları zamanı ixtisas seçiminə keçid balları aşağı salınır. Hətta ballar o qədər aşağı düşürülür ki, orta məktəbdə “kafi” ilə qiymətləndirilən şagirdlər belə, ali məktəbə çox asanlıqla qəbul olurlar. Analoji hadisə keçən il ən pik nöqtəsinə çatdı – I, II, IV qruplarda keçid balları 150-yə salındı ki, bu da ölkədə birmənalı qarşılanmadı…

Ekspertlər ötən il keçid ballarındakı endirimlərin bu il də təkrarlanacağına şübhə etmirlər.

Təhsil üzrə ekspert Vurğun Əyyub Modern.az saytına bildirib ki, keçid ballarının aşağı salınması TQDK-nın və hökumətin apardığı siyasətin nəticəsi kimi ortaya çıxır. Onun sözlərinə görə, balların aşağı salınması savadsız abituriyentlərin ali məktəblərə qəbul olması üçün münbit şərait yaradır.

“Bu da onların gələcəkdə ali təhsil almalarında, imtahan vermələrində problem yaradır. Son illər artıq əldə olunan diplomların da bir əhəmiyyəti qalmır. Universiteti bitirənlər işə düzələrkən yenidən imtahan verməli olur. Getdikcə cəmiyyətdə də “diplom mifi” sınmaqdadır. Hər bir abituriyent, hər bir valideyn dərk etməlidir ki, savadı olmayan bir kəsin ali məktəbə daxil olması hələ onun yaxşı mütəxəssis olması üçün əsas yaratmır. Orta təhsilimizin çox bərbad vəziyyətdə olduğunu nəzərə alsaq, müsabiqəyə buraxılmaq həddinin 280 baldan aşağı olmasını müsbət hal hesab etmirəm”.

Bu il ali məktəblərə keçid balının aşağı salınması ilə bağlı konkret proqnoz verə bilməyəcəyini deyən V. Əyyubdan fərqli olaraq digər təhsil eksperti Etibar Əliyev hər il təkrarlanan tendensiyanın yenidən baş verəcəyini deyir. Onun sözlərinə görə, balların aşağı salınması proseduru orta məktəb təhsilində dönüş olmayana kimi belə davam edəcək.

“Artıq 5 tədris ilinə yaxındır ki, orta məktəblərin nəticələrində hər hansı dönüş yaranmayıb. Təhlillər göstərir ki, 0-100, 0-200 bal toplayanların faizi sabit olaraq qalır. Bu təqribən 60%-ə yaxındır. Ali məktəblərdə plan yerlərinin boş qalmaması üçün ballar aşağı salınır. Bir neçə qrupda ballar aşağı salınır. Bu ilki qəbulda da balların aşağı salınması gözlənilir”, – deyə E. Əliyev qeyd edib.

Ümumi orta təhsildə əsaslı dönüşün olmadığını deyən ekspertin sözlərinə görə, yenə də dərsdən yayınma halları, şagirdlərin repititor xidmətlərindən istifadə etməsi keçid ballarının aşağı salınacağı fikrinin deməyə əsas verir.

E. Əliyev hesab edir ki, 150-400 bal toplayıb ali məktəbə daxil olan abituriyentlər yaxşı mütəxəssis kimi  yetişə bilmirlər.

“Əgər 700 ballıq klassik sistemlə müqayisə etsək, 700 bal “5”-dirsə, 350 bal təxminən “2,5” qiyməti ilə uyğun gəlir. Odur ki, xüsusilə pedaqoji ixtisaslarda, o cümlədən müəllim ixtisasında çox ciddi böhran var. Çünki ən aşağı bal toplayan abituriyentlər məhz müəllimlik ixtisasını seçirlər. Universitetlərdə çoxsaylı kafedraların yaradılmasında israfçılığa yol verilir. Nəticədə ali məktəblərin plan yerləri artırılıb. Ancaq elə ali məktəblər var ki, orada plan yerləri boş qaldığı üçün TQDK məcbur olub keçid ballarını aşağı salır. Ancaq bunun əks effekti ondan ibarətdir ki, 100, 150, 200 bal toplamış abituriyentlər yaxşı mütəxəssis kimi yetişə bilmirlər. 150, 200 bal toplayan gənclər o məzunlardır ki, onlar tənlik həll edə bilmirlər, cümlə təhlil edə bilmirlər, Nyuton qanunlarını bilmirlər. Təbii ki, onların mütəxəssis kimi yetişməsi də mümkün deyil”.

Bu ilki nəticələrin heç də ötən ilkindən yaxşı olmayacağını proqnozlaşdıran Etibar Əliyevin sözlərinə görə, xüsusən də əyalətlərdə vəziyyət heç də yaxşı deyil.

“Valideynlərin imkanları məhdud olduğundan şagirdlərə repititor tuta bilmirlər. Bu tendensiyanın təkrarlanması məktəb təhsilinin vəziyyətini əks etdirən güzgüdür. Hər dəfə keçid balları aşağı salınırsa, deməli məktəb təhsilində ciddi problemlər var. Çox böyük ehtimalla ötən ilki və ondan əvvəlki tədris illərindəki nəticələr təkrar olunacaq”.

Gültəkin ƏLƏSGƏR  

Facebook Şərhləndirmə:

““Bu il də ali məktəblərə keçid balları aşağı salınacaq”” yazısına bir cavab

  1. leyla deyir:

    2015 de ballar asagi dusecek ?Nolur cavablandirin.

Şərhinizi yazın