Menu
Geri İrəli

Dövlət məktəblərində ödənişli təhsil ləğv olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Yanvar 2015 • Baxış sayı: 756 dəfə • Şərh yoxdur
telebeler-imtahan-0verirleAzərbaycanda təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin təkmilləşdirilməsi, təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində atılacaq addımlar müəyyənləşib.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən Nazirlər Kabineti 2015-2016-cı illər ərzində mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanmasını təmin etməlidir.
Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə 2016-cı ildən başlayaraq, mütəmadi ali və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul və yerləşdirmə mexanizmini tətbiq etməlidir. Eyni zamanda Təhsil Nazirliyi 2016-cı ildə təhsil müəssisələrinin reytinq sisteminin yaradılmasını, Nazirlər Kabineti və Təhsil Nazirliyi 2018-2020-ci illər ərzində təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyətin verilməsinin normativ hüquqi bazasının yaradılmasını təmin etməlidir.
Təhsil eksperti Şahlar Əsgərov Bizimyol.info-ya açıqlamasında bildirib ki, əgər dövlət müəssisələrində ödənişli təhsili ləğv edirlərsə, bunu çox normal qarşılamaq lazımdır. Onun sözlərinə görə, bu Azərbaycanda ödənişli təhsilin ləğv olunması demək deyil: “Ödənişli təhsil olmalıdır. Ancaq dövlət müəssisələrində ödənişli təhsil ləğv olunmalı, dövlət hesabına verilməlidir. Özəl universitetlər isə valideynlərin – cəmiyyətin hesabına təhsil verməlidir. Bu çox normal haldır. Bu sərəncam Azərbaycan təhsilinin normal yola qoyulduğunu göstərir. Özəl təhsil cəmiyyətin təhsil almasında çox böyük köməklik göstərir. Yəni cəmiyyət həmişə yetişən gənc nəslin savadlı olmasında maraqlıdır. Ancaq təhsil çox böyük bir fəaliyyət növüdür. Dövlətin hər 100 gəncin 100-nü də ali təhsillə təmin etməyə gücü çatmaz. Ona görə dövlət özü universitetlər açmaqla bu yükün bir hissəsini öz üzərinə götürür. Gənclərin qalan hissəsi isə valideynlərinin hesabına ali təhsil alır”.
“Hədəf” Kursları MMC-nin təsisçisi Şəmil Sadiq isə sərəncama əsasən xarici ölkələrdəki sistemə keçdiyimizi deyir. Onun fikrincə, burada heç kimin ödənişli təhsil almayacağı nəzərdə tutulmur: “Bu sadəcə tələbələrin biliyinə uyğun olaraq ödənişsiz təhsilə çevriləcək. Bizim tələbələrimizdə adətən belə bir hal müşahidə olunur. Hazırlaşırlar, yüksək balla universitetə daxil olub, ödənişsiz təhsil alırlar. 4 illik təhsil müddətində isə o oxumur, kəsrlərlə, problemlərlə ili yola verir. Dövlətin belə tələbələrə ödənişsiz təhsil vermək borcu yoxdur. Valideynlər də bir müddət sonra övladının oxumadığını gördükdə, “niyə boş yerə pul tökürəm” deyə düşünürlər. Yəqin bu qərar birbaşa buna xidmət edəcək. Türkiyədə məsələn, burslu tələbələr var. İmtahanalarda topladıqları ballara, bilik səviyyəsinə görə tələbələr ödənişli və ödənişsiz təhsil almaq üzrə bölünürlər. Bu gün özəl universitetlərin özündə belə yaxşı oxuyan tələbəyə 100 faiz ödənişsiz təhsil vermək imkanları var və bu tətbiq olunur”.
Ş.Sadiq düşünür ki, verilən qərar sağlam icra olunarsa və cəmiyyətə düzgün çatdırılarsa, bunun heç bir ziyanlı tərəfi yoxdur. Sadəcə, oxu və təhsilini düzgün al: “Nə qədər tələbəmiz var ki, kəsrlə, bu imtahandan o biri imtahana qaça-qaça, 4 illik müddətin 1 ilini oxuyub, 3 ilini lazımsız şəkildə yola verərək yaşayır. Bunlar hamısı Boloniya sistemindən gələn hallardır. Düzdür, hər birimiz ilk öncə valideyn kimi düşünsək insana sadə görünə bilər. Ancaq dərinə baxdıqda, bunun nə məqsədlə həyata keçirildiyini düşündükdə görərik ki, tələbələr arasında düzgün və sağlam rəqabətin artırılmasına xidmət edən bir qərar ola bilər. Fikrimcə, kimlərin ödənişli oxuyub, kimlərin ödənişsiz oxuması universitetlərin üstünə düşən bir qərar olacaq. Yaxşı oxuyan tələbələrin ödənişsiz təhsil almaq şansı olacaq. Xarici ölkələrdə bu sistem var və tətbiq olunur”.
İqtisadçı ekspert Natiq Cəfərli sərəncamda müəyyən sualların cavabsız qaldığını deyib. Onun sözlərinə görə, sənəddə “mülkiyyət formasından asılı olmayaraq” qeydi ilə bağlı ortaya sual çıxır: “Özəl universitetlər nəyin hesabına özünü maliyyələşdirəcək və nəyin hesabına müəllimlərə maaş verəcək? Bu avtomatik olaraq özəl universitetlərin gəlir qaynaqlarını məhv etməklə nəticələnə bilər. Sərəncama əsasən mülkiyyəti özəl olan ali məktəblərin sonunun necə olacağı aydın olmur. Qəbulun ixtisaslar üzrə aparılacağı qeyd olunub. Bəs bu günə kimi necə olub? Bu günə kimi də qəbul ixtisaslar üzrə aparılıb. Abituriyentlər qəbuldan sonra ballarına uyğun olaraq ixtisaslar üzrə seçimlərini aparırdılar. Yəni bu məsələ də tam olaraq aydın deyil. Əgər özəl universitetlərə qəbul olmuş tələbələrin də təhsil haqqı dövlət hesabına ödəniləcəyi nəzərdə tutulubsa, bununla bağlı sərəncamda heç nə qeyd olunmayıb. Yaxşı olardı ki, sərəncamdan irəli gələn məsələlərə Təhsil Nazirliyi aydınlıq gətirsin. Çünki suallar həddindən artıq çoxdur. Özəl universitetlərin taleyi necə olacaq, ixtisas seçimi nə anlama gəlir və s”.
Təhsil Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, məsələylə bağlı mətbuat konfransı keçiriləcək və suallar cavablandırılacaq.
Aysel İsgəndərli
Facebook Şərhləndirmə:

Şərhinizi yazın