Menu
Geri İrəli

Magistraturaya imtahan verəcək bakalavrların nəzərinə

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Yanvar 2014 • Baxış sayı: 501 dəfə • Şərh yoxdur

imtahanBu il magistraturaya qəbul imtahanının birinci mərhələsinin martın əvvəlində, ikinci mərhələsinin isə mayın sonlarında keçirilməsi nəzərdə tutulur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildirilib ki, bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə yazı işini yerinə yetirməlidirlər (bu barədə ixtisaslaşmalar üzrə qəbul proqramları dərc olunanda məlumat veriləcək).

Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dillərini də seçə bilərlər.

Filologiya, dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.

Regionşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız alman dilini, regionşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olunmaq istəyən bakalavrlar isə xarici dil kimi yalnız fransız dilini seçməlidirlər.

Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladıqları bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır.

Qaydalara əsasən, ümumi intellekt səviyyəsini müəyyən edən test tapşırıqlarının bəziləri cavab variantları olmadan (açıq tipli) təqdim ediləcəkdir.

Bakalavrlar qəbul imtahanında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytında təyin olunacaq vaxtda “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu komissiyalarına müvafiq sənədlərin əsillərini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Qəbul imtahanının birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.

Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın