Menu
Geri İrəli

Özəl liseylərin əl yandıran qiymətləri

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2014 • Baxış sayı: 1,507 dəfə • Şərh yoxdur
Share Button

69842

“Çağ Öyrətim” liseylərinin fəaliyyəti dayandırıldı. Bununla da xeyli sayda şagird ordusu qərarla razılaşmalı olub, alternativ məktəblər axtarmağa başladı. Hazırda onların digər özəl lisey və məktəblərə yerləşdirilməsi üçün seçim aparırlar. 

Bu təbəqədən olan valideynlər isə dövlət məktəblərində təhsilin zəif olmasını əsas gətirərək, övladlarının özəl məktəblərdə oxumasını istəyirlər. Həmin valideynlər kimi deputat Fəzail Ağamalı da “Çağ Öyrətim” şirkətinə məxsus liseylərin bağlanmasından sonra öz nəvələrini özəl orta məktəblərə qoyacağını açıqlamışdı. Hətta liseylərin bağlanmasından sonra övladlarını hansı təhsil ocağında oxudacaqlarını seçim edə bilməyənlərə də uşaqlarını özəl məktəblərə qoymalarını məsləhət görmüşdü. Amma özəl məktəblərdə təhsilin səviyyəsi yüksək olsa da, qiymətlər ürəkaçan deyil. İllik xərclər orta aylıq əmək haqqından 10 dəfə, bəlkə də 20 dəfə çoxdur.

 

Modern.az saytı Azərbaycanda özəl orta təhsil məktəblərində illik təhsil qiymətlərini öyrənməyə çalışıb.

 

Bakıda fəaliyyət göstərən özəl orta təhsil müəssisələri və liseylərdə illik təhsil haqqına gəlincə, araşdırmamız zamanı məlum olub ki, lisey və məktəblərin hərəsinin müəyyənləşdirdiyi öz qiyməti var. Qısa araşdırmamız nəticəsində bəlli oldu ki, özəl orta məktəblər arasında təhsilin qiyməti 1500 manatdan 40 min dollaradək yüksəlir.

 

“The International School of Azerbaijan” məktəbində təkcə hazırlıq illik 11 min dollara başa gəlir. I sinifdən IX sinfədək isə təhsil haqqı 34 min dollardır. IX sinifdən yuxarı isə təhsil haqqı illik 40 min dollara (təxminən 31200 manat) yaxındır.

 

Xəzər Universitetinin tərkibində olan “Dünya” məktəbinin illik haqqı 5000 manatdır. Bu qiymətə daşıma servisi də daxildir. Məktəbə qəbul qiymətləri  Azərbaycan, rus, ingilis bölməsindən asılı olaraq dəyişir. Belə ki, Azərbaycan və rus bölmələrində təhsil 5000, ingilis bölməsində isə 6000 manatdır. Təbii ki, bu qiymətlərə yalnız təhsil və yemək daxildir. Kitablar, məktəbli forması, servis xidmətləri isə qiymətə daxil deyil. Əlavə xərclər haqqında məktəbə qəbuldan sonra məlumat verildiyini öyrənsək də, servis xidmətinin 60 manata başa gəldiyini dəqiqləşdirdik.

 

“Kaspi” Liseyində illik təhsil haqqı 4500 manatdır. Bu məbləğə tədris, dərnəklər, gündə bir dəfə yemək və məktəbli formasının verilməsi daxildir. Nəqliyyat xidməti üçün isə ayda 70 manat, illik isə 500 manat ödəmək lazımdır.

 

“Erudit” məktəbində – təhsil haqqı 4500 manatdır. Ödəniş il ərzində aparıla bilər. bütün özəl məktəblərdə olduğu kimi, bu məktəbdə də şagirdlərin məntiqləri yoxlanır, bilik səviyyələrinə görə seçilirlər. Məktəbin xidmət servisi var, lakin bu xidmət təhsilhaqqına aid deyil.

 

“Britaniya” Məktəbində isə illik təhsil haqları yerli və xarici müəllimlərin dərs deməsindən asılı olaraq dəyişir. Məsələn, burada 5-ci siniflər üçün yerli müəllimlərin dərs deməsi ilə əlaqədar olaraq illik təhsil haqqı 15 min, tədrisin xarici müəllimlər tərəfindən keçirilməsi ilə isə 18 min manata başa gəlir. 10-cu sinif şagirdləri üçünsə bu məbləğ 17-19 min manatdır.

 

“Bakı-Oksford” məktəbində illik təhsil haqları sinifdən asılı olaraq 12-14 min manat arasında dəyişir. Məbləğə tədris, məşğələlər, kitablar, məktəbli formasının verilməsi və gündə üç dəfə yemək daxildir. Burada I-VI siniflər üçün beynəlxalq təhsil istiqaməti üzrə illik qiymət 14 min 500, Britaniya istiqaməti üzrə isə 16 min 500 manatdır. Bu xərcə geyim, yemək daxildir. VI-XII siniflər üçün isə beynəlxalq istiqamət üzrə təhsil 15 min 500, Britaniya istiqaməti üzrə isə 16 min 500 manatdır. Yuxarı siniflərdə ödənişə yemək daxil deyil. Servis xidməti isə aylıq 150 manatdır.

 

“Qafqaz İbtidai Gimnaziyası”nda I sinifdən VI sinfədək illik təhsil haqqı 7 min 300 manatdır. Bu qiymətə dərslik, forma, yemək, dərnəklər daxildir. Övladını məktəbə servislə göndərmək istəyənlər isə ayda 230 manatından da keçməlidirlər.

 

“Avropa-Azərbaycan” məktəbində təhsil aşağı siniflər üçün illik 7 min, yuxarı siniflər üçünsə 8 min manatdır. Bu qiymətə tədris, dərnəklər, gündə 3 dəfə yemək, məktəbli firması, ölkədaxili ekskursiyalarda iştirak daxildir. Nəqliyyat xidmətinin qiyməti isə buraya daxil deyil, məsafəyə uyğun olaraq, nəqliyyat xidmətləri 60 manatla 120 manat arasında dəyişir.

 

“Evrika” təhsil müəssisəsində illik təhsil haqqı 5000, məktəbəqədər hazırlığın illik haqqı isə 3000 manatdır. Bu ödənişə gündə bir dəfə yemək, iki dəfə çay içmək daxildir. Aylıq nəqliyyat servisi 100 manata başa gəlir.

 

“Atatürk liseyi” isə sadalanan özəl orta məktəblər arasında bəlkə də ən ucuzudur. Belə ki, burada təhsil almaq üçün il ərzində 1500 manat ödəmək kifayətdir.

 

Bakı Dövlət Universitetinin nəzdində yerləşən “Gənc İstedadlar” məktəbində isə təhsil almaq pulsuzdur. Təhsil müəssisəsinə qəbul isə imtahan yolu ilə aparılır.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın