Menu
Geri İrəli

Qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər uğur hekayələrini danışdılar

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2016 • Baxış sayı: 808 dəfə • Şərh yoxdur

17349e5f993094b6dbd88442807d0bcfSon illər ərzində Azərbaycanda təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənib. Ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılıb. Bunun nəticəsidir ki, orta ümumtəhsil məktəblərindən məzun olmuş abituriyentlərin təhsil səviyyələri ildən-ilə artır. Artıq yalnız orta məktəb proqramı əsasında hazırlaşmış abituriyentlər də maksimum nəticəni (700 bal) göstərə bilirlər.

Bu il ən yüksək nəticə göstərən belə abituriyentlərin sayı 10 nəfərdir. Onlar bilik və bacarıqları ilə hər kəsin diqqətini çəkib. Həmin şəxslərin düşüncə tərzi, hadisələrə yanaşması və ümumi dünyagörüşləri də digərlərindən fərqlənir. Ona görə də onların ali məktəblərə hazırlıq mərhələsində keçdikləri yol, seçdikləri təhsil proqramını mənimsəmə metodları və bilik səviyyələri hər kəs üçün maraqlıdır. Bu məqsədlə həmin abituriyentləri redaksiyamızda bir araya gətirib söhbət etmək qərarına gəldik.
Bir neçə valideynin də iştirak etdiyi görüşdə tələbə adını qazanmaq asandırmı, yaxşı oxumağın və uğurlu nəticələrin sirri, yüksək bal toplamaq üçün məktəblidə lazım olan keyfiyyətlər və digər suallar ətrafında maraqlı müzakirə baş tutdu.

Fərid Nazim oğlu Hüseynov, 
II ixtisas qrupu, Bakı şəhəri, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunu:
- Fikrimcə, yüksək nəticə ilə tələbə adı qazanmaq heç də asan deyil. Bəlkə də bir çox məktəblilər fikirləşir ki, yuxarı siniflərdə repetitor yanına getməklə bu adı qazanmaq olar. Əslində belə deyil. Mən fərdi repetitor yanına getməmişəm, məktəbdə savadlı müəllimlərim olub və dərs prosesində onlardan öyrənməyə çalışmışam. Nəticə də gözlədiyim kimi olub. Düzdür, dostlarımdan, məktəb yoldaşlarımdan eşidirəm ki, bir çox orta məktəblərdə bu problem yaşanır. Yəni məktəblilər qəbul imtahanlarına hazırlaşarkən yuxarı siniflərdə fərdi hazırlıq müəllimlərinin yanına getməyə üstünlük verirlər. Ancaq ümumi təcrübə göstərir ki, hazırlıq müəllimlərinin yanına getmədən də universitetə daxil olmaq mümkündür. Sadəcə, hər bir məktəbli bilməlidir ki, tələbə adı qazanmaq, yüksək nəticə göstərmək 1 illik yox, 11 illik zəhmətin nəticəsidir. Ona görə də ali məktəbə qəbul olmaq istəyən hər bir məktəbli 1-ci sinifdən orta məktəbi bitirənə qədər bunun məsuliyyətini hiss etməli, gecə-gündüz yorulmadan çalışmalıdır. Belə olduğu halda bu ad özü səni tapacaq.
Digər vacib amil də odur ki, məktəblər savadlı, uşaqlarla işləməyi yüksək səviyyədə bacaran müəllimlərə üstünlük verməlidirlər. Söhbət fərdi repetitorlardan getmir, qeyd etdiyim kimi, məktəbdə də belə müəllimlərdən öyrənmək, yüksək nəticə göstərmək mümkündür. Düşünürəm ki, bu prosesdə dövlət nəzarəti daha da gücləndirilməlidir. Xarici təcrübəyə, xüsusilə yuxarı siniflərdə dərs deyən müəllimlərin bilik səviyyəsinə diqqət yetirilməlidir. Onların dərs zamanı, tədris proqramına uyğun olaraq öyrətdikləri hər hansı bir fənn və ya mövzu orta bilik səviyyəsi olan, konkret tələbə olmaq istəyən şagirdə kifayət etməlidir.

Tural Şəfahət oğlu Ağayev,
I ixtisas qrupu, Bakı şəhəri, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunu:
- Həyatda heç bir şey asan başa gəlmir, o cümlədən də tələbə adını qazanmaq. Hər bir müsbət nəticənin, qalibiyyətin kökündə gərgin əmək, tükənməz enerji və zəhmət dayanır. Uğur qazanmaq üçün zəhmətlə yanaşı, konkret olaraq arzu, istək olmalıdır və sona kimi bu istəyin dalınca getməyi bacarmalısan. Deyərdim ki, hər bir məktəbli, abituriyent tələbə adını qazanmaq istəyirsə, mütləq müəyyən şeylərdən imtina etməlidir. Ən əsası isə boş vaxtını faydasız işlərə, onun biliyinin artırılmasına mane olan vərdişlərə sərf etməməlidir. Bütün enerji təhsilə, biliyi artırmağa yönəldilməlidir. Xüsusilə yuxarı siniflərdə oxuyan şagirdlərin özlərinin bir sistemi, oxu qrafiki olmalıdır və buna mütləq əməl etməlidirlər. O zaman istirahət də mümkün olacaq, dərslərə yaxşı hazırlaşmaq da. Lakin aşağı siniflərdə vaxtına qənaət etmədən necə gəldi oxuyan məktəblilər də var. Onlar 5-ci sinifdən 9-cu sinfə qədər vaxtını itirib, sonradan sürət götürməyə çalışırlar. Bəzən imtahan qabağı bütün güclərini toplayıb gecə-gündüz oxuyurlar. Bu da istənilən nəticəni vermir. Təcrübə göstərir ki, on ilin, beş ilin dərs proqramını bir neçə ayda tam mənimsəmək olmur. Hər sinifin dərs proqramını elə həmin vaxt, tədris olunduğu müddətdə mənimsəmək lazımdır.
11 illik təhsil dövründə insan bəzən özündən asılı olmadan uğursuzluqlarla, müəyyən çətinliklərlə qarşılaşır. Gələcək abituriyentlərə demək istərdim ki, onlar belə hallarla üzləşdiyi zaman ruhdan düşməsinlər, məqsədlərinə çatacaqlarına inansınlar və davam etsinlər. Bu zaman çəkdikləri zəhmətin bəhrəsini mütləq görəcəklər.

Nadir Faiq oğlu Sultanlı,

I ixtisas qrupu, “Ankara məktəbi” məktəb liseyin məzunu:
- Yoldaşlarımız deyir ki, tələbə adını qazanmaq və yüksək nəticə göstərmək çətindir. Ancaq mən düşünürəm ki, bu, o qədər də çətin deyil, əksinə, asandır. Ona görə ki, 1-ci sinifdən başlayaraq valideynlərinin və müəllimlərinin dediklərinə əməl edən, ən azı gündə iki saat dərslərinə vaxt ayıran şagird sonda mütləq bu adın sahibi olacaq. O, eyni templə davam edərsə, 500 balı asanlıqla keçəcək. Bildiyimiz kimi, Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün bu nəticə yetərlidir. Keçid balı isə bunun yarısından da aşağıdır. Bəli, ən qorxulusu odur ki, hər hansı bir şagird qəbul üçün tələb olunan bütün fənləri mənimsəməyi axırıncı ilə, yəni 11-ci sinfə saxlayır. Demək, həmin abituriyent 11 ildə görülməli işi 1 ildə etmək istəyir. Təbii ki, bu, təhsildə mümkün deyil, hətta əks effekt verə bilir. Fərdi repetitorlar da belə şagirdlərə tam təminat vermirlər. Deməli, hazırlıq müəllimi də dərs proqramını ən azı orta səviyydə mənimsəyən şagirdə üstünlük verir.
Qəbul imtahanları zamanı bütün test tapşırıqlarına düzgün cavab yazmaq və ən yüksək nəticəni qazanmaq əlbəttə ki, çətindir. Bu, daha yüksək hazırlıq, son dərəcə diqqətli olmaq və 11 ildə qazandığın biliyi tapşırıqların icrasına yönəltmək bacarığı tələb edir. Deyərdim ki, 650-dən yuxarı bal toplayanların hər biri dərs proqramını yüksək səviyyədə mənimsəyib və çox savadlıdırlar. Ancaq hafizəsi daha güclü olanlar, diqqətini tam cəmləyə bilənlər bütün sualların – 120 testin hər birisinə düzgün cavab yazır. Çox şadam ki, mən də bu göstəricilərin hər birinə əməl etməyi bacardım.

Rəvan Rauf oğlu Nəzərəliyev,
I ixtisas qrupu, Xırdalan şəhər 5 saylı orta məktəbin məzunu:
- Mən tələbə adını qazanmağın çətin yox, daha çox zəhmət tələb etdiyini deyərdim. Həyatda istənilən məqsədə çatmaq üçün əziyyət çəkməlisən və buna sona qədər sinə gərməlisən. Məqsədə doğru orta məktəbin ilk illərindən addımlamaq lazımdır. Birinci sinifdən 11-ci sinfə qədər dərs proqramlarına əməl etmək, bütün tapşırıqları vaxtında icra etmək lazımdır. Bəzən uşaqlar da olur, bu ilin dərsini növbəti ilə saxlayırlar, xüsusilə də axırıncı siniflərə. Belə olanda onların işi bir az da çətinləşir. Ancaq eyni templə sona qədər oxusan, səndə güclü baza yaranacaq, ilk baxışdan çətin gələn bir iş sonda çözüləcək. Artıq abituriyent olanda dərsləri, tapşırıqları daha rahat mənimsəyəcəksən. Həm də onu xüsusi vurğulamaq istəyirəm ki, hər hansı bir zirvəni fəth etmək üçün güclü inamın olmalıdır. Əgər inam varsa, özünü daha güclü və bacarıqlı hiss edəcəksən. Bu da sənin uğurunu qaçılmaz edəcək.

Nurlan Rauf oğlu Nəzərəliyev,
I ixtisas qrupu, Xırdalan şəhər 5 saylı orta məktəbin məzunu:
- Mən qardaşımla əkizəm, həmişə Rəvanla bir yerdə hazırlaşmışıq, həm də eyni məktəbin məzunuyuq. Hazırlığımız da çox zaman birlikdə keçib. Bu, bizim işimizi xeyli asanlaşdırıb. Biliyimizin inkişafında və möhkəmlənməsində təcrübəmizi bir-birimizlə bölüşməyimiz böyük rol oynayıb. Öz aramızda hətta müzakirələr də edirdik: birimizin bilmədiyini digərimiz izah edirdi. Onu da deyim ki, hansı sualı və ya mövzunu müzakirə etmişiksə, o, yaddaşımızda daha bərk möhkəmlənib. Görünür, cavabını düzgün yazmadığım sualı qardaşımla müzakirə etməmişəm. Ona görə o, 700, mən isə 685 bal toplamışam.
Məqsədinə çatmaq üçün bütün dərs müddətində əziyyət çəkməlisən, son iki ildə əziyyətini birəbeş artırmalısan. O zaman illərlə qazandığın savadı öz beynində yerləşdirə bilərsən, daha doğrusu, biliyini sistemləşdirməyi və test tapşırıqlarına tətbiq etməyi bacaracaqsan. Bu zaman tələbə adını qazanmaq və yüksək nəticə göstərmək asanlaşacaq.

Orxan Əzim oğlu Zülfüqarov,
IV ixtisas qrupu, Şəmkir rayonu, Çinarlı qəsəbəsi 2 saylı tam orta məktəbin məzunu:
- Fikrimcə, insan üçün çətin iş yoxdur, o cümlədən tələbə adını qazanmaq da elə çətin deyil. Əsas odur ki, görəcəyimiz işə böyük məsuliyyətlə yanaşaq və onu həyata keçirmək üçün ardıcıl olaraq düzgün bölə bilək: nəyi necə və nə zaman əxz etməliyik?! Mən də orta məktəbdə oxuduğum müddətdə biliyimi sistemli şəkildə artırmağa üstünlük verdim. Düzdür, bu gün bizə tədris olunan dərs proqramı da sistemli tətbiq olunub. Burada şagirdlərin yaşı və neçənci sinifdə oxumasına uyğun dərs yükünün bölgüsü aparılıb. Bu mənada tələbə adını qazanmaq çətin deyil. Ancaq maksimum nəticəni göstərmək üçün bütün potensialını ortaya qoymalısan. Diqqətli və son dərəcə səbirli olmalısan ki, biliyini test tapşırıqlarına tətbiq etməyi bacarasan.
Mən şagirdlərə, gələcəyin abituriyentlərinə demək istəyirəm ki, savadlarını oxuduğu illərə bölərək artırsınlar, orta məktəbin son illərinə saxlamasınlar. Sadəcə olaraq, son bir ildə daha çox əziyyət çəkib 11 il ərzində öyrəndiklərini təkmilləşdirsinlər. Bu illər ərzində onlara çətin görünən və zəif öyrəndikləri fənn və ya mövzulara daha çox yer ayırsınlar. Bu zaman onların bir neçə il boyunca keçdikləri bütün dərslər çox aydın və şəffaf görünəcək. Abituriyentlər də instituta hazırlıq prosesində bunlara əməl etsələr, ən yüksək nəticəni göstərə biləcəklər.

Şahbaba Şahbala oğlu Məmmədov, 
II ixtisas qrupu, Bakı şəhəri, Nərimanov rayonu 
İ.Hacıyev adına “Tərəqqi” liseyinin məzunu:
- Orta məktəbdə oxuduğu müddətdə dərslərinə yaxşı hazırlaşan şagird üçün ali məktəbə qəbul olmaq elə də çətin deyil. Mən şəxsən məktəbdə oxuduğum müddətdə bu prinsipi əsas götürmüşəm. 9-cu sinifdə oxuyanda artıq 400-500-dən yuxarı bal toplayırdım. Onu da başa düşürdüm ki, 700 və ya ona yaxın balı toplamaq üçün daha çox çalışmalıyam. Belə də etdim, 10-11-ci siniflərdə dərslərə daha çox vaxt ayırdım və özümə inamım gündən-günə artdı. Tez-tez düşünürdüm ki, görəsən sonda – qəbul imtahanında bütün test tapşırıqlarına düzgün cavab yaza biləcəyəmmi? Tərəddüd etsəm də, inamım güclü olduğundan özüm özümə “hə” deyirdim, şükürlər olsun ki, elə də oldu.
Mən də repetitor yanına getməmişəm, Üç il “Hədəf” kurslarında təhsil almışam. Yaxşı nəticələr göstərdiyimə görə, orada ödənişsiz əsaslarla oxumuşam. Məktəbdə 10-11-ci siniflərdə müəllimlər özləri şagirdləri başa düşürlər və onların biliklərinə bələd olaraq əllərindən gələni edirlər ki, nəticə əla olsun. Dərsi də elə qururlar ki, oxuyan şagird bir az diqqət ayırmaqla onu çox yaxşı yadda saxlayır.

Təbriz Nazim oğlu Qasımov,
III ixtisas qrupu, Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbin məzunu:
- Tələbə olmaq asandır. Amma 700 bal toplamaq üçün aşağı siniflərdən dərslərə ciddi hazırlaşmaq lazımdır. Mən də 1-ci sinifdən etibarən bütün dərslərimi yaxşı oxumuşam. 8-ci sinifdə oxuyarkən hüquqşünas olmaq barədə məndə fikir formalaşdı. Nəticədə, 9-cu sinifdən etibarən bu istiqamətdə hazırlaşmağa başladım. Hüquqşünas ixtisasını seçdiyim üçün çalışacam ki, ədalətli hakim olum.
Hazırlıq ərəfəsində sosial şəbəkələrə heç bir marağım olmayıb. Amma bəzi intellektual oyunları oynamışam. Gecələr saat 9-da yatıb səhər 4-5-də dururdum. Dərslərimi də elə səhər tezdən hazırlayırdım. Testləri isə günün müxtəlif vaxtlarında, vaxtım olan zaman yerinə yetirirdim. Məktəb məşğələlərində müəllimlərim mənə daha çox sərbəstlik verirdilər. Deyirdilər ki, sən özün nə etmək lazım olduğunu daha yaxşı bilirsən. Düşünürdülər ki, məşğələlər mənim vaxtımı ala bilər. Özləri şərait yaradırdılar ki, evdə oturub dərslərimə daha ciddi hazırlaşım.
Ümumilikdə gün ərzində cəmi 3-4 saat dərslərimlə məşğul olurdum. Yəni saatlarla kitab üzərində oturmamışam. Belə demək mümkünsə, az oxuyurdum, amma diqqətlə oxuyurdum. Adam var ki, 500 ədəd testi 1 saata edir. Amma mən test edərkən dərindən düşünürdüm. Bütün variantları araşdırırdım. Qarşıma əvvəlcədən də məqsəd qoymuşdum ki, 700 bal yığacam. Müəllimlərim də buna inanırdı. Şükür ki, buna da nail oldum.
***
- Siz hazırlıq prosesində sosial şəbəkələrdən, smart telefonlardan necə qoruna bildiniz? Ən azı sizdən sonrakı abituriyentlər üçün seçdiyiniz metod maraqlı olardı!?
Bu sualımıza tələbə adını qazanmış gənclərin cavabları əsasən eyni oldu. Onlar sosial şəbəkə istifadəçisi olmadıqlarını və internetdən yalnız dərs proqramlarını izləmək və yeni məlumatlar almaq üçün yararlandıqlarını dedilər. Bununla belə, aralarında fikir ayrılığı olanlar da vardı. Məsələn, biri dedi ki, “mən nəinki kompüter, heç telefon da işlətməmişəm”, o biri isə “dərsə ayırdığım vaxtı sistemli tənzimlədiyimə görə telefondan istifadə etməklə bərabər, aktiv sosial şəbəkə istifadəçisiyəm”- deyə, qeyd etdi. Belə aydın oldu ki, hər bir şagird müasir texniki vasitələrin aludəçisi olmadan, ondan səmərəli istifadə edə bilər. Sadəcə olaraq, dərs proqramını mükəmməl mənimsəmək və əsas diqqəti kitablara yönəltmək lazımdır.
***
- Gələcəkdə hərəniz bir peşənin sahibi olacaqsınız. İxtisas seçimindən asılı olmayaraq, Azərbaycan xalqı üçün, dövlətimiz üçün nə etməyi planlaşdırırsınız, konkret məqsədinizi bilmək olarmı?

Orxan Zülfüqarov:
- 4-cü qrup üzrə hazırlaşdığım üçün həkimliyi seçmişəm. Xalqımıza layiqli bir həkim olmağa çalışacağam. Ölkəmizə xeyli sayda müasir tibbi avadanlıqlar gətirilib. Amma keyfiyyətli kadr çatışmazlığından bu avadanlıqları təyinatı üzrə işlədə bilmirlər. Ona görə də bu istiqamətdə ciddi çalışacam, bilgilərimi təkmilləşdirəcəm.

Fərid Hüseynov:
- Mən biznesin idarə edilməsi üzrə təhsil almağı düşünürəm. Çünki bir dövlətin iqtisadi gücü onun hərbi gücü qədər əhəmiyyətlidir. Hər zaman dövlətin inkişafını təmin etmək üçün həmin dövlətin iqtisadiyyat sahəsində savadlı kadrlara ehtiyacı var. Mən də ixtisasımı bu istiqamətdə davam etdirməkdən ötrü xarici dövlətlərin birində təhsilimi davam etdirməyi düşünürəm. Orada xarici təcrübəni mənimsədikdən sonra professional kadr kimi gəlib ölkəmə xidmət etmək istəyirəm.

Tural Ağayev:
- Bir çox texniki avadanlıqlar Azərbaycana xaricdən gətirilir. Ölkəmizdə mühəndislik sahəsində, xüsusən də bəzi avadanlıqların istehsalı ilə bağlı ciddi problemlər var. Mən də mexanika mühəndisi olaraq avadanlıqların istehsalı sahəsində çalışmaqla Azərbaycana xeyir vermək istəyirəm. Düşünürəm ki, 700 balın təsiri altına düşmək olmaz. Buna görə mən də 700 balı unutmaq istəyirəm. Bu günə qədər oxuduqlarımız səthi idi. Bundan sonra isə çox ciddi oxumalıyıq. Daha məsuliyyətli mərhələyə qədəm qoyduğumuz üçün hər şeyə sıfırdan başlamalıyıq.

Nadir Sultanlı:
- Mən də mühəndisliyi oxuyacağam. Düşünürəm ki, bu gün nəinki Azərbaycanda, bütün dünyada bacarıqlı mühəndislərə çox ehtiyac var. Odur ki, əldə etdiyim nəticə ilə arxayınlaşmaq istəmirəm. Bəzən insanlar ilk qalibiyyətdə “ulduz” xəstəliyinə tutulurlar. Əslində, bu, bizim üçün ilkin şansdır. Onu dəyərləndirməli və daha sanballı ideyalar ətrafında düşünməliyik. Bu sahədə özümü peşəkar səviyyəyə çatdırana qədər çalışacağam. Təbii ki, yaxınlarımı, xalqımı düşünərək ruhdan düşmədən təhsilimi davam etdirib çox uğurlara imza atacağam.

Rəvan Nəzərəliyev:
- Yoldaşlarımızın dediyi kimi, xarici ölkələrdən Azərbaycana müxtəlif sahələrə aid çoxlu texnoloji vasitələr gətirilir. Düzdür, bu gün ölkəmizdə də müxtəlif avadanlıqlar istehsal olunur. Demək olar ki, yerli istehsalın artdığını müşahidə edirik və son illər dövlət səviyyəsində bu məsələlərə daha çox diqqət yetirilir. Proseslərin avtomatlaşdırılması mühəndisi kimi, yeni texnologiyaların işlədilməsi, onların proqramlaşdırılması və ən əsası istehsalını ölkəmizə gətirmək istərdim. Ona görə təhsilimi yüksək səviyyədə davam etdirib biliyimi formalaşdırmaqla seçdiyim peşənin mütəxəssisi olacağam.
***
Sözsüz ki, abituriyentlərin bu nailiyyətində müəllimləri ilə yanaşı, valideynləri də böyük rol oynayıb. Odur ki, onlar da öz sevinclərini və fikirlərini bizimlə paylaşdılar.

Tamirla Hüseynova,
Fərid Hüseynovun anası:
- Fərid gecə-gündüz oxuyurdu. Ancaq istər-istəməz mənim narahatlığım vardı. Çünki oğlumu fərdi müəllim yanına qoymamışdım. Sonra məktəb müəllimləri ilə görüşdüm. Onlar Fəriddən tam arxayın olmağımı bildirdilər. Valideyn iclaslarında iştirak edirdim. Amma müəllimlər hər dəfə deyirdilər ki, Fəridin anası gəlməsə də olar. Çünki Fərid savadlıdır, bütün fənlərə yüksək səviyyədə hazırlaşır. Sonrakı mərhələdə mən də bunu müşahidə etdim və tam arxayınlaşdım. Oğlum sınaq imtahanlarında hər dəfə 650-dən yuxarı bal toplayırdı. Həmişə də deyirdi ki, qəbul imtahanında 700 bal toplayacam. Nəticə gözlədiyimiz kimi də oldu. Mən həqiqətən əmin oldum ki, Fəridin oxuduğu məktəbdə müəllimləri güclü olub və oğlumun potensialını yaxşı başa düşüblər. Hazırlıq prosesində olduğu kimi, ixtisas seçimində də Fəridə tam sərbəstlik verəcəm. Özü nə etmək lazım olduğunu yaxşı bilir.

Şahbala Məmmədov,
Şahbaba Məmmədovun atası:
- Şahbaba birinci sinifdən 11-ci sinfə kimi əlaçı idi. Onun əsas məqsədi oxumaq olub, başqa heç bir işlə məşğul olmayıb. Şahbabanın nailiyyət qazanmasının əsas səbəbkarı anasıdır. O, Şahbabanın dərsləri ilə 1-ci sinifdən 11-ci sinfə kimi məşğul olub. Təbii ki, bu uğurda müəllimlərinin də böyük rolu var. Şahbabanın ali məktəb seçimi Azərbaycan Diplomatik Akademiyasıdır. Ancaq bir məsələ var ki, orada pulsuz oxumaq imkanı yoxdur, illik ödəniş isə bizə görə çox yüksəkdir. Yaxşı olardı ki, 700 bal toplayan uşaqlar üçün güzəşt olunsun. Düzdür, deyirlər ki, orada birinci il təhsil haqqı ödənişsizdir, amma sonrakı illəri də nəzərə almaq lazımdır. Ona görə də seçim qarşısında qalmışıq.

Əzim Zülfüqarov,
Orxan Zülfüqarovun atası. Şəmkir rayonu 
Çinarlı kənd 2 saylı tam orta məktəbin riyaziyyat müəllimi:
- Orxan kiçik yaşlarından yaxşı oxuyub. Onunla təkcə orta məktəb proqramı ilə yox, genişləndirilmiş proqram əsasında məşğul olmuşuq. Hər gün evdən çıxıb birgə məktəbə gedəndə yol boyu dərs barədə danışırdıq. O zamankı hazırlıq metodunu indi dərs keçdiyim şagirdlərə də tətbiq edirəm. Dərslərə şifahi hazırlaşmaq, riyaziyyat fənninə xüsusi önəm vermək bizim başlıca məsələmiz olub. 700 bal toplamağı hələ Orxan 4-cü sinifdə olanda qərar vermişdik. Çünki Orxan özündən 3-4 sinif yuxarı şagirdlərin proqramını mənimsəmişdi, onlarla mübarizə aparırdı. Buna görə də artıq 9-cu sinifdə olanda 11-ci sinif proqramını tam qurtarmışdı. Ona görə belə etmişdik ki, uşaq 11-ci sinifdə çox yüklənməsin.
Orxanın hazırlığı üçün özüm hər gün 3 saat vaxt ayırırdım. Onun saat yarımını riyaziyyata sərf edirdik, digər saat yarımı isə o biri fənlərlə məşğul olurdu. Şifahi sual-cavab edirdik. Buna görə də Orxanın 700 bal toplayacağına inanırdım.

Rauf Nəzərəliyev,
Rəvan və Nurlan Nəzərəliyevlərin atası:
- Əgər uşağın qanında, canında oxumaq varsa, istər telefon işlətsin, istərsə də internetə girsin, o oxuyacaq. Rəvanla Nurlanın qazandığı bu nailiyyət bizim ailədə ilk uğur deyil. Onların böyük qardaşları da bir neçə il əvvəl 677 balla universitetə daxil olub. Uşaqların müəllimlərinə böyük təşəkkür edirəm. Məktəbdə müəllimlərinin, evdə də valideynlərinin rolu böyükdür. Özlərinə də həmişə demişəm ki, oxusanız, cəmiyyət içinə çıxacaqsınız, oxumasanız, qara fəhlə olacaqsınız. Onlar da qarşılarına məqsəd qoyub oxudular. İxtisas seçimlərinə gəldikdə isə mən onların qarşısında heç bir sərhəd qoymamışam. Özləri hansı sahəni seçirlər, onunla da məşğul olsunlar. Ta ki, cəmiyyətimiz, dövlətimiz üçün faydalı, vətənpərvər insanlar olsunlar. Adları hər zaman yüksəklərdən gəlsin.
***
Qeyd edək ki, builki qəbul imtahanlarında 700 bal toplayan digər abituriyentlər Səbinə İsmayılova, Elvin İsayev və Ağalətif Lətifov bəzi səbəblərdən müzakirələrdə iştirak etmədilər. Bununla belə, onlarla telefon əlaqəsi yaradıb ümumi fikirlərini öyrəndik.

Səbinə Emil qızı İsmayılova, 
IV ixtisas qrupu, Qazax rayonu, Canallı kənd orta məktəbin məzunu:
- Məktəbdə hər zaman fərqlənən şagird olmuşam. Özümdən kiçik olan iki qardaşımın dərslərini hazırlamaqda onlara həmişə kömək etmişəm. Riyaziyyatı digər fənlərdən çox sevsəm də, uşaq vaxtlarından həkim olmağı arzulamışam. Valideynlərim də, müəllimlərim də mənim bu arzuma həmişə dəstək olublar. Buna görə də bəzən dayanmadan, dincəlmədən oxuyub, hazırlaşmışam ki, hamının ümidini doğruldum. Hər bir fənni eyni dərəcədə, eyni məsuliyyətlə oxumağa çalışmışam. Ailəmizdə həmişə elmə, təhsilə, savada böyük önəm verilib. Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisası üzrə təhsil almaq istəyirəm.

Ağalətif İsaq oğlu Lətifov,
IV ixtisas qrupu, İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin məzunu:
- Azərbaycan Tibb Universitetinə daxil olmağı qarşıma məqsəd qoymuşdum. Hazırlıq dövründə, xüsusən də 10-11-ci siniflərdə 4-cü ixtisas qrupu üzrə qəbul imtahanlarına düşən fənlərə daha çox üstünlük verdim. Amma təkcə yuxarı siniflərdə yaxşı oxumaqla yüksək nəticə əldə etmək olmaz. Bunun üçün gərək bütün siniflərdə yaxşı oxuyasan. Uşaq həkimi olmaq istəyirəm. Azərbaycan Tibb Universitetini bitirdikdən sonra təhsilimi xaricdə davam etdirməyi nəzərdə tuturam.

Elvin Manaf oğlu İsayev,
III ixtisas qrupu, Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunu:
- Ən yüksək nəticəni ciddi hazırlaşmağım nəticəsində əldə etdim. 3 il idi ki, gecə-gündüz çalışırdım. Sosial şəbəkələrdən, internet saytlardan uzaq idim. Nəticədə məqsədimə çatdım. İmtahanda da hər şey ürəyimcə oldu. Atam hərbçi olduğuna görə, mən də bəzi hallarda işimdə qətiyyətli olmağa çalışıram.

Elgün MƏNSİMOV,
Elnur HADIYEV,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın