Menu
Geri İrəli

Sumqayıt məktəbində sirli pullar: var, yoxsa yox?

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2013 • Baxış sayı: 586 dəfə • Şərh yoxdur

Orta məktəbdə pul yığılması valideynlərin qəzəbinə səbəb olub

Sumqayıt şəhərindəki təhsil ocağından Milli.Az-a daxil olan şikayətdə deyilir ki, Təbiət Elmləri Təmayüllü Gimnaziyada şagirdlərdən pul yığılır:

“Övladım Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyada təhsil alır. Bu yaxınlarda yeni təhsil naziri fond pulunun ləğv edilməsi barədə qərar vermişdi. Qərardan sonra liseydə pul yığılmırdı. Amma təzəlikcə məktəbin direktoru yeni qayda qoyub: hər uşaq hər ay 3 manat pul ödəməlidir, özü də yay tətilinə düşən aylarda da. Bunu valideynlərə müqavilə imzalatdıraraq edir. Guya valideyn həmin pulu könüllü olaraq məktəbə bağışlayır. Məktəbdə 1300 uşağın oxuduğunu nəzərə alaraq bu qədər pulun haraya, nəyə və niyə yığıldığı maraqlıdır. Üstəlik, direktor pul verə bilməyən valideynləri uşağı məktəbdən atacağı ilə hədələyir”.

Şikayətçi yazır ki, imtahan qabağı hər uşaqdan “kağız pulu” qismində 1 manat yığılır: “Kağızın qiymətinin 3 qəpik olduğunu bilirsiniz? Direktor özünə haqq da qazandırır, deyir ki, guya 4 məktəbdə pul yığmağa icazə verilib, onlardan da biri Təbiət Təmayüllü Liseydir. Bu, nə dərəcədə doğrudur? Belə bir şey ola bilərmi?”

Özünü gimnaziyanın direktor müavini kimi təqdim edən xanım Milli.Az-a açıqlamasında belə bir halın olmasını inkar etdi və direktorun məsələyə bir neçə dəqiqə sonra cavab verəcəyini dedi. Lakin üstündən bir neçə saat keçməsinə baxmayaraq, valideynlərin ittihamına cavab verən tapılmadı.

Məktəb rəhbərliyinin cavabını ala bilməsək də, şagirdlərdən pul yığılması ilə bağlı şikayətə Təhsil Nazirliyi münasibət bildirdi. Nazirliyin mətbuat xidmətinin Milli.Az-ın sorğusuna cavabında deyilir ki, qeyd edilən təhsil müəssisəsində bu cür halların baş verməsi barədə Təhsil Nazirliyinə məlumat daxil olmayıb. Valideynin “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun qaydada Təhsil Nazirliyinə rəsmi müraciəti əsasında qeyd olunanların ətraflı və obyektiv araşdırılması mümkündür.

Anar Məmmədov
Milli.Az

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın