Tahir Mirkişili: "Dünyanın gələcəyi üçün insanın yaradıcı və yenilikçi olması vacib əhəmiyyət daşıyır"

1654

VI Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu oktyabrın 26-da işini davam etdirir.

Forumun “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə” mövzusuna həsr olunan ikinci sessiyasında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində heç kimin geridə qalmaması prinsipinə əsaslanaraq maraqlı tərəflərin prosesə cəlb edilməsi və bütün səviyyələrdə səmərəli iştirakının təmin olunmasına dair müzakirələr aparılır.

Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, dünyada baş verən hadisələr inkişafın yetərli olmadığını göstərir, bunun üçün sabitliyin təmin edilməsi vacibdir. Dünyanın gələcəyi üçün insanın yaradıcı və yenilikçi olması, əməkdaşlığa meyilliliyi vacib əhəmiyyət daşıyır. DİM-in hazırlanmasında cəmiyyətin bütün təbəqələrinin iştirak etdiklərini vurğulayan T.Mirkişili bildirib ki, buna görə də bu məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsi zəruridir. Dünyada orta yoxsulluq həddinin 1990-cı ilə nisbətən iki dəfə azaldığını deyən deputat qeyd edib ki, cəmiyyətin inkişafı yoxsulluq anlayışının əhatə dairəsini dəyişdiyini göstərir.

Müasir texnologiyaların inkişafı nəticəsində mərkəzində insan olan yeni idarəetmə fenomeninin yaradıldığını qeyd edən T.Mirkişili bildirib ki, Azərbaycan DİM-də əksini tapan hədəflərin bir çoxuna nail olub. Azərbaycanda son 15 ildə yoxsulluq on dəfədən çox azalıb. Azərbaycanda ailə təsərrüfatının inkişafı, özünüməşğulluğun təminatı istiqamətində dövlətin yürütdüyü siyasət bu sahədə də mühüm uğurların qazanılmasına təminat yaradır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər