Tahir Mirkişili: “ Milli Məclis sədrinin göstərişi ilə ilk dəfə olaraq iclasa…”

837

Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə büdcə müzakirələri başlayıb. İlk olaraq parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış etdi.

Komitə sədri bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən “Büdcə sistemi haqqında” Qanununun 12-ci maddəsinə müvafiq olaraq “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi və Büdcə Zərfinə daxil olan digər qanun layihələri Milli Məclisin müzakirəsinə təqdim olunub. Eyni zamanda “Büdcə sistemi haqqında” Qanununun 15-ci maddəsinə müvafiq olaraq zərfə daxil olan layihələrə dair Hesablama Palatasının hazırladığı rəy deputatlara təqdim edilib: “Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hökumət üzvlərinin və müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə qanun layihələri geniş müzakirə olunub. Milli Məclis sədrinin göstərişi ilə ilk dəfə olaraq iclasa Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların, o cümlədən müxalifət partiyalarının sədrləri və nümayəndəsi dəvət olunmuş və onlara peşəkar müzakirələr üçün geniş imkanlar yaradılmışdır. Belə bir imkan Büdcə Zərfinə daxil olan layihələrin ətraflı müzakirəsinin inkluzivliyini təmin etməklə yanaşı dövlət başçısı tərəfindən ölkədə aparılan siyasi islahatların Ali Qanunverici Orqanda reallaşmasının növbəti bir addımı olmuşdur”.

T.Mirkişili qeyd etdi ki, 2020-ci il 8 noyabr tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi iləqəhrəman Azərbaycan ordusu torpaqlarımızı azad edəndən sonra işğaldan azad edilmiş ərazilərin geniş təhlili aparılıb: “Aparılmış təhlillər ölkəmizin bu ərazilərdə 3 böyük faciə üz-üzə qaldığını müəyyən etmişdir. Urbisid – şəhər və kəndlərimizin məhv edilməsi, kultosid – mədəniyyət abidələrinin məhv edilməsi, ekosid – təbiətin və ekologiyanın məhv edilməsi faciələri hazırda dünyanın ən böyük faciələrindəndir. Cari ildə Azərbaycan dövləti bu faciələrin aradan qaldırılması üçün sürətli işlərə başlamış, qısa müddət ərzində xeyli işlərin görülməsinə nail olunmuşdur. Ərazilərin minalardan təmizlənməsi, bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün lazımi şəraitin təşkil edilməsiistiqamətində miqyaslı işlər davam etməkdədir. Qısa müddət ərzində Şuşada mədəniyyət abidələrinin bərpası, Füzuli Beynəlxalq aeroportunun, yol infrastrukturunun işə düşməsi qurucu niyyətimizin, iradəmizin və gücümüzün yenidən bütün dünyaya nümayişi oldu”.

Komitə sədri ardınca qeyd etdi ki, 2021-ci ildə əksər ölkələr tərəfindən geniş vaksinasiya tədbirlərinin həyata keçirilməsi, karantin rejiminin çevik şəkildə idarə edilməsi, fiskal dəstək paketlərinin davam etdirilməsi, dünya bazarlarında tələbin bir qədər genişlənməsi ilə əmtəə qiymətlərinin artması – dünya iqtisadiyyatının tənəzzüldən çıxaraq bərpa dövrünə keçməsinə imkan yaradıb: “Belə ki, 2020-ci ildə 3%-dən çox azalan Qlobal ÜDM-in 2021-ci ildə 5.9% artacağı proqnozlaşdırılır. Bunula belə yeni infeksiya dalğalarının mövcudluğu, vaksinlərin əldə olunamsına qeyri-bərabər çıxış, qlobal təhcizat zəncirində qırılmalar və gecikmələr, yüksələn borc və inflyasiya göstəriciləri iqtisadi inkişafın qarşısında əsas təhlükələr kimi qalmaqdadır. Dünyanın aparıcı maliyyə təşkilatlarının proqnozuna əsasən müxtəlif ölkələr üzrə bərpa prosesinin sürəti – peyvəndləmə səviyyəsindən, səhiyyə sisteminin durumundan, iqtisadiyyatın strukturundan və diversifikasiya səviyyəsindən, fiskal dəstək tədbirlərinin səmərəlilik dərəcəsindən – asılı olacaq. Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən birgə təsdiq olunan plana əsasən pandemiya ilə effektiv mübarizənin davam etdirilməsi üçün hər bir ölkə üzrə əhalinin 2021-ci ilin sonunadək minimum 40%-i tam vaksinasiya olunmalıdır”. T.Mirkişili dedi ki, Azərbaycan üzrə bu göstərici artıq 44%-dən çoxdur: “Təhlillərə görə pandemiya dövründə dünya ölkələrində səhiyyə və təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, investisiyaların rəqəmsal texnologiyalar və yaşıl iqtisadiyyata yönəldilməsi, inkluziv cəmiyyətin və iqtisadiyyatın təkmilləşdirilməsi mühüm roy oynayacaqdır. Bu mənada Azərbaycanda rəqəmsal transformasiyanın, Qarabağ və Şərqi Zəngəzurda yaşıl iqtisadiyyatın inkişaf prioriteti kimi seçilməsi ölkəmizə xeyli üstünlük qazandıracaq”.

E.Paşasoy,

Musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər