Taleh Məmmədov – terrorun qurbanı.

1690

Taleh Məmmədov ( 1988 – 2009 ) – Azərbaycan Dövlət Neft Akademiyasında baş verən məlum terrorun qurbanı.

30 aprel Azərbaycan Neft Akademiyasında baş verən terror aktı savadlı, gələcəyi parlaq, Azərbaycanın atributuna çevrilən neft sahəsinə gərəkli kadr olacaq gəncləri sıralarmızdan apardı. Gül bayramı filanla bu dəhşəti bizə unutdurmaq istəyənlər bu ağrını duymadı. Söhbət gələcəyimizdən və dövlətimizdən gedir.

Azərbaycan Dövlət Neft Akademiyasının qaz-neft-mədən fakültəsinin 4-cü kurs tələbəsi Taleh Tariyel oğlu Məmmədovun faciəli hekayəti.

O, 2 yaşından atasız böyüyüb

Taleh Məmmədov 1988-ci ilin 26 mayında Sumqayıt şəhərində anadan olub. Ailədə iki qardaş olublar – Taleh, Turqut. Talehin anası Südabə xanım Sumqayıt Dövlət Universitetində müəllimə işləyir. Həmişə danışıb-gülən, zarafatcıl Taleh lap uşaqlıqdan atasız böyüyüb. Amma onun yaxınları bunu ancaq onun ölümündən sonra biliblər. Ailənin maddi cəhətdən imkanları məhdud olduğundan Taleh həm oxuyur, həm işləyirmiş.

Taleh kompyuter ustası idi. Dostları deyir ki, mərhum kompyuteri əla bilirmiş. Akademiyada kompyuterlərə nəzarət edirmiş. Fakultələrinin saytını yaratmağa hazırlaşırmış. Eyni zamanda ADNA ilə üz-üzə olan kompyuter mərkəzində çalışırmış. Həmin günü Akademiyaya “Dell” markalı noutbuku ilə gəlibmiş. Kreditə götürdüyü noutbukunun hələ ki, kredtini də tam ödəməyibmiş. Akademiyada baş verən faciə zamanı noutbuk it-bata düşüb. 5-ci mərtəbədə 1530-cu otaqda stolun üstünə qoyulan noutbuk yoxa çıxıb. Bəziləri noutbuku polis əməkdaşlarından bir nəfərin götürdüyünü desə də, bu günə qədər tapılmayıb. Dostlarını və yaxınlarının isə noutbuku axtarmaqda məqsədləri var. Axı mərhuma məxsus bütün sənədlər və şəkillər bu noutbukda imiş.

 

Almaniyada magistr təhsili almaq istəyirmiş

Neft quyularının işlənməsi və istismarı ixtisasına sahiblənəcək Taleh təhsilini Almaniyada davam etdirmək istəyirmiş. Orta məktəbi əla qiymətlərlə başa vuran Taleh əlaçı tələbə kimi təqaüd alırmış. Samir deyir ki, Taleh bizə Masallıya qonaq gəlmək istəyirdi. Deyirmiş ki, diplomunu alan kimi Masallıya qonaq gələcək: “Taleh çox çalışırdı. O qədər arzuları var idi. Heyf.. güllə səslərinə aşağı düşəndə Savalanın meyidini ikinci mərtəbədə gördüm, amma Talehlə Ayazı görmədim. O, xəstəxanada keçinmişdi”

 

Taleh xəstəxanada son nəfəsinə qədər kömək istəyib

Həmin gün imtahan var imiş. Səhər dərsə gələn kimi birinci Zöhrabdan imtahana necə hazırlaşdığını soruşub: “Mənə dedi ki, əla hazırlaşıb. Sonra noutbukunu stolun üstünə qoyub aşağı düşdü. Bilmirəm nəyə görə. Elə aşağıda da güllələndi. Güllə onun boğazından girib kürəyindən çıxmışdı. Həkim deyirdi ki, şah damarı zədələnib. Qanı dayanmadan axırdı. Qanını saxlamaq olmurdu. Güllə dəyəndə Taleh üzüstə yıxılmışdı, üzü, alnı göyərmişdi, dişi də sınmışdı. Həkim gələnə qədər onu müəllimlər otağa çəkdilər. Dayanmadan deyirdi ki, “kömək edin”. Elə xəstəxanada da son nəfəsinə qədər belə deyib”.

Zöhrab dostunu xəstəxanada da axtarıb. Deyir ki, Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasında (Semaşko) onun paltarlarını tapıb: “Talehin paltarını görən kimi tanıdım. Soruşdum ki, bu paltarın sahibi hanı? Dedilər ki, paltarın sahibi ölüb…” Dostları Talehin hündürboy, yaraşıqlı olduğunu deyirlər: “182 sm boyu olan Talehə güllə necə olub ki, boğazından dəyib, kürəyindən çıxıb. Axı terrorist boyca ondan çox kiçik olub”.

Məlumatlar wikipediya.org saytından götürülmüşdür

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər