Tanınmış yazıçı-jurnalist Eyruz Məmmədovun yeni romanının təqdimatı keçirilib – FOTOLAR

710

urğun adına Sumqayıt şəhər Mərkəzi kitabxanasında Azərbaycanın Əməkdar jurnalisti Eyruz Məmmədovun yeni əsərinin – “Zöhra və Kənan” romanının təqdimatı keçirilib.
Azərbaycana qarşı uzun illər Ermənistanda və Dağlıq Qarabağda, eləcə də respublikamızın Bakı və Sumqayıt kimi iri şəhərlərində törədilən erməni-daşnak təxribatlarının tədqiqi və ifşası yolunda 1988-ci ildən başlayaraq yorulmadan, vətənpərvər bir jurnalist məsuliyyəti ilə çalışan Eyruz yalnız yaşayıb-yaratdığı Sumqayıtda deyil, bütünlükdə respublikada və onun xaricində də yaxşı tanınır.
Hələ ötən əsrin 90-cı illərində Azərbaycanın görkəmli, unudulmaz kinorejissoru Davud İmanovla birgə işləyib-hazırladıqları, ermənipərəst Sovet rejiminə, daşnakların mənfur xristian həmrəyliyi ilə Qərb dövlətlərində ölkəmizə qarşı törətdikləri siyasi fitnələrinə, saysız təxribat və faciələrə kəskin etiraz, tutarlı cavab olan “Sumqayıtın əks-sədası” (“Exo Sumqaita”) sənədli filmi ilə xalqımızın ideoloji mübarizəsinin daim ön xəttində olan Eyruz sonralar “Sumqayıt: azadlığın əks-sədası”, “Cəbhə bölgəsində”, “Sumqayıtın bir axşamı” adlı sənədli filmlərin ssenarilərini, həmçinin Azərbaycan, rus, ingilis, alman və fransız dillərində nəşr olunmuş bir çox tarixi əhəmiyyətli əsərlər yaradıb.
Qarabağ və erməni-daşnak mövzularını daim diqqət mərkəzində saxlayaraq, bu sahədə araşdırmalarını ardıcıl olaraq davam etdirməklə yanaşı Eyruz son illərdə ədəbi yaradıcılıqla da məşğul olur. Onun “2-ci paralel”, “Anata”, “P.S“, Dama Pika”, “Mister Riç” və digər kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
Mərkəzi kitabxanaının direktoru Yeganə Əhmədova Azərbaycanın Jurnalistlər Birliyinin və Rusiya Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvü, Həsən bəy Zərdabi adına və “Araz” ali-bədii mükafatlar laureatı olan Eyruz müəllimin yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat çatdıraraq, yeni əsəri – “Zöhra və Kənan” romanı ilə oxucuların görüşünə gəlmiş müəllifi təbrik etmiş və sözü ona verib.
Eyruz Məmmədov XXI əsrin tarixə siyasi və dini toqquşmalar, ixtişaşlar, yüz minlərlə insanın ölümünə səbəb olan qanlı müharibələr, təbii fəlakətlər əsri kimi daxil olmasından narahatlığını ifadə edərək, bütün bəşər faciələrinə səbəb dünya hegemonluğu uğrunda mübarizə aparmaqla daha çox müsəlman ölkələrinin xalqlarını qırğına, dəhşətli faciələrə məruz qoyan imperiyaların – ABŞ və Rusiya olduğunu bildirmiş, bunun təsdiqi olaraq həmin dövlətlər tərəfindən Əfqanıstanda, İraqda, Suriyada, Fələstində fitnəkarlıqla başlanaraq uzun illərdir ki davam edən müharibələri danılmaz, ağrılı faktlar kimi göstərmişdir. Bildirmişdir ki, məhz irticaçı, işğalçı imperiya qüvvələrinin müsəlman ölkələrinin, onların xalqlarının ardıcıl olaraq məhvinə yönəlmiş mənfur, iyrənc, alçaq niyyətləri onu hər zaman narahat etdiyindən bu mövzuda əsər yazmalı olub.
Qeyd edilmişdir ki, romandakı hadisələr 20 ilə yaxındır ki müharibə və saysız-hesabsız terrorların davam etdiyi, Amerikanın qanlı çanağa, ölüm məskəninə çevirdiyi İraqda – bu qədim müsəlman, Şərq ölkəsində, onun şəhər və kəndlərində cərəyan edir. Müəllif dahi Azərbaycan şairi Məhəmməd Füzulinin bir zamanlar yaşayıb-yaratdığı, indi yəqin ki müqəddəs məzarı da dağıdılmış İraqda xalqın müsibətlərini ürək ağrısı ilə qələmə almış və bir azərbaycanlı yazıçı kimi bu müsəlman ölkəsinin faciələrini Bakıdan olan jurnalistin – Kənan Əlixanlının bilavasitə iştirakı ilə təqdim edərək, xalqımızın bu ölkədə baş verənlərdən kənarda qalmadığını, Bağdadda və digər qədim şəhər və kəndlərdə müsəlman qardaşlarımızın məqsədyönlü şəkildə məhvinə yönəlmiş məkrli, azğın imperiya planlarına biganə olmadığını göstərməyə çalışıb.
Azərbaycanlı jurnalist, nüfuzlu telekanallardan birinin əməkdaşı olan Kənanın İraqa səfəri əsas etibarilə öz peşə borcuna sadiq qalaraq, çalışdığı telekanalın tapşırıqlarını yerinə yetirmək olsa da, o, bir zaman BMT-nin Bakı nümayəndəliyində çalışmış, lakin Qızıl Aypara və Qızıl Xaç təşkilatının xətti ilə İraqa tibbi yardım apararaq, orada naməlum şəkildə itkin düşmüş atasının axtarışını da ciddi şəkildə, inadla davam etdirir. Bağdadda bir çox problemlərlə üzləşən və gözlənilmədən bir sevgi macərasına da düçar olan, bir müddət sonra isə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin agenti hesab edilərək, girov götürülən Kənan atasını tapmaq və məhəbbətini qorumaq üçün ağır sınaqlardan, çətinliklərdən keçməli olur…
Tədbirdə çıxış edənlər – şəhərin tanınmış ziyalısı Hümbət Quliyev, müəllim-psixoloq Tofiq Hüseynov, şairlər Elbrus Qayalı, Arif Ərşad, “Yeganə yol” qəzetinin baş redaktoru Firdovsi Cəfərxan, Qubadlının Çardaxlı kənd orta məktəbinin direktoru Çingiz Salmanov, təqaüdçü oxucular Hilal Əlizadə, Hatəm Rüstəmov, Z.Tağıyev qəsəbəsindən olan müəllim Akif Həsənov və digərləri Eyruzun yazıçı-jurnalist kimi yaradıcılıq fəaliyyətini, vətəndaş mövqeyini yüksək dəyərləndirmiş, onun yeni romanının məziyyətlərindən, jurnalist həyatının çətinliklərini, ABŞ-ın bütün dünyada hegemonluq siyasətini və İraq xalqının mübarizə əzmini baş verən hadisələr, epizod və detallarla oxucuya ustalıqla çatdırdığını qeyd ediblər.
Tədbirin sonunda Eyruz Məmmədov Sumqayıtın “Azəri” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunmuş yeni kitabını avtoqrafla oxuculara bağışlamışdır.

Rəhman ORXAN.

Fotolar Şakir Rəhmanındır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər