Tarixi təkrarlayanlar

984

Bazar günü “İnter”-AZAL oyunundan bir qədər əvvəl Elçin Məmmədovla təsadüfən rastlaşdıq. “Şəfa” stadionunun çayxasında qısaca söhbət etdik, zamanım az olsa da bəzi iradlarımı çatdıra bildim. Qalmaqalçı referi də həmişəki kimi FİFA-nın oyun qaydalarını ora-bura dartmaqla məni yola verməyə çalışdı. Amma sağolsun, heç sakitliyini pozmadı, ittihamlarımdan əsəbləşmədi. Düzü, bilsəydim ki, az sonra başlayacaq qarşılaşmada Fariz Yusifov bizə Elçin bəyi unutduracaq, bəribaşdan həmsöhbətimdən üzr istəyər, ona yönəltdiyim ittihamları geri götürərdim. Hər necə də olsa, Elçin bəy min bir bəhanəylə çulunu sudan çıxarır, arxasını yerə vurmur. Amma Fariz Yusifovun “İnter”in halalca haqqını yeməsinin yanında onun əməllərini toya getməli saymaq olar. Üstəlik, digər FİFA referisi Anar Salmanovun ertəsi gün Ramosun əllə oynamasına göz yummaqla həmkarlarından geri qalmadığını sübut elədi. Eşq olsun sizə! Bilirəm, bütün bu dediklərimə ağız büzənlər tapılacaq. İddia edəcəklər ki, biz meydanda gedən taktika savaşından, nə bilim filankəsin zəif oyunundan, bir başqasının qəsdən topu rəqibə bağışlamasından, çalışdırcıların bəhanələrə sığınmasından yazmırıq, elə düşmüşük hakimlərin üstünə. Qardaşım, həkimin və müəllimin 120 manatı bir aya qazandığı ölkədə 90 dəqiqəyə 700 manatı cibinə qatlayan, heç orta məktə səviyyəsində savadı olmayan “ədalət təmsilçilərinin” borcudu ki, qarşılaşmaları vicdanla idarə eləsin, başının arxasında da gözü olsun, quş sürətiylə meydanboyu ora-bura qaçıb bütün epiozdları aydın görə bilsin. Yox, əgər onların bizdən heç bir fərqi yoxdusa, bizim videotəkrardan gördüklərimizi meydanda dərhal görə bilmirlərsə, hansı haqla bizim 3-4 aylıq qonorarımıza bərabər məbləği 90 dəqiqədə qazanıb, kef-damaq çəkirlər?! Özünüz deyin, əlində fit meydana çıxan referi rəğbət bəslədiyi (kömək eləməyə çalışdığı da oxuya bilərsiz) komandaya xidmət göstərməyə məqam gözləyirsə, həmin oyundakı məşqçi işindən, futbolçu əməyindən danışmağın mənası qalırmı?! Əziyyətlə rəqibin cərimə meydançasına gətirilən topun qarşısını əllə kəsəcəklər, penalti təyin olunmayacaqsa, bu halda meydana 4-4-3, yaxud 3-5-2 sxemiylə çıxılmasının nəyini müzakirə edək?! Mənim heç kimi pulunda, qazancında gözüm yoxdu. Amma referirlərimizin bizi avam yerinə qoymasına sakit tamaşa etməyi bacarmıram. Fariz Yusifovun Nemət Mahmudovun atasına rəhmət oxutdurub, qapı xəttini keçməyən topu qol kimi qeydə almasının cəzası nə oldu? Heç nə! Xəqani Məmmədovun son olaya münasibətindən belə başa düşürəm ki, “Şəfa”dakı son rəazlətə görə də heç kim cəza almayacaq, uzaqbaşı yan xətt hakimini bir-iki oyun aşağı dəstəyə göndərib, tənqiddən yaxa qurtaracaqlar. Əgər, Fariz bəy Tagim Novruzovun qəsdən əllə oynamadığına inanırdısa, niyə künc zərbəsi təyin etməyib, futbolçuya sarı vərəqə göstərdi? Cərimə zərbəsinin top Novruzovun əlinə dəyən yerdən xeyli kənarda təyin olunmasına izah verə bilən olsa, dinləməyə hazıram. Kaş ki, Yusifov həmin epiozodda künc zərbəsi təyin edəydi, indi bu sətirləri qələmə almağa məcbur olmazdım. Anar Salmanovun “Neftçi”yə qarşı sevgisinin tarixini dəqiq bilmirəm. Amma heç kim bu sevginin varlığını inkar edə bilməz. Azərbaycan çempionatında “Neftçi”nin “Rəvan”ı məğlub etməsinə heç kim təəccüblənməz. Cəmisi 4 gün əvvəl Milanda tarix yazan komanda əlbəttə ki, premyer-liqadakı bütün rəqiblərini rahat yenməyə qadirdi. Adamı təəssüfləndirən bu qalibiyyətə Anar Salmanovun geyimi rəngdə ləkə düşməsidi. Ramosun əllə oynamasını meydanda oturduğum yerdən yaxşı görə bilməmişdim. Amma PFL-in saytında izlədiyim görüntülərə əsasən aşkar penalti olduğuna əmin oldum. Lap elə tutaq ki, penalti olmayıb, yaxud hakim epizodu yaxşı görməyib. Buna sözüm yoxdu. Bəs, Salmanovun Alispahiçi meydandan kənarlaşdırarkən etdiyi əl-qol hərəkətləini necə izah edək, Xəqani müəllim? İndiyə qədər dəfələrlə hakimlərin məşqçiləri texniki zonadan qovmasına şahid olmuşuq. Elə Böyükağa Haciyevın “Sumqayıt”la oyunda tribunaya göndərilməsini xatırlayaq. Elvin Əsgərov Hacıyevə yaxınlaşdı “xahiş edirəm” deyərək, çalışdırıcıya tunelin istiqamətini göstərdi. Amma Salmanov sanki dağda qoyun sürüsünün önünü kəsirmiş kimi hay-küylə, əl-qol hərkətləriylə bosniyalı çalışdırını texniki zonadan qovdu. Nə olub, cavan oğlan? Yoxsa, İspaniyanın oyununu idarə edəndən sonra qanadların çıxıb, əl-qolunu yığışdıra bilmirsən? Eşitdiyimə görə Çexiya-Malta oyununda 7,2 bal aldığını görə Anar bəyin FİFA və UEFA-dan oyun almaq perespektivi dumanlıdı. Əminəm ki, ali futbol qurumlarında referinin çalışdırıcıya qarşı son davranışlarını görsələr, bir də çətin onun adını təyinat siyahısına salarlar. Çox utanıram ki, Alispahiç, Tsxadadze kimi əcnəbi çalışdırıcılar ölkəmizdə ədalət hisslərinin bu cür ayaqlanmasına şahidlik edirlər. Məşqçilər uğurlu da olar, uğursuz da, elə komandaların udub-uduzması futbolun içində olan hadisələrdi. Artıq hər turdan sonra hakimlərin qərəzini müzakirə etməli olduğumuza görə çox üzgünəm. Biz klublarımızın qitə arenasında böyük uğurlarına sevinmək həvəsindəyik. Bu cür hakim idarəçəliyi isə klublarımızın başının aldadılmasına, azərkeşlərin milli futbolumuzdan iyrənməsinə xidmət edir. Yaxşı yadımdadı, “Neftçi”nin səfər oyunlarında birində Salmanovun Denis Silvanın əllə oyununa görə penalti təyin etməməsinə görə yazıma “Qara paltarlı adam” sərlöhvəsini seçmişdim. Bazar ertəsi yenə də Anar bəy meydana qara rəngli paltarda çıxmışdı. Tarixi yazanlar sonradan onu təkrarlayırlar…

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər