“TEKNOFEST Azərbaycan” iki qardaş ölkənin birliyinin növbəti nümayişidir

574

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının nüfuzu ildən-ilə artır. 2018-ci ildən keçirilən festival artıq beynəlxalq əhəmiyyət kəsb edir.

İlk olaraq “TEKNOFEST”in Türkiyədən kənarda Azərbaycanda təşkili iki ölkə arasında qardaşlıq, dostluq və strateji müttəfiqliyi əks etdirməklə yanaşı texnologiya sahəsində əməkdaşlığımızı daha da dərinləşdirəcək. Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın TEKNOFEST Azərbaycandakı çıxışları festivalın əhəmiyyətini ortaya qoymuş oldu, eyni zamanda ölkələrimizin birliyini və həmrəyliyini bir daha nümayiş etdirdi.

Qardaş dövlətlərin başçıları çıxışlarında olduqca mühüm məqamlara toxundu, Azərbaycan-Türkiyə qardaşlığını bir daha yüksək səviyyədə bəyan etdilər, bütün dünyaya ciddi mesajlar verdilər. Prezidentlərin toxunduğu məsələlərə diqqət yetirdikdə festivalın həm də rəmzi mənası aydın şəkildə hiss olunur.

Azərbaycan Respubliasının Prezidenti cənab İlham Əliyev öz çıxışında bir çox mühüm məsələlərə münasibət bildirmişdir. Prezident 28 May – Müstəqillik Gününün Azərbaycanın ən əziz bayramı olduğunu qeyd etdi və bu bayramda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda olmasının bayram sevincini ikqat artırdığını bildirdi. Qeyd olunub ki, 104 il əvvəl – mayın 28-də Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Xalq Cumhuriyyətinin ömrü uzun olmadı. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və artıq 30 ildir ki, Azərbaycan xalqı azad yaşayır. Cənab Prezident bildirmişdir ki, keçən 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Azərbaycan ötən illər ərzində qardaşlıq dəstəyini hər zaman hiss edib, bu gün də hiss edir və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Azərbaycan və Türkiyə yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, regionda sülh və barış o qədər də möhkəm olacaqdır.

İkinci Qarabağ müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycanın yanında olması Azərbaycana əlavə güc verdi. Vətən müharibəsində qardaş ölkənin Azərbaycana verdiyi dəstəyə diqqət çəkən Prezident İlham Əliyev qeyd etmişdir: “İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.

Prezident İlham Əliyev Festivalda gənclərə üzünü tutaraq mühüm mesajlar verdi. Ölkə başçısı bildirdi ki, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir – həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar.

Elm, inkişaf, bilik, texnologiya bayramı olan “TEKNOFEST” yaxın gələcəkdə ölkəmizdən də dünya elminə, texnologiyasına yeni-yeni ixtiralar təqdim edən gəncərimizin çıxacağına əminlik yaradır.

Nemət İbayev, Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər