Menu
Geri İrəli

“Milli ÖN”də yığılan əlavə pullar kimə çatır?

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Dekabr 2013 • Baxış sayı: 415 dəfə • Şərh yoxdur

Şəhərdə populyar olan “Milli ÖN” ödəniş sistemi köşkləri vaxta qənaət etməyə imkan verdiyindən hamı onun xidmətindən yararlanır. Əslində həmin xidmət uzun növbələrə son qoymaq, rahat və təhlükəsiz ödəniş etmək məqsədilə yaradılıb.

millionLakin son vaxtlar sakinlərin kütləvi surətdə bu köşklərə müraciəti burada da uzun növbələrin, eləcə də müəyyən problemlərin yaranmasına səbəb olub.

Şəhər sakini Zülfüqar Həsənov mənzilinə aid qaz smartkartını yükləmək üçün “Elmlər Akademiyası” metrosunda qoyulan “Milli ÖN” terminalına pul ödəyib. Lakin nə ödənişin qəbul olunmasını göstərən işıq yanıb, nə də ona bu ödəmə ilə bağlı çek verilib. Hara müraciət edəcəyini bilməyən Z.Həsənov yanında dayanan vətəndaşların köməyi ilə “qaynar xətt”ə zəng vurub və ödənişin qəbul olunduğunu öyrənib.

Əlavə “xidmət haqqı” kimə çatır?

Sadalanan bu və digər problemlər vətəndaşlar arasında maariflənmənin aparılmamasından irəli gəlir. Xidmətlə bağlı hər hansı sual yarananda hara müraciət edəcəklərini, hansı şirkətin bu xidməti reallaşdırdığını belə bilmirlər. Çünki qurum vətəndaşlarla ünsiyyətdə, təbliğat işlərində maraqlı deyil.

Xidmətin əsas üstünlüyü ödənişin təhlükəsiz olması və buna görə əlavə komissiya haqqı alınmamasıdır. Lakin müşahidələrimiz göstərdi ki, şəhərətrafı kənd və qəsəbələrdə xırda ticarət obyektlərində quraşdırılan “Milli ÖN” köşklərində ödəniş edərkən, sakinlərdən məbləğındən asılı olmayaraq hər əməliyyata görə 10-20 qəpik əlavə ödəniş tələb olunur. Xidmət pulsuzdursa, yığılan əlavə pullar kimə çatır? Terminallardakı texniki nasazlıqlar nə ilə bağlıdır?

Bu və digər suallarımızı ödəniş sistemi köşklərini idarə edən “Komtec LTD” MMC-yə ünvanladıq. Şirkətin kommersiya direktoru Teymur Cəfərov əlavə rüsumların onlara heç bir aidiyyətinin olmadığını bildirdi:

“Əlavə ödənişi həmin obyektlərin rəhbərləri və ya əməkdaşları tələb edir. Onların yol verdiyi belə qeyri-qanuni tələblərə qarşı mübarizə aparırıq. Biz ödəyicilərin narazılıqlarına anında müdaxilə edərək, problemi operativ həll etməyə hazırıq. Vətəndaşlardan xahiş edirəm ki, belə hallarla qarşılaşdıqda, dərhal şirkətə müraciət etsinlər”.

 

Növbələrdən xilas ola bilmədik

Qeyd edək ki, “Milli ÖN” terminallarından yararlanan vətəndaşlar ya ödədiyi məbləğə görə çeki ala bilmir, ya ümumiyyətlə pul qəbul edilmir, ya da hər hansı məbləği ödəsə də, onun qəbul olunub-olunmaması barədə məlumat ala bilmir. Belə problemlər və uzun növbələr tez-tez müşahidə olunur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu insanların əlyetərliyinin tam təmin olunmaması ilə izah etdi. Onun sözlərinə görə, Bakıətrafı qəsəbələrdə, şəhərdən nisbətən uzaq yaşayış məntəqələrində, eləcə də bəzi regionlarda hələ də ödəmə terminalları quraşdırılmayıb. Ona görə də sakinlər ödəniş etmək üçün şəhərə üz tuturlar. Nəticədə sadalanan problemlər ortaya çıxır.

Bəzən terminalların qarşısında kiçik növbələrin yarandığını etiraf edən T.Cəfərov bunu əhalinin xidmətə olan inamının artması ilə izah edir:

“İnsanlar elektron ödəniş sisteminə üstünlük verir. Biz problemi aradan qaldırmaq üçün hər şey edirik. Hazırda bir necə yüz köşkün quraşdırılması gözlənilir. Ödənişin qəbulu ilə bağlı isə heç bir problem yoxdur. Bütün terminallar çek kağızları ilə təmin olunub”.

Problem yaranarsa, vətəndaşlar “Milli ÖN” ödəniş sistemi köşklərinin üzərində göstərilən *0010 qısa nömrəsinə zəng edərək suallarını yerindəcə aydınlaşdıra bilərlər.

“Milli ÖN”də nəyi və necə ödəmək olar?

Ödəniş sistemi köşklərində stasionar və mobil rabitə, internet, kommunal xidmətlər (“Azərenerji”, “Bakelektrikşəbəkə”, “Azəriqaz”, “Azərsu”), kabel televiziyası, sığorta, bank xidmətləri, şəbəkə marketinqi, totalizator oyunları, TQDK xidmətləri, eləcə də səyahət, əyləncə üçün nəzərdə tutulan ödənişləri etmək olar. Son aylarda vətəndaşlar bank kreditlərini də “Milli ÖN” terminallarına etibar edirlər. Kreditlərin ödənişində gecikmələrin xeyli azaldığı bildirilir. T.Cəfərov təkcə ötən ay 100 mindən artıq insanın kredit ödəmək üçün həmin terminallardan istifadə etdiyini vurğulayıb.

Bundan əlavə, tezliklə terminallarda plastik kartlarla ödəniş aparmaq mümkün olacaq. T.Cəfərov onlayn ödəniş portalının tezliklə işə düşəcəyini dedi. Hazırda sistemin üzərində sınaq testləri yekunlaşmaq üzrədir. Gələcəkdə isə şirkət elektron ödəniş sahəsində Azərbaycanda və digər üç ölkədə lider olmağı hədəfə alıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın