Menu
Geri İrəli

Evimizdəki və cibimizdəki “casus”…

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyun 2014 • Baxış sayı: 382 dəfə • Şərh yoxdur

telefon_3486778Mobil cihazlarımız bizi xüsusi xidmət orqanlarına və xarici kəşfiyyata, həmçinin hakerlərə necə “satır”; Arzu Nağıyev: “İstənilən texnika həm qəbuledici, həm də qəbulverici xüsusiyyətə malikdir”

Müasir dünyada texnologiya sürətlə inkişaf edir. Mobil telefonların, kompüter və tabletlərin funksiyaları sürətlə çevikləşir, çoxalır. Demək olar ki, dünyanı ovcumuza sığışdıra bilirik. Bir mobil telefonla həm danışa bilirik, həm foto-video çəkilişlər aparırıq, görüntülü əlaqə qururuq, elektron poçtumuza gələn məktubları oxuyuruq, diktofon kimi istifadə edirik və s. Amma həm də bu yolla bütün sirrimizi yayırıq. Çünki “ağıllı telefonlar” vasitəsilə cihaz sahiblərini rahatca dinləmək çox asandır. Bu telefonlar internetə bağlı olduqda oradakı məlumatları asanca götürmək mümkündür. Təbii ki, bu əməliyyat xüsusi proqram vasitəsilə peşəkar haker qrupları və mütəxəssislər tərəfindən icra olunur.

Onsuz da hazırda telefon danışıqları bütün dünyada dinlənilir. Bu, Azərbaycanda da belədir, ABŞ kimi demokratik dövlətdə də. Baxmayaraq ki, qanunun ehtiyac olmadığı halda istənilən şəxsin telefonunu dinləməyə iczaə vermir. Amma yenə də dövlət orqanları öz vətəndaşlarının və hətta başqa ölkələrin vətəndaşlarının telefon danışıqlarını nəzarətdə saxlamağa maraq göstərir.
Yeri gəlmişkən, bu ilin fevralında Rusiya prezidenti Vladimir Putinin internetlə bağlı fikirləri dediklərimizə əyani sübutdur. Rusiya prezidenti dünya tərəfindən narazılıqla qarşılanan fikirlərində bunları demişdir: “Bu, tam həqiqətdir, necə deyərlər, hər şey Birləşmiş Ştatlarda yerləşən serverlərdən keçir. Hər şey orada nəzarətdə saxlanılır. Siz sadəcə, bundan çıxış etməlisiniz. Bütün bunlar ilkin mərhələdə Mərkəzi Kəşfiyyat İdarəsinin layihəsi kimi ortaya çıxıb və lap əvvəldən bir hərbi proqram olub”.
Bu günlərdə virtualaz.org saytı bu mövzuda maraqlı bir yazı dərc etmişdi. Yazıda bildirilirdi ki, Londonda keçirilən, “Kaspersky Lab” və “Citizen Lab” tərəfindən təşkil edilən “Going Underground” konfransında elan edilib ki, iPhone və iPad cihazlarını asanca dinləmək olur.
Konfransda “Kaspersky Lab”dan antivirus eksperti Sergey Qolovanov bildirib ki, yeni kompüter troyan-virusları hakerlərə gizli fotoçəkiliş və audioyazı aparmağa, telefon kitabçasını, SMS-ləri oxumağa, praktiki olaraq iPhone və iPad-lardan bütün məlumatları oğurlamağa imkan verir.
S.Qolovanovun bildirdiyinə görə, Rusiyada beş “Galileo” serveri var. Hazırda bu virusun dünyada 2-5 min arasında elektron qurğuya yoluxduğu təxmin edilir.
“Citizen Lab”dan analitik Morqan Marki-Bur isə bildirib ki, virus hakerlər tərəfindən dövlətlərin maraqları naminə, o cümlədən xüsusi xidmət orqanlarının jurnalistləri və siyasi fəalları izləməsi üçün istifadə olunur.
“Jurnalistlər təəccüblü də olsa tez-tez izləmə obyektinə çevrilirlər. Hər 25 xəbər təşkilatından 21-i dövlətin izləmə proqramlarının hədəfidir”, – deyə Morqan Marki-Bur bildirib.
Konfransda bildirilib ki, bu casus proqramının serverlərinin xüsusi xidmət orqanlarının nəzarətində olduğu təxmin edilir.
Keçmiş MTN zabiti, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl məhkəmə qərarı olmadan insanların mobil telefonlarının dinlənilməsini qanun pozuntusu adlandırdı: “Azərbaycan Respublikasının(AR) Əməliyyat Axtarış haqqında qanunu var. Müxtəlif dəyişikliklər ediləndən sonra da o qanunda göstərilib ki, AR-nın xüsusi xidmət orqanının qanunla müəyyən olunmuş halda, yəni, məhkəmənin icazəsi ilə cinayətdə şübhəli bilinən, yaxud cinayət törətmiş şəxsin telefonunu dinləmək haqqı var. Amma hamının yox. Təbii ki, cinayət törədən, cinayətdə şübhəli bilinən şəxsin telefonu izlənilə bilər. Şəxsin özünə izlənilmə zamanı informasiya vermək düzgün deyil. Məhkəmə qərarı ilə 1 il müddətində də telefon izləmək hüququ var. Siyasi mənsubiyyətinə görə hər hansı bir şəxsin telefonunu izləmək qanun pozuntusudur. Amma təəssüf ki, indiki halda bunu sübut etmək mümkün deyil”.
Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, təhlükəsizlik eksperti Arzu Nağıyev məhkəmə qərarı olmadan mobil telefonların izlənilməsinin qanunsuz olduğunu bildirdi: “İstənilən halda mobil telefonların izlənilməsi məhkəmənin qərarı ilə olmalıdır. Qərar olmadan heç kəsin kiminsə mobil telefonunu izləməyə ixtiyarı yoxdur. Əgər kimsə cinayətkardısa, yaxud cinayətdə şübhəli bilinirsə, o zaman yenə məhkəmə qərarından sonra o insanın telefonu dinlənilə bilər. Mobil telefonların dinlənilməsi insanın konstitusion hüquqlarının pozulması deməkdir. İstənilən texnika həm qəbuledici, həm də qəbulverici xüsusiyyətə malikdir. Sovet dövründə mobil cihazların üstündə “məxfi söhbətlər aparılmasın. Sizin söhbətlər dinlənilir” yazılırdı. Amma indi bu hallar yoxdur. Çox insan deyə bilər ki, telefonum dinlənilir. Amma hazırda bunu sübut edə bilmirik. Keçmiş dövlət məmuru olaraq deyirəm ki, dövlətçiliyə qarşı işlər aparan, cinayət törədən şəxsin telefonu dinlənilə bilər. O da məhkəmə qərarı ilə olmalıdır”.
Cavanşir ABBASLI
Facebook Şərhləndirmə:

Şərhinizi yazın