Menu
Geri İrəli

Facebook məlumatları ötürəcək: qarşısını almaq olarmı?

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Dekabr 2014 • Baxış sayı: 610 dəfə • Şərh yoxdur

4786Facebook sosial şəbəkəsinin rəhbərliyi 2015-ci il yanvarın 1-dən istifadəçilərinə xəbərdarlıq etmədən onlara məxsus məlumatlarını üçüncü tərəfə ötürəcək. Hazırda, şəbəkə bütün istifadəçilərə bildiriş göndərməklə onları məlumatlandırır.

Facebook istifadəçisi bu siyasətlə razıdırmı? Xeberler.az Facebook üzvlərinin fikirlərini öyrənib.

Vitualaz.org saytının baş redaktoru Famil Cəfərli buna normal baxdığını deyir: “Çünki elə dövrdə yaşayırıq ki, informasiyaya və ondan istifadə qaydalarına qadağa qoymaq nə olmaz, nə də əslində mümkün deyil”.

Milli.az xəbər portalının baş redaktoru Anar İmanov Facebook istifadəçilərinin sayının azala biləcəyini ehtimal edir: “Təbii, belə bir şey baş versə, Facebook-u bir çox istifadəçi tərk edə bilər. İnanmıram, bu məsələyə müsbət yanaşılacaq”.

“Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli qərarın əleyhinədir: “Mən maraqlı bir araşdırma paylaşıramsa, hansısa mənbə xəbərim olmadan götürüb yaysa, özəl həyatımla bağlı məlumatları arzuolunmaz müstəvidə yayırsa, bu mənəvi-psixoloji təsirsiz ötüşməyəcək. Amma sosial şəbəkələrin hansı qərarı verməsinə qarşı çıxmaq olmaz. Deyəcəklər, xoşun gəlmir, tərk elə”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay Facebook-un qərarından narazı deyil: “Mənim haqqımda məlumatlar Google, Wikipediya-da var. Həmçinin şəkillər də. Gizlin olan informasiyanı onsuz da bura yazan yox ki… Fikir vermişəm, elə adamlar bunun davasını döyür ki, onun haqqında məlumat heç kimi maraqlandırmır”.

Facebook hansı informasiyanı qarşı tərəfə ötürə bilər?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hansısa anlaşılmazlığın ola biləcəyini düşünür: “Adətən bu tip qlobal resurslar asanlıqla məlumatı başqa birisinə, hətta dövlət qurumuına belə vermirlər. Məhkəmə qərarı olsa belə, verməkdən imtina edirlər. Düzdü, qlobal resursların ölkələrə münasibətində də bəzən ikili standartlar rol oynayır. Ola bilər, istifadəçinin razılığı ilə reklam və ya digər bu kimi hallar üçün məlumat başqa tərəfə verilsin. İstənilən halda istifadəçinin razılığı alınmadan məlumatlardan üçüncü tərəfə verilirsə, bu normal hal deyil. Əgər belə olarsa, gələcəkdə belə resurslar xeyli müştəri itirə bilərlər. İstifadəçilərə isə hansısa bir sosial resursdan qeydiyyatdan öncə onun istifadə qaydaları, fərdi məlumatlardan yararlanma şərtləri ilə tanış olmasını tövsiyə edə bilərəm”.

İnformasiya ötürülməsini necə əngəlləyək?

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli Xeberler.az-a bildirib ki, Facebook yalnız ictimaiyyətə açıqladığımız, yəni doğum tarixi, yeri, təhsili kimi şəxsi məlumatları tələb edir: “Həmçinin, soruşulan bütün informasiyaları cavablamadan da profil açmaq olar. Bu o deməkdir ki, özəl informasiyaları verməmək olar. İnformasiyalar dedikdə gündəlik yaydığımız məlumat, şəkillər yox, profil məlumatından bəhs edilir”.

Məsələnin qanuni hissəsinə toxunan Ələsgər Məmmədli Facebook-un Amerikada fəaliyyət göstərdiyini, Avropa İnsan Haqları Konvensiyasının (AİHK) təsir dairəsində olmadığını, qanun pozuntusu olsa belə, bunu AİHK ilə mübahisələndirməyin mümkünsüz olduğunu qeyd edib.

İnformasiya kommunikasiya texnologiyaları və onlayn media üzrə mütəxəssis Ellada Mustafayeva Xeberler.az-a bildirib ki, istifadəçi sosial şəbəkə, hər hansı veb saytda qeydiyyatdan keçərkən təhlükəsizlik siyasəti və fərdi məlumatdan istifadə şərtləri ilə əvvəlcədən tanış olmalıdır: “Fərdi məlumatların məxfiliyini təmin olunmaması və ya başqa tərəflərə ötürülməsi barədə şərt mövcud olduqda, həmin saytda qeydiyyatdan keçməyiniz tövsiyə olunmur”.

Jalə Şahinqı
Facebook Şərhləndirmə:

Şərhinizi yazın