Menu
Geri İrəli

Facebookda necə diqqət çəkməli? – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2017 • Baxış sayı: 515 dəfə • Şərh yoxdur
Share Button

Facebookda hansı statuslar, şəkillər, paylaşımlar daha çox diqqət çəkir? Kulis.az Facebookda diqqət çəkən paylaşımları təqdim edir.

 

Ailəvi şəkillər – Uşaq olsa lap əla. Onda laykın qabağını kəsmək olmaz. Atanızla, ananızla xoşbəxt ailə tablosu yaradan şəkillər də çox səs gətirər. Hələ bacı, ya da qardaşla çəkilən şəkilləri demirik. Ailədən kimisə tapıb şəkil çəkdirdinizsə, sizə ölüm yoxdur, bəri başdan 100 laykınız var.

 

 

 

Sevgi münasibəti – Hərdən bunu eləmək olar, amma ağını çıxarmamaq şərti ilə. Kim biləcək ki, siz həqiqətən münasibətdəsiniz, yoxsa yox? Rəyləriniz də bol olacaq. Elə bil qumarda əliniz gətirəcək, qazandığınız pulları yığışdırmaqda çətinlik çəkəcəksiniz. Hələ-hələ bu sevgi münasibətində qarşı tərəfin şəkli və adı taq olunarsa… O zaman günün adamı olarsınız.

 

 

 

Rəhmətə gedən yaxın – Qəbir üstündəki şəkillər də bura əlavə oluna bilər. Hələ də elmə məlum olmayıb ki, niyə yaxını vəfat edən adam tez-tələsik bu haqda status paylaşır. Yas düşüb, göz yaşlarından, qışqırıqlardan, diz çırpmalardan ibarət mənzərə yaranıb. Bu adam hələ də layk dərdindədir. Dərd də hamıya yoluxur. “Allah rəhmət eləsin” rəyləri göydə uçuşur…

 

 

 

Məşhurlarla şəkillər – “Harda məşhur görürəm, sevinirəm” – şüar budur, bu. Küçədə, toyda, tədbirdə. Məkan fərq etməz. Telefonu yuxarı tutursan, “çırrık”, vəssalam, hazırdır. Paylaşdığınız an milçəklər şirəyə yığışan kimi layklar şəklə hücum çəkəcək.

 

 

 

Gülməli statuslar – Nitşe demiş, insan o qədər əzab çəkib ki, axırda gülməyi kəşf edib. Bezmisən, yorulmusan, dərdlisən, amma içində böyük bir işıq var. Yumor hissin də yerində, qollarını çırmalayıb bir status yaz, qoy içindəki yumor şəhərinə layklar qonaq gəlsin.

 

 

 

Kədərli statuslar – Mümkün qədər kədərin dozasını artırmaq lazımdır. Kədər çox olarsa, qabağı alınmaz laykların. Keçmiş xatirə sandığını açın, hər yada düşəndə gözləriniz dolan hadisə əmin olun ki, başqalarını da kövrəldəcək.

 

 

 

Gündəmlə bağlı analizlər – Mövzu var, belə fürsət hələm-hələm ələ keçməz. Səbirli olmaq lazımdır. Belə məqamlarda hamı cumur Facebookun canına, statuslardan baş şişir. Gözləyir, statuslar durulanda, Facebookun ana səhifəsi seyranlıq olanda hamını güldürə, ya da düşündürə biləcək bir status yazın. Gündəmdən yazıb gündəm olun.

 

 

 

Cəlbedici şəkillər – Xanımların cəlbedici, xoş şəkilləri də kişilər üçün gündəmdir. Laykın sayı-hesabı itib, bu heç, rəylərdə gül qoyan nə çox. Sənə gül atar hər yerindən duran…

 

 

 

Uğur qazanmaqla bağlı statuslar – Qalibsiniz, hardasa yer tutmusunuz. Eybi yox, elə də böyük bir şey olmasın. Məktəbdə yazdığınız inşa hamının inşasından fərqlənib. Universitetdə yaxşı nitqə görə diplom almısınız. Kimi Vətən üçün ölür, kimi də nitq deyib diplom alır. Əsas qazanmaqdır və bunu dostlarla paylaşmaq.

 

 

BONUS

 

Yazarların yazdığı statuslar – Onların yazmadığı bir status olmasın!

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın