Menu
Geri İrəli

Sumqayıt sakini “Alfanet” şirkətindən şikayətçidir

Müəllif: sumqayitxeber.com • Tarix: 11 May 2016 • Baxış sayı: 1,031 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər sakini Milli.Az-a müraciət edərək internet və hostinq xidmətləri göstərən “Alfanet” şirkətindən şikayətçi olduğunu, aldadıldığını bildirib:

“Problem internet provayderlə bağlıdır. 2014-cü ildə “Alfanet” tərəfindən mənzilimə optik kabellə internet xətti çəkilib. Həmin vaxt mənə heç bir müqavilə təqdim edilməyib. Şirkətə modem-ruterə görə 25 manat, IPTV-yə görə isə 70 manat ödəniş etmişəm. Edilən ödənişlərin qəbzləri də hazırda məndədir. İnternet kabel çəkilişi zamanı şirkətin müdiriyyəti mənə bildirdi ki, aylıq 14 manat ödəniş etməklə 3 meqabit/s sürətli internet və 250 TV kanal daimi olacaq. Mən də yazılı müqavilə olmadığı üçün bu şifahi sözlərə aldandım. Müdiriyyət bildirdi ki, kanallar daim olacaq. Məhz buna görə IPTV tunerə görə 70 manat ödəniş etmişəm. Halbuki, basqa provayderlər bunu pulsuz verirlər. Üstündən 1 il 5 ay müddət keçəndən sonra, yəni 2016-cı ilin aprel ayından kanallar kəsilib. “Alfanet”dən mənə deyirlər ki, kanallara görə əlavə 5 manat da ödəməliyəm.

Səbəbini soruşanda deyirlər ki, Milli Televiziya və Radio Şurasının qərarıdır və kimə istəyirsən get, şikayət elə. Onda belə çıxır ki, alıb-aldatdı dunyasıdır? Yalandan niyə mənə səhv məlumat verib IPTV-ni sırıyıblar? IPTV-ni o vaxt “Alfanet”dən ona görə almışam ki, özlərinin dediyi kimi, kanallar ömürlük pulsuz olacaqdı. Həmin vaxt da, indi də “Alfanet” şirkəti müştərilərlə heç bir yazılı müqavilə imzalamır. Müqavilə istədikdə isə deyirlər ki, biz belə işləyirik. İstəsən, istəməsən də belədir. Məsələ ilə bağlı müdiriyyətlə görüşmək istəmişəm, amma bundan imtina ediblər, yazılı müraciətimə də cavab verməyiblər. Qeyd edim ki, mən işimlə bağlı internetsiz qala bilmərəm. Ona görə də onların tələb etdikləri əlavə məbləği ödəmək məcburiyyətində qalmışam. Amma niyə belə olmalıdır ki?! İndi hansı dövrdür?! Mən düşünürəm ki, sivil, hüquqi və dünyəvi dövlətdə yaşayırıq. Nəzərə alsaq ki, mənim kimi abonentlərin sayı onminlərlədir, o zaman şikayətlərin sayını və problemin miqyasını təsəvvür etmək çətin olmaz. Ona görə də xahiş edirəm, deyin, şirkətin məndən aylıq əlavə olaraq 5 manat ödəniş tələb etməsi qanunidirmi və qanunsuz satdıqları IPTV-yə görə məsuliyyət daşıyırlarmı? Şirkətin müqavilə təqdim etməmək kimi huququ varmı?”

Şikayətlə bağlı “Alfanet” şirkətinə müraciət etdik. Şirkətin Sumqayıt ofisinin informasiya operatoruMilena Qritsayeva Milli.Az-a bildirdi ki, onların, həqiqətən də, 2014-cü ildən etibarən belə bir abunəçisi var və əlavə ödəniş məsələsi də bu il mayın 1-dən ortaya çıxıb: “Həmin abonent bizdən İPTV tuneri 2014-cü ildə 69 manata alıb. Abonent bu il mayın 1-dək TV kanallara pulsuz baxıb. Bundan əvvəl kanallar, sadəcə, pulsuz olaraq bonus kimi təqdim olunurdu. Mayın 1-dən sonra isə biz kanalları pulsuz vermirik. İndi baza paketin qiyməti 3 manat təşkil edir”.

“Sizdə abunəçilərlə müqavilə bağlanırmı?” sualının cavabında telefonda 7 dəqiqə dəqiqləşdirmə aparan şirkət nümayəndəsi bildirib ki, abunəçilərə müqavilələr təqdim edilməyib: “Hazırda müqavilələr tərtibatdadırlar. Yaxın zamanlarda ofislərə paylanacaq və abonenlər istəsə, yaxınlaşıb onları götürə bilərlər”.

M.Qritsayeva bir daha təsdiq edib ki, sözügedən şirkətlə abonent arasında ilyarım ərzində müqavilə olmayıb. Abonentin şikayətinə cavab verilməməsinə gəlincə, o deyib ki, əgər həmin şəxs istəsə, şirkətin ofisinə yaxınlaşıb adminstratorla danışa bilər.

Məsələ ilə əlaqədar ekspert, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Milli.Az-a dedi ki, bu cür məsələlər, əslində, müqavilə əsasında həll olunmalıdır: “Bu şirkət əvvəlcə göstərdiyi xidmətlərlə bağlı müqavilə tərtib etməlidir. Müqavilədə xidmətlərin növləri, qiymətlər, tərəflərin öhdəlikləri dəqiqliklə öz əksini tapmalıdır. Əgər müqavilədə tənzimlənən tariflər əksini tapıbsa, ona başqa əlavələr ola bilməz. Əgər şirkət müqaviləni mövcud qanunvericiliyə zidd şərtlərlə bağlayırsa, müştərinin ixtiyarı var ki, müqavilə ilə bağlı məhkəməyə müraciət edərək ona xitam versin.

Əgər ortada yazılı müqavilə yoxdursa, müştəri, ümumiyyətlə, xidmətlərdən və ödənişlərdən imtina edə bilər. Yox, əgər şirkət müqavilə təqdim etmədən xidmət göstərirsə, deməli, burada vergidən yayınma halı var. Belə halda məsələ tamam başqa müstəviyə keçir və şirkət üçün hüquqi məsuliyyət yaranır. Belə olan təqdirdə vətəndaş dərhal aidiyyəti dövlət qurumlarına, konkret olaraq rabitə və yüksək İnformasiya Texnologiayaları Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilər. Əgər bu dövlət qurumları da reaksiya verməsə, o zaman məhkəməyə müraciət etməlidir”.

İlkin İzzət
Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın