Menu
Geri İrəli

“Youtube” – yutub, “Messenger” – mesencer, “Whatsapp” – votsap – Doğru yazılış necə olmalıdır?

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2017 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur
Share Button

791898Bəziləri deyir dilimizdə gündəlik istifadə olunan beynəlxalq terminlər olduğu kimi saxlanılmalıdır, bəziləri də deyir bu doğru deyil, öz dilimizə uyğunlaşdırılmalıdır.

Bir neçə gün öncə “ASAN Radio”nun redaktoru Cəlalə Nəzəroğlu öz “Facebook” hesabında  bu məsələni müzakirəyə çıxarıb. 


Qeyd edək ki, 2015-ci ildə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova sosial şəbəkə və axtarış sistemlərinin adlarının düzgün yazılış qaydalarını açıqlamışdı.

Dırnaq içərisində verilənlər sözlərin orijinal, dırnaqsız verilənlər isə Azərbaycan dilində yazılış qaydasıdır: “skype” – skayp, “site” – sayt, “provider” – provayder, “facebook” – feysbuk, “twitter” – tvitter, “instagram” – instaqram, “e-mail” – imeyl, “youtube” – yutub, “messenger” – mesencer, “whatsapp” – votsap, “line” – layn, “viber” – vayber, “google” – quql, “yandex” – yandeks, “wi-fi” – vayfay.

Ancaq yenə də bu cür sözlərin konkret necə yazılmalı olduğu ilə bağlı mübahisələr davam edir. Bununla bağlı professor Sayalı Sadıqova Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda Orfoqrafiya lüğəti hazırlanır:“Mətbuatda həqiqətən də bununla bağlı müxtəlif fikirlər olur. Son sözü isə dilçilər deyəcək. Orfoqrafiya lüğətinin Komissiyası yaradılıb və mən də o Komissiyanın üzvüyəm. Hazırda müzakirələr gedir, yekun qərarı Komissiyanın sədri açıqlayacaq. 2015-ci ildə qeyd edilmişdi ki, dilimizdə işlənən bəzi beynəlxalq sözlər, şirkət adları olduğu kimi saxlanılır. Ancaq informasiya ilə, kompüterlə bağlı bir sıra sözlər var ki, onların düzgün variantı Orfoqrafiya lüğətinə salınmalıdır. Son qərar qəbul olduqdan sonra bununla bağlı açıqlama veriləcək”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva isə Metbuat.az-a açıqlamasında qeyd edib ki, bununla bağlı Transliterasiya lüğəti hazırlanır: “Düşünürəm ki, gələn ilin ilk yarımilinə qədər bu, hazır olacaq. Bu cür sözlərin orijinalda olduğu kimi saxlanılması, yoxsa dilimizin orfoqrafiyasına uyğunlaşdırılmalı olduğu ilə bağlı yekun qərar mütəxəssislərin rəyindən sonra həmin lüğətdə əksini tapacaq. Təbii ki, burada alınma sözlərdən söhbət gedir. Düşünürəm ki, ümumiyyətlə mətbuatda çox işlənən xüsusi sözlərin yazılışı üçün ayrıca bir lüğət hazırlanmalıdır. Bu lüğət bütün mətbuat işçiləri üçün çox əlverişli olacaq. Hətta bunun onlayn variantı olarsa, bu daha da yaxşı olacaq. Bildiyiniz kimi, son illər xəbərlərin saytlardan oxunması daha geniş yayılıb. Bu baxımdan saytlarda hansısa sözün yazılışı təbliğat kimi olur. Bu səbəbdən bu məsələ gündəmdədir. Bu gün məsələn, saytlarda monitorinq aparsam əlimizdə dəqiq istinad mənbəmiz olmadan hansının daha düzgün olduğunu deyə bilmərik. Transliterasiya lüğətimiz hazırlandıqdan sonra artıq istinad yerimiz olacaq”.


Professor Qulu Məhərrəmli bildirir ki, alınma sözlər, fərqi yoxdur rus, ingilis, alman, çin, ərəb və s. bu sözlərin səslənişi, tələffüzü necədirsə, biz onun qrafik işarəsini yazmalıyıq: “Məsələn, tutaq ki, “selfi” sözü ingilis dilində “selfy” yazılır. Biz onun səslənişini əsas götürüb Azərbaycan dilində selfi yazırıq. Xüsusi adlar da bu prinsiplə olmalıdır, məsələn, “William” sözünü bəziləri Uilyam, bəziləri Vilyam yazır. Bunun bir yazılış forması var, Azərbaycan dilində bu, Vilyam Şekspirdir. O ki, qaldı son illərdə texnologiya ilə bağlı dilimizə gələn sözlərə, burada da yanaşma eyni cür olmalıdır. Feysbuk ingiliscədə  necə səslənirsə, biz o cür yazmalıyıq. Yəni “feysbuk”, “yutub”, “vayfay” yazılmalıdır. Bir zamanlar ingilis dilində television olan söz Azərbaycan dilində televiziya kimi formalaşıb. Dildə bu ənənəvilik prinsipini mütləq gözləmək lazımdır. Amma bəzən istisnalar da olur. Məsələn, “Coca-Cola” Azərbaycan dilində artıq Coca-Cola kimi yazılır. Bunu onunla əsaslandırırlar ki, bu, beynəlxalq brenddir. Ancaq bunu əsassız yanaşma hesab edirəm, ona qalsa, gərək biz BMT, YUNESKO kimi adları da elə ingiliscə yazaq. Bəzən rəsmi yazışmalarda xüsusiləşmiş və geniş miqyasda işlənən xarici markalar olduğu kimi yazılır, amma mətbuatda belə vermək olmaz. Əlbəttə, qaydalarda bəzi istisnalar var və bu istisnaları Azərbaycan dilinin orfoqrafiya lüğətindəki xüsusi qaydalarda axtarmaq lazımdır.


Məsələn, Azərbaycan dilində elə bir söz yoxdur ki, o, bir cür yazılsın, başqa cür oxunsun. Amma buna baxmayaraq, bəzi həmkarlarımız dilə “spase” (speys) kimi yazılışları pərçim etməyə çalışırlar. Mən bunu doğru yanaşma hesab etmirəm. Ona görə də bizim üçün dəqiq prinsiplər olmalıdır. Biz bütün adları, alınma terminləri hansı dildən alınmasına baxmayaraq, onların səslənişini, tələffüzünü əsas götürüb o cür yazmalıyıq. Amma söz Azərbaycan dilində ilk dəfə işlənirsə, tutaq ki, bir həftə ərzində bu sözü yazıb mötərizədə ingilis dilində yazılışını qeyd edirik ki, bu söz o sözün deyilişi və ya yazılışıdır. Bunun da ən yaxşı variantını “Əkinçi” qəzetində Həsən bəy Zərdabi göstərib. Alınma söz olanda, yeni söz gələndə onun mötərizədə hansı məna verdiyini yazırdı. Mənə elə gəlir ki, yaranan mübahisələrə Dilçilik İnstitutunun mütəxəssisləri operativ reaksiya verməlidilər. Burada əsas ciddi yanlışlıqlar da ondan qaynaqlanır ki, bu gün Azərbaycan dilinin transliterasiya məsələləri həll olunmayıb. Orfoepiya ilə bağlı da problemlər qalır. Ona görə də mübahisələr yaranır. Dilə yeni prinsiplərin gətirilməsi, alınma sözlərin həmin dildə olduğu kimi yazılması və bunun dövriyyəyə buraxılması yazıda çox böyük qarışıqlıq, xaos yaradacaq. Ona görə bu məsələyə həssas yanaşılmalıdır.

Tanınmış telejurnalist, şair Vəli Əkbərin sözlərinə görə, bu analogiya Türkiyə dilçiliyi tərəfindən həyata keçirilib: “Amma bunu o qədər də düzgün hesab eləmirəm. Hər bir dilin öz imkanları və üstünlükləri var. Çalışmaq lazımdır ki, dilimizdə vətəndaşlıq hüququ qazanan sözlər özlərini çox sərbəst aparmasınlar. Daxili qanunlara əməl etmək həm imandandır, həm də elmdən”.


“Multikulturalizm” jurnalının baş redaktoru, yazıçı Fəxri Uğurlu da bu cür sözlərin dilimizə uyğunlaşdırılmağının tərəfdarıdır: “Bəzən xarici müəlliflərin adlarını olduğu kimi yazırlar. Məsələn, “Peugeot” sözü bizim dilimizdə “Pejo” kimi yazılır. Xarici dili bilməyən kimsə bunu necə oxusun olduğu kimi qalsa? Ancaq mətnin bir yerində mötərizə içərisində olduğu kimi yazıla bilər. Məsələn, bir mətndə bir neçə dəfə Feysbuk yazılırsa, bir yerdə qarşısında mötərizə açılaraq olduğu kimi (Facebook) yazmaq olar, amma ümumən öz dilimizə uyğunlaşdırılır. Onda gərək ərəb, Çin əlifbası da olduğu kimi verilsin. Bu səbəbdən öz dilimizə uyğunlaşdırmağın tərəfdarıyam”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyir ki, fikrimcə, dünyada qəbul edilmiş sözlər var ki, biz də olduğu kimi qəbul etməliyik.


“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay da bu cür sözlərin olduğu kimi yazılmağının tərəfdarıdır.


Tanınmış telejurnalist və sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli bu mövzu ilə bağlı müzakirələri düzgün hesab etmir: “Bu barədə Dilçilik İnstitutu yeni lüğət hazırlayıb və bu məsələ Nazirlər Kabinetində təsdiqini tapıb. Müzakirənin nə mənası var ki? Dilimizə uyğunlaşdırılıb yazılmalıdır, məsələn yutub və ya feysbuk”.


Publika.az-ın redaktoru, filoloq Bəxtiyar Əlirzayev yeni yaranan sözlərin dilimizdə fikir ayrılığı yaratmasından təəssüflənir: “Burda əsas fikir ayrılığı deyilişlə yazılışın fərqliliyindən qaynaqlanır. Dilçilərimiz yekun olaraq belə qərara gəliblər ki, bu tip sözlər deyilişə uyğun yazılmalıdı. Ancaq mən gündəlik iş zamanı addımbaşı bu qərarın problem yaratdığını görürəm. Məncə, Türkiyədə bu məsələ daha doğru variantda həll olunub. Biz isə hələ də rus dilinin qaydalarına uyğun olaraq insan, ölkə adlarını tamam dəyişir, texnoloji terminləri biabırçı formada özümüzünküləşdiririk. Hazırda belə yazırıq: Şirkət adıdırsa, “Facebook”, domendirsə, facebook.com, sosial şəbəkə kimi işlədilirsə, feysbuk. Siz Allah, bu nə məntiqdi belə? Üç dənə sözün arasında o üz, bu üzə qaçmaqdan dilimiz çiynimizdə ləhləyirik rəsmən”.


Yazıçı Qan Turalı deyir ki, dil qaydalarına görə bu cür sözlər tələffüz olunduğu kimi yazılmalıdır: “Amma bu qaydalar nə zaman qoyulub? 60-cı illərdə, Soyuq müharibənin isti vaxtlarında. O zamandan bu yana çox şey dəyişib. İkiqütblü dünya dağılıb. Dəyişməyən deyəsən bircə elə Dilçilik İnstitutudur. Mən bu dəqiqə kompüterimdə brauzerimə girib youtube.com yazıramsa, “Word” proqramında niyə Yutub yazmalıyam ki? Bu cür ümumişlək sözləri tələffüz olunduğu kimi yazmaq absurddur. Çünki biz onları öz gerçək adları ilə yazırıq. Ümumiyyətlə, Dilçilik İnstutu Azərbaycan dilinin izahlı lüğətini hazırlamaqla məşğul olmalıdır. Aparıcıların nitqi ilə, Google-ni Quql etməklə məşğul olurlar”.


Yazıçı, teleaparıcı, ssenarist Orxan Fikrətoğlunun sözlərinə görə, Azərbaycanda dil qurumu və Milli Məclis qərar verməlidir ki, bu cür sözlər olduğu kimi yazılmalıdır, yoxsa dilimizə uyğunlaşdırılmalıdır: “Hamı da o qanunlara tabe olub, ona uyğun yazmalıdır. Əslində, bütün xarici sözlərin Azərbaycan dilinə ekvivalenti tapıla bilər. Amma müxtəlif dillərdən olan beynəlxalq terminlər var ki, məncə onlar olduğu kimi saxlanılmalıdır”.