Ticarətçilər özlərini yanğından necə sığortalamalıdır? – VİDEO

812

Bakıda fəaliyyət göstərən böyük ticarət mərkəzlərində son aylarda ard-arda bir neçə yanğın hadisəsi baş verib. “Diqlas” ticarət mərkəzi, “X Lady” mağazası, “Sədərək” və “Binə” ticarət mərkəzlərində və digər yerlərdə baş verən yanğınlarda mərkəzlərin rəhbərliyi ilə yanaşı mağaza sahiblərinə də ziyan dəyib. Ötən həftə Nərimanov rayonu ərazisində tikinti materialları bazarında baş verən yanğında da analoji hal yaşanıb.

Sonuncu hadisədə ziyan çəkmiş sahibkarlardan olan Orxan Abbasov “Report”a bildirib ki, yanğın nəticəsində ona 200 min manata yaxın ziyan dəyib. Mallarının sığorta olunub-olunmamasına gəlincə, sahibkar deyib ki, sığorta şirkəti ilə müqaviləsi olsa da, müddətin bitib-bitmədiyini dəqiq bilmir: “Bir illik müqavilə bağlamışdım. Bütün sənədlərim yandığı üçün müddətlə bağlı sığorta şirkətindən cavab gözləyirəm”.

O qeyd edib ki, yanğında zərər görən sahibkarların əksəriyyətinin ya ümumiyyətlə sığortası yoxdur, ya da vaxtı keçib.

“Report” əməkdaşları bazarda fəaliyyət göstərən digər sahibkarlarla da sorğu keçirib. Sahibkarların bir neçəsi sığorta müqaviləsi olduğunu desə də, məbləğ və müddətlə bağlı məlumatlı olmadıqlarını bildiriblər. Bir çox sahibkarlar isə bildiriblər ki, onlar sadəcə icarəçidirlər və sığorta məsələsi bazarın sahibinə aiddir.

Sığorta müqaviləsi olmayan sahibkarlar isə videomüsahibə verməyə də razı olmayıblar. Bu barədə söz demək səlahiyyətinin bazarın sahibində olduğunu bildirsələr də, həmin şəxsi tapmaq mümkün olmayıb. İcarəçilər nəinki onun yerini deyib, hətta adını belə deməyə çəkiniblər.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, bu kimi yanğın hadisələri son aylarda ard-arda “Sədərək”, “Binə” ticarət mərkəzlərində, həmçinin Nizami rayonu ərazisində yerləşən bir neçə ticarət obyektində baş verib. Hər birində də sahibkarlara külli-miqdarda ziyan dəyib. Bəs sahibkarlar niyə obyektlərini və mallarını sığorta etdirməkdə maraqlı deyil?

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı “Report”a bildirib ki, bunun bir neçə səbəbi var:

“Daşınmaz əmlakın icbari sığortasını mülkiyyətçi – əmlak sahibi etməlidir. Mülkiyyətçi həmin o ticarət mərkəzinin sahibidir. Ticarət mərkəzindəki mağazaları işlədənlər isə sadəcə icarəçilərdir. Təəssüf ki, bir çox hallarda həmin mağazaların nə rəsmi sənədi var, nə də icarəyə verilməsi ilə bağlı rəsmi müqaviləsi. Əgər əmlak sahibi obyekti sığorta etməyibsə belə, icarə müqaviləsi əsasında mağazanı işlədən sahibkar da əmlakı icbari sığorta etdirə bilər. Amma real vəziyyət necədir? Adətən bu cür ticarət mərkəzlərində şərti olaraq sığorta ilə müqavilə bağlanır ki, Fözvqəladə Hallar Nazirliyi (FHN) gələndə sığorta olunması barədə sənəd göstərə bilsinlər. Yəni, 20-30 milyonluq ticarət mərkəzi 100-200 minə, uzaqbaşı bir milyon manata sığortalanır. Hər hansı bir hadisə baş verəndə də sahibkar oradan qəpik-quruş alır, ona dəymiş ziyan normal qaydada ödənilmir”.

 Xəyal MəmmədxanlıSığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı

“Təəssüf ki, bir çox hallarda həmin mağazaların nə rəsmi sənədi var, nə də icarəyə verilməsi ilə bağlı rəsmi müqaviləsi”.

Ekspert əlavə edir ki, daşınmaz əmlakın icbari sığortası yalnız daşınmaz əmlakı – binanın özünü, konstruksiyalarını, qapı pəncərəsini, döşəmə tavanını, təmirini və s. əhatə edir: “İcarəçilərin satdığı, yaxud anbarlarda olan mallara isə həmin sığortanın heç bir aidiyyatı yoxdur. Malları sahibkar istəsə özü könüllü qaydada sığortalaya bilər”.

X.Məmmədxanlının sözlərinə görə, sahibkarların buna maraq göstərməməsinin də müəyyən səbələri var:

“Təəssüflər olsun ki, Azərbaycanda illərdir vergi, gömrük, şəffaflaşma, hesabatlılıq sistemi ilə bağlı iş aparılsa da, bu gün görünən odur ki, həmin ticarət obyektlərində satılan malların heç bir reyestri, uçotu yoxdur. Vətəndaşdan soruşsan ki, sənin mağazanda olan malın məbləği nə qədərdir, hardan, neçəyə gətirmisən, o, heç bir rəsmi sənəd təqdim edə bilməyəcək. Çünki Çindən, Türkiyədən çemodanla gətirib satılan mallardır. Sahibkar həmin mağazanı sığortalamaq istəyəndə, sığorta şirkəti haqlı olaraq deyəcək ki, mənə mağazada, anbarda olan malların siyahısını təqdim elə, onların maya dəyərini sənədlə göstər. Bu, sığorta şirkətinə ona görə lazımdır ki, sabah yanğın baş verəndə həmin o qiymətlər əsasında sahibkara pul ödəsin. Həmin malların ölkəyə girişi ilə bağlı bəyannamə, gömrük qiymətləndirməsi olsa, sığorta şirkəti də həmin qiymətləri əsas götürərək, sabah hadisə baş verəndə həmin zərəri ödəyə bilər”.

Məsələnin daha bir problemli tərəfi sığorta şirkətləri də bu cür ticarət obyektlərindəki mağazaları sığorta etməyə maraqlı deyil. Ekspert bildirir ki, bunun səbəbi “Binə”, “Sədərək” kimi ticarət mərkəzlərində heç bir yanğın təhlükəziliyi qaydalarına riayət olunmamasına görə risk faktorunun yüksək olması ilə əlaqdardır:

“Orada heç bir texniki təhlükəsizlik tələblərinə əməl olunmur, çalışanların yanğın təhlükəsizliyi təlimatlarından xəbəri yoxdur, ən kustar üsullarla elektrik naqilləri çəkilib, texniki təhlükəsizlik tələblərinə cavab verməyən qızdırıcılardan və digər cihazlardan istifadə olunur. Bütün bunlar yanğın riskini artırtığına görə, sığorta şirkətləri belə obyektləri sığortalamağı arzu etmirlər. Amma şəhərin mərkəzində yerləşən “Park Bulvar”, “Gənclik Mall” kimi ticarət mərkəzlkərindəki sahibkarlar mallarını sığorta etdirmək istəsələr, sığorta şirkətləri məmnuniyyətlə razılaşarlar. Çünki orada texniki təhlükəsizlik tələblərinə əməl edilir, dükanlar normal şəraitdə fəaliyyət göstərir, mühafizə olunur, yanğın birqadaları var və s. Belə olan halda, həm əmlakın özünü, həm də içərisindəki malları sığortalamaq mümkündür. Digər qeyd etdiyimiz ticarət mərkəzlərində isə həm təhlükəsizlik, həm də sənədləşmə baxımından sığortalanma üçün ciddi problem yaradan amillər var. Ona görə də, burada problem sığorta şirkətlərindən qaynaqlanmır”.

X.Məmmədxanlı bildirir ki, sığorta ilə bağlı eyni problemlər aqrar sektorda da var:

“Məsələn, fermer gəlir ki, mən mal-qaramı, təsərrüfatımı, tövləmi sığorta etmək istəyirəm. Amma gedib baxırsan ki, mal-qara elə şəraitdə saxlanılır ki, adamın heyvanlara yazığı gəlir. Vaxtında peyvənd vurulmur, baxanda bilirsən ki, bu gündən sabaha sağ çıxa, ya çıxmaya. Yaxud da bitkilçilkdən söhbət gedirsə, vaxtında dərmanlama aparılmır, alaq otu edilmir və s. Buna görə də, sığorta şirkətləri bu cür sığortalamadan yayınırlar. Çünki sığorta risk idarəetməsidir və hadisənin baş verəcəyi ehtimalı böyükdürsə, sığorta şirkətləri ora yaxın getmək istəmirlər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər