Tur-aksiyalar sumqayıtlı məktəblilərdə xoş təəssüratlar yaradıb – FOTOLAR

880

Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya layihəsi çərçivəsində Sumqayıt şəhər məktəblilərinin (IX-XI sinif şagirdləri) 24-27 mart tarixlərində cənub bölgəsinə səfərdə olublar.

Lənkəranın mərkəzi meydanında şəhər rəhbərliyi tərəfindən qarşılanan tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Burada onlara Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlər barədə, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında ətraflı məlumatlar verilib.

Martın 25-də Sumqayıt şəhərinin məktəbliləri Azərbaycanın flora və faunasının unikal növlərinin qorunduğu Hirkan Milli Parkı və Xanbulan gölünə ekskursiya etdikdən sonra,  çay plantasiyaları və sitrus meyvə bağları ilə tanış oldular. Ekskursiya zamanı məktəblilərə maraqlı məlumatlar verildi. Lənkəran şəhəri ilə tanışlığı davam etdirən tur-aksiya iştirakçıları daha sonra Bayraq Meydanı, Gənclər Mərkəzi, Lənkəranın simvollarından biri olan “Samovar”, “Qoşa Qala” qapıları, Həzi Aslanovun ev muzeyi, Dairəvi qala, Mayak binası ilə əyani olaraq tanış oldular. Lənkəranın tarixi, mədəniyyət abidələri, turizm mərkəzləri və digər görməli yerləri ilə yaxından tanışlıq iştirakçılarda geniş təəssüratlar yaratdı.

Tur-aksiyanın növbəti günündə marşruta uyğun olaraq Lerik rayonuna yola düşən tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, “Uzun ömürlülər” Muzeyi ilə tanış olaraq, bir sıra praktiki biliklər əldə etdilər. Tur-aksiya iştirakçıları günün ikinci yarısında gəzintilərini Astara rayonunda davam etdirərək, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Bulvar, “Yanar Bulağ”, Astara çay fabriki ilə tanış oldular.

Martın 27-də Sumqayıta geri qayıdan tur aksiya iştirakçılarını şəhər ictimaiyyəti qarşıladı. Məktəblilərin səyahət barədə fikirləri dinlənildi və onlara təhsillərində uğurlar arzulandı. Məktəblilər bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını və həqiqətən də Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını və bütün bunlara görə respublika prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər