Turistlər bizi niyə seçmir?

752

Yay mövsümünü yaşadığımız bir vaxtda hər kəs havaların istiləşməsindən, ilin yorğunluğundan təngə gələrək istirahət üçün yer axtarır. Orta gəlirli olan hər kəs tətili necə keçirmək haqda düşünür. Yüksək gəlirli ailələr, oliqarxlar üçün seçim imkanları çoxdur. Böyük əksəriyyətin isə uzaq səfərlərə çıxmaq imkanı çox azdır. Onlar ya qonşu Türkiyə, Gürcüstanda istirahət etməyə üstünlük verir, ya da ölkədaxili səfərləri seçməli olurlar. Bəs ölkə daxilində turizm komplekslərinin, istirahət guşələrinin qiymətləri orta statistik azərbaycanlıya dincəlmək imkanı yaradırmı? Ümumiyyətlə isirahət üçün könlümüzdən keçən yerlər cibimizə uyğun gəlirmi?

 

Biz turistləri soyuruq?

 

Azərbaycanda bir çox xidmət sahəsində, o cümlədən turizmlə bağlı infrastrukturlarda qiymətlərin baha olmasına dair yetərincə məlumat verilib. Aparılan araşdırmalar göstərir ki bu hal, əvvəlki kimi, ölkəmizə daha çox turistin təşrif buyurmasını əngəlləyir. Bu arada isə araşdırmalar onu da göstərib ki, baha qiymətlər sayəsində turistlər Cənubi Qafqaz ölkələri sırasında daha çox Azərbaycanda pul xərcləyir.

Belə ki, ölkəyə gələn turistlərin sayına görə 2011-ci ildə Cənubi Qafqazda birinci yerə Gürcüstan çıxıb. Azərbaycan turistlərin sayına görə Cənubi Qafqazda ikinci, Ermənistan isə üçüncü olub. 2011-ci ildə Gürcüstana gələn turistlərin sayı 39% artaraq 2 milyon 800 min nəfərə çatıb. Azərbaycanı 2011-də 1 milyon 500 min, Ermənistanı isə 758 min turist ziyarət edib. Müqayisə üçün bildirək ki, ənənəvi turist məkanı kimi tanınan İtaliyaya baş çəkən turistlərin sayı bu il cəmi 1 faiz artıb. Qonşu Türkiyə isə ölkəyə gələn turistlərin sayına görə siyahıda 6-cı yerdə gəlib. 2011-ci ildə 29 milyon turist Türkiyəni ziyarət edib.  Qeyd edək ki, Azərbaycan 2011-ci ildə Cənubi Qafqazda turistlərin ən çox pul xərclədiyi ölkə olub. Belə ki, Azərbaycan 2011-ci ildə turizmdən 1 milyard 200 milyon dollar qazandığı halda, Gürcüstanda bu rəqəm 900 milyon dollardan bir qədər çox olub. Ermənistan isə 2011-ci il ərzində turizmdən cəmi 445 milyon dollar qazana bilib.

 

 

Turistik kalkulyator

 

Ümumiyyətlə, uzun müddətdir ki, iqtisadçı ekspertlər Azərbaycanda turizm qiymətlərinin baha olması barədə açıqlamalar verir. Ekspertlər qeyd edir ki, turizm sektorunun inkişafının bir neçə şərti var. Yəni həmin şərtlər təmin edilmədən, turizm üçün Azərbaycan nə qədər əlverişli şəraitə malik olsa belə, yüksək potensial əldə edə bilməyəcək. Bu şərtlərdən biri turizm obyektlərində zəruri xidmət infrastrukturlarının qurulmasıdır. Yəni turizm obyektlərinin bir nömrəli vəzifəsi turistlərin istirahətini yüksək səviyyədə təşkil etməkdir. Çox təəssüf ki, ölkəmizdə otellərin bahalı olması heç də həmin rahat mühitin yaradılması anlamını vermir. İkinci bir məsələ odur ki, turizm obyektlərində işləyən kadrlar peşəkar olmalıdır. Azərbaycanda hazırda bu sahə üzrə ixtisaslaşmış kadrlar çox azdır. Ölkədə olan turizm universitetləri kifayət qədər kadr yetişdirə bilmir. Bunun üçün müasir dünyada olan mühüm turizm universitetlərin təcrübəsindən istifadə etmək lazımdır. Nəhayət, ən əsas məsələ budur ki, ölkədə turizm xidmətləri aşağı olduğu halda, qiymət göstəriciləri yuxarıdır. Bu vəziyyət gətirib ona çıxarır ki, orta statistik göstəricilərə malik turistlər ölkəyə gəlməkdən imtina edir. Belə ki, dünyanın ən mühüm turizm şəhərlərindən biri olan Antalyada yol, yemək, otel xərcləri də daxil olmaqla, 6-7 günlük səfər 600-700 dollardırsa, Azərbaycanda bu göstərici çox yüksəkdir. Ölkə daxilində qiymətlərin baha olması rəsmi dairələri də narahat edir. Ekspertlər isə bildirir ki, otel məsələsi təkliflə bağlıdır. Təklif az olan yerdə qiymət baha olmalıdır. O da bildirilir ki, Azərbaycanın bölgələrində otellər çox azdır. Bu da, istər-istəməz, qiymətə təsir edir. Üstəlik, xarici mütəxəssislərin gətirilməsi qiymət üstünə qiymət qoyur. Beləliklə, otellərin sayının az olması bir tərəfdən bahalığa təsir edir, kadr məsələsi də digər tərəfdən.

Qiymətin baha olması Azərbaycandakı otellərdə də etiraf olunur. Bildirilir ki, İstanbulla, ya da Gürcüstanla müqayisədə ölkəmizdə qiymətlər bahadır. Bəzi otellər qiymətin bahalığını həm də əlavə dəyər vergisinin çox olması ilə izah edir. Bildirilir ki, bizdə ƏDV 18 faizdir. Bəzi ölkələrdə turizm sektoru üçün ƏDV 7 faizdir. Məsələn, Litvanın paytaxtı Vilnüsdə bütün sahələrdə əlavə dəyər vergisi 21 faizdir, turizm sektoru üçün isə 7 faiz. Turizm şirkətləri arasında aparılan sorğu göstərir ki, 2009-cu ilin ikinci yarısından başlayaraq otellərin qiymətləri 15-20 faizədək aşağı düşsə də, sonradan qiymət artmağa başlayıb. Məsələn, şəhərin ən yaxşı otellərində əvvəllər bir gecə qalmaq 160 manata başa gəlirdisə, indi bunun üçün 200 manat lazımdır. Rayonlardakı otel və istirahət mərkəzlərində də qiymətlər artıb.

 

 

Cənub zonasına “Uzunömürlülər marşrutu”: günü 30-60 manata

 

Ölkədaxili turizm bölgələrindən Nabran, Quba, Qax, Şəki, Xızı (Altıağac),

Şamaxı, İsmayıllı, Qəbələ, Masallı, Yardımlı, Lənkəran, Lerikdə yerləşən

istirahət zonaları son illər xeyli populyarlaşıb. Sözügedən rayonlardakı istirahət

zonalarında bir nəfərin birgünlük istirahəti 60 manata başa gəlir. Qiymət fərqi turistin qalacağı mehmanxanadan, yeməkdən, eləcə də əyləncə şəraitindən asılıdır. «Xəzər» və «Nabran» istirahətzonalarında 1 nəfərin günlük istirahəti üçün 28-50 manat lazımdır. Bu qiymətə gündə 3 dəfə yemək daxildir.

 

 

Nabranda 1200 manata 7 günlük istirahət

Təbiətinə və populyarlığına görə fərqlənən Nabrandakı istirahət mərkəzlərində 2 nəfərin birotaqlı kottecdə gecələməsi üçün 90-100 manat tələb olunur. Bu məbləğə, “Aqua Park”dakı istirahətdən başqa, bütün əyləncələr daxildir.

Əgər ürəyiniz gündə 3 dəfə yemək istəsə, adambaşına əlavə 20 manat pul ödəyirsiniz. Qısası, bəzi istirahət mərkəzlərinin bir günü 120-140 manata (ən yaxşı halda) başa gəlir.

Deməli, 7 günlük üçün yol xərcini və sair əyləncəni də nəzərə alsaq,

minimum 1200 manat ödəmək lazımdır. Amma bu, hələ əlverişli qiymətdir. Nabranda “Caspian sea” istirahət mərkəzində adi nömrədə 1 nəfər üçün günlük istirahət 280, lüks şəraitli VİP nömrələrdə isə 1000-1500 manatdır. Zuğulbada dənizin yaxınlığında yerləşən istirahət mərkəzlərində isə kondisionerli, televizorlu, birotaqlı kottec 50 manatdır. İkiotaqlı kottec üçün isə 60 manat ödəməlisiniz. Burada təkcə səhər yeməyini pulsuz verirlər. Amma nahar və şam turistə endirimli tariflə başa gəlir.

 

 

Turistlər Azərbaycana niyə gəlir?

 

Azərbaycana səfər edən hər 10 turistin 7-si bura işgüzar məqsədlə gəlir. Turistlərin əksəriyyəti Azərbaycana tək gəlir və Bakıda qalmağa üstünlük verir. Bu göstəricilər BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda «Turizmin İnkişaf Layihəsi» çərçivəsində keçirilən «Xarici vətəndaşların Azərbaycana dair təəssüratlarının öyrənilməsi» barədə sorğunun nəticələrinə görə müəyyənləşib.

Araşdırmanın nəticələri göstərir ki, əcnəbilərin Azərbaycana səfərlərinin əsas səbəbi onların işgüzar fəaliyyətləri ilə bağlıdır. Belə ki, onları təmsil edən hər 10 nəfərdən 7-si ölkəmizə bu məqsədlə gəlir. Azərbaycana turist kimi səfər edənlərin ümumi respondentlər arasında xüsusi çəkisi 15%-ə bərabərdir. Dost-qohumuna baş çəkməyə gələnlər 6,1%, olimpiada-yarışlara gələnlər 3,3%, başqa ölkəyə gedərkən Azərbaycandan tranzit kimi keçənlər 2,7% və s. təşkil edir. Respondentlər arasında ölkəyə müalicə, konsert və s. kimi tədbirlərdə iştirak etmək məqsədilə gələnlər də var.

Əcnəbilər Azərbaycana tək səfər etməyə üstünlük verirlər (64%), 16,1%-i dostu ilə, yalnız 13,7%-i ailəsi ilə səfərə gəlir. Xaricilərin əksəriyyəti (53%) ölkədə 1-6 gün müddətində qalmağa üstünlük verir, orta hesabla isə onların səfəri 10 gün davam edir. Ölkəyə gələn turistlərin yalnız 18%-i rayonlara da getməyə üstünlük verir, 99%-i isə sırf Bakıda qalır. Azərbaycanda əcnəbi qonaqlar əsasən təbiəti zəngin olan və ölkənin şimal və şimal-qərbində yerləşən Quba (17%), Zaqatala (17%) və Şəki (15%) rayonlarına üstünlük verirlər. Araşdırma nəticələri göstərir ki, xarici turistlərin yarısı (48%-i) rayonlara işgüzar fəaliyyətləri ilə bağlı səfər edir. Bununla yanaşı, onlar arasında rayonlara istirahət, maraq və əyləncə məqsədilə səfər edənlər də var (35%).

Əcnəbilər Azərbaycan haqda informasiyanı əsasən internetdən alırlar (46%), ikinci mənbə dost-tanış və iş yoldaşlarıdır (40%). Nəticələr göstərir ki, ölkə haqqında məlumatların turistlərə çatdırılmasında KİV-in (TV, radio, qəzet) rolu olduqca azdır (14%).

Bakıda səfərdə olan əcnəbilərin hər 10 nəfərindən 7-si İçəri Şəhəri ziyarət edib. Digər ən çox ziyarət edilən yerlər Qız Qalası (61%), restoranlar (53%) və Milli Parkdır (50%). Onların Azərbaycanda ən çox bəyəndikləri yerlər də İçəri Şəhər, Qız Qalası və restoranlardır.

Əcnəbilərin 84%-i Azərbaycanda onlara göstərilən turizm xidmətlərinin səviyyəsindən məmnundurlar. Məmnun qalmayan 16%-in şikayət etdikləri başlıca səbəb xidmət personalının qeyri-peşəkar olması ilə bağlıdır (57%).

Bununla yanaşı, əcnəbilərin əksəriyyəti (56%) turizm xidmətlərinin qiymətlərindən narazıdır və qiymətlərin yüksək olduğunu bildirir. Narazı olan əcnəbilərin fikrincə, xidmət tarifləri 30-50% endirilməlidir.

Araşdırma nəticələri göstərir ki, əcnəbilərin Azərbaycana səfərləri zamanı adambaşına xərclədikləri orta vəsait 893 manat (təxminən 1100 ABŞ dolları) təşkil edir. Onların 47%-i 100-600 manat, 27%-i isə 601-1200 manat xərcləyir.

Əcnəbilərin Azərbaycanla bağlı bəyənmədikləri başlıca məqam qiymətlərin yüksək olması,  turizm infrastrukturunun lazımi səviyyədə inkişaf etməməsi, (24%)  müasir turizm mərkəzlərinin olmaması(23%), peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlıdır.

Lakin bütün bunlarla yanaşı  ölkəmizə gəlmiş əcnəbilərin əksər hissəsi Azərbaycana yenidən səfər etməyi planlaşdırır (57%). Ölkəmizə qətiyyən gələcəkdə səfər etməyəcək əcnəbilər ümumi respondentlərin 2%-ni təşkil edir.

 

 

 

Turistlər Sumqayıtda nə qədər xərcə düşür?

Təəssüf ki, hələ ki, şəhərimiz turistləri cəlb etmək baxımından yüksək imkanlara malik deyil. Sumqayıta təşrif buyurmuş turistlərin seçim imkanının azlığı da problemlər sırasındadır. Şəhərimizin qonaqlarının seçimi 3 məkan üzərində dayanır: “Term” hotel, “Dalğa” mehmanxanası və “Aylı gecə” mehmanxanası.

Hər iki otelin bir günlük qiymətlərini təqdim edirik:

“Term” hotel

Tək nəfərlik otaqlar – 70 manat

İki nəfərlik otaqlar – 90 manat

Lyuks otaqlar – 140 manat

(Qiymətlərə səhər yeməyi daxildir)

“Dalğa” mehmanxanası

2 nəfərlik otaqlar – 40 manat

Lyuks otaqlar – 60 manat

(Oteldə əlavə xidmətlər yoxdur)

“Aylı gecə” moteli:

2 nəfərlik otaqlar – 30-40 manat (qiymət otağın ölçüsünə görə dəyişir)

4 nəfərlik otaqlar – 80 manat

 

Səbinə DƏNİZ, “168 saat”

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Rahil
    İyul 31, 2012 - 14:38

    Meqalede gosterilen melumatda sehv var.Nabranda yerleshen “Caspian Sea” istirahet merkezinde bir neferin bir gunluk istiraheti 280 manat deyil, 90 manatdir.
    Sebine xanim, melumati yenileseniz meslehetdir.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər