Türkiyə-Azərbaycan birliyi, dostluğu bütün sahələrdə özünü göstərir

650

İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur 30 illik erməni əsarətindən qurtulduqdan sonra yenidən dirçəlməyə başlayıb. Bu ərazilər 30 il ərzində erməni vəhşiliyinin və vandalizminin şahidi olub. Bu illər ərzində işğal altında olan torpaqlarımızda daş-daş üstündə qalmayıb. Şəhərlər, kəndlər, tarix və mədəniyyət abidələri, qəbiristanlıqlar dağıdılaraq məhv edilib.

Bu gün artıq Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir. Bu ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Bu baxımdan Zəngilan Hava Limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.

Prezident İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatda bir sıra mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Dövlətimizin başçısı bildirdi ki, ikinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi.

Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da qeyd olunmalıdır.

44 günlük Vətən Müharibəsində olduğu kimi Qarabağın dirçəlişində də Türkiyə Azərbaycanın yanındadır. İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri Azərbaycanla bərabər çalışır. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulub. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir.

Prezident İlham Əliyev çıxışında erməni vandalizminə diqqət çəkərək qeyd etdi ki,  azad olunmuş torpaqlarda yalnız dağılmış binalar qalıb: “Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın”.

Bu gün Azərbaycan dövləti bütün gücünü işğaldan azad olunmuş ərazilərimizin bərpasına yönəldib. Prezident vurğuladı ki, keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.

Azərbaycan-Türkiyə birliyinin əbədiliyi və sarsılmazlığı Zəngilanda və Cəbrayılda bir daha nümayiş etdirildi. Prezident İlham Əliyev çıxışında bəyan etdi ki, Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi.

Türkiyə-Azərbaycan birliyi bölgədə çox mühüm amildir. Bu birlik Şuşa Bəyannaməsi ilə əsl müttəfiqlik səviyyəsinə qaldırıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi hər iki ölkənin xalqlarına gözaydınlığı, eyni zamanda, bütün dünyaya ciddi mesajdır.

Beləliklə, İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha yüksək səviyyəyə qalxdığını görürük. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevlə birgə açılışlara qatılması, birgə bəyanatı bunu bir daha göstərdi.

Dövlətimizin başçısı mətbuata bəyanatında səsləndirdiyi bu fikirlər isə iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olmasını aydın şəkildə ortaya qoyur: “Yəqin ki, siz də görürsünüz: hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir. Və bu gün əziz qardaşımın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq”.

Mətanət Pirquliyeva, əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər