“Ümumdünya Əməyin Mühafizəsi günü” ilə əlaqədar tədbir keçirilib

769

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə “Kimyaçı” Mədəniyyət sarayında “Ümumdünya Əməyin Mühafizəsi günü” qeyd olunmuşdur. Tədbirdə “Azərikimya” İB-nin rəhbərliyi, müəssisə rəhbərləri və əməyin mühafizəsi sahəsi üzrə mütəxəssislər iştirak etmişlər. Birliyin Əməyin mühafizəsi, təhlükəsizlik və ekologiya şöbəsinin rəisi Qəzənfər İmanov tədbirdə çıxış edərək dünyada hər il təxminən 270 milyon istehsalat qəzasının baş verdiyini, nəticədə 2 milyondan artıq insanın həyatını itirdiyini və milyonlarla əməkçinin ömürlük şikəst olduğunu qeyd etmişdir. Bu baxımdan istehsal sahələrində çalışan əməkçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması beynəlxalq miqyasda mühüm əhəmiyyət daşıyır. Beynəlxalq Əmək Təşkilatı aprelin 28-ni “Ümumdünya Əməyin Mühafizəsi günü” elan etmişdir. 2004-cü ildən etibarən Azərbaycanda da “Ümumdünya Əməyin Mühafizəsi günü” dövlət səviyyəsində qeyd olunur. 28 aprel 2011-ci il – Ümümdünya Əməyin Mühafizəsi günü “Fasiləsiz təkmilləşmənin yolu əməyin mühafizəsinin sistemli idarə olunmasıdır” devizi altında silsilə tədbirlərin keçirilməsinin ARDNŞ tərəfindən bütün idarə və struktur bölmələrinə tövsiyə olunması bu baxımdan aktual xarakter daşıyır. Tədbirdə bildirilmişdir ki, 2010-cu ildə ARDNŞ-nin “Azərikimya” İB-nin müəssisələrində bədbəxt hadisələrin, istehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması işləri planlı şəkildə davam etdirilmiş, 2011-ci il “Əməyin mühafizəsi ili” elan olunmuşdur. Bununla əlaqədar 2010-2011-ci illər üçün təhlükə mənbəli istehsalat sahələri üzrə kompleks tədbirlər proqramı hazırlanmışdır. “Azərikimya” İB-nin icraçı direktoru Xəqani Babayev yığıncaq iştirakçılarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahələri üzrə Birlikdə həyata keçirilən layihələr və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişdir. “Etilen-polietilen”, “Üzvi sintez” və Səthi aktiv maddələr zavodlarının əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbələrinın əməkdaşları çıxış edərək, çalışdıqları müəssisələrdə bu sahələrlə əlaqədar görülən işlərdən, kimyaçılar üçün yaradılmış təhlükəsiz iş şəraitindən söhbət açmışlar. Tədbirin sonunda gənc rəssamların təhlükəsizlik qaydalarını əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Ən yaxşı rəsm əsərlərinin müəllifləri “Azərikimya” İstehsalat Birliyi tərəfindən diplom və qıymətli hədiyyələrlə mükafatlandırılmışlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər