uUşaqlar arasında epidemiya yayılıb? – DƏNİZ SUYU TƏHLÜKƏSİ

683

Son günlər paytaxtın səhiyyə ocaqlarında, poliklinikalarda çimərliyə aparılan azyaşlıların, körpələrin epidemiyaya yoluxması ilə bağlı xəbərlər dolaşır. ValideynlərinLent.az-a etdiyi müraciətlərdən görünür ki, onlar azyaşlıların dəniz suyu udmaları nəticəsində epidemiyaya yoluxmasından narahatdırlar.

Biz də öz növbəmizdə çimərliyə aparılan azyaşlıların epidemiyaya yoluxması, dəniz suyunun monitorinqi, monitorinq zamanı çimərlik sularında epidemiya təhlükəsinin aşkarlanıb-aşkarlanmaması ilə bağlı aidiyyəti orqanların münasibətini öyrənməyə çalışdıq.

Epidemiya təhlükəsi ciddi həyəcan siqnalıdır. Dəniz suyunda anoloji faktın qeydə alınıb-alınmaması ilə bağlı sualı cavablandıran Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Lent.az-a bildirib ki, aparılan son tədqiqatların nəticəsi ilkin tədqiqatlarla üst-üstə düşür: “Belə ki, Səbail rayonu ərazisindəki Şıx, Qaradağ rayonu ərazisindəki Sahil çimərliklərində çirklənmə normadan dəfələrlə artıqdır. Yerdə qalan Abşeron rayonundakı çimərliklərdə suyun çirklənmə səviyyəsi normadadır. Dəniz suyunda epidemiyaların mövcudluğu ilə bağlı bu günə qədər bizə təcili bildiriş daxil olmayıb. Zəhərlənmə, epidemiyaya yoluxma faktı qeydə alınmayıb. Buna baxmayaraq, biz yenə öz işimizi görürük., tədiqatlarımızı davam etdiririk”.

Dəniz suyunda epidemiya faktı yoxdursa, bəs çimərlikdən xəstəxanalara aparılan azyaşlıların səhhətində yaranan problemlər nə ilə bağlıdır? Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova Lent.az-a açıqlamasında qeyd edib ki, hazırda epidemiya təhlükəsi yoxdur: “Mövsümi xəstəliklərdir. Dəniz suyu, hava uşaqların xəstələnməsinə gətirib çıxara bilir. Amma bu, epidemiya halı demək deyil”.

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev də hesab edir ki, dəniz suyunda epidemiya təhlükəsi mövcud deyil: “Hamısı şayiədir. Belə bir hal tərəfimizdən müşahidə edilməyib”.

Pediatr Vaqif Qarayevin sözlərinə görə, dəniz suyundakı mikro orqanizmlər yalnız bir halda epidemiyaya çevrilə bilər: “Dəniz suyunda hər hansı təhlükəli epidemiya təhlükəsi yoxdur. Dəniz suyu özü-özünü təmizləyir. Çünki duzluluq səviyyəsi yüksəkdir. Bu da durğun sulardan fərqli olaraq, dəniz sularında epidemiya təhlükəsinin minimuma endirilməsinə səbəb olur. Bununla yanaşı, dəniz suyunda mikroorqanizmlər mövcuddur. Dənizdə duzluluğun miqdarı azalarsa, yaxud hər hansı səbəbdən mikro orqanizmlərin sayı çoxalarsa, xəstəlik və epidemiyaya çevrilməsi ehtimalı, təhlükəliliyi çoxala bilər. Çünki bizim praktikamızda kanalizasiya suları da dənizə axıdılır. Bu şərtlər olmasa, dəniz suyundan hər hansı xəstəliyə yoluxma səbəbi demək olar ki, baş vermir. Duzluluq azalarsa, digər faktorlar olarsa, dəniz suyundan müxtəlif xəstəliklər, epidemiyalar törəyə bilər”.

Həkimin sözlərinə görə, ümumiyyətlə, uşaqlar dəniz suyuna nəzarətsiz buraxılmamlıdır. Bu, həm fiziki təhlükəsizlik, həm də dəniz suyunun uşağın ağzına düşməməsi baxımından önəmlidir: “Valideynlər mütləq bu nüansa diqqət etməlidirlər. Dəniz suyundakı xəstəliktörədicilər, ilk növbədə, uşaqlarda mədə-bağırsaq sistemini zədələyir. Orada müxtəlif viruslar, mikroorqanizmlər, xəstəliktörədicilər var. Bu aylarda mədə-bağırsaq sistemini zədələyə bilər. Deməzdim ki, dəniz suyunda hazırda epidemiya mövcuddur. Çünki epidemiya ciddi anlayışdır. Amma valideynlərin çimərlikdə nəzarətsiz qoyduğu uşaqlar əksər hallarda oradan xəstəliklərlə qayıdırlar. Tutaq ki, valideynlər uşaqlarını qarın ağrısı, qusma ilə həkim yanına gətirirlər. Soruşanda bəlli olur ki, bir-iki gün qabaq dənizdə olublar. Çox böyük ehtimalla həmin uşaqlar dəniz suyunu udublar. Uşaqların qulağına su getməməsi üçün xüsusi qulaqcıqlar var. Mütləq ondan istifadə etmək lazımdır. Dənizin qumu isə xəstəliklərə qarşı müqaviməti artırır. Əgər orada da gigiyenik normalara əməl olunmursa, uşaq xəstələnə bilər. Təmizliyə şübhə varsa, uşaqlar üçün xüsusi dəniz ayaqqabıları var. Mütləq ondan istifadə etmək lazımdır”.

Tibb elmləri doktoru Adil Qeybulla isə hesab edir ki, son günlər poliklinikalarda azyaşlı xəstələrin sayının çoxalması bağırsaq çöpləri, mədə-bağırsaq sisteminin pozulması ilə bağlıdır: “Əsas məsələ dəniz suyunda 1 kub metrdəki bağırsaq çöplərinin miqdarıdır. Əsas olaraq bu yoxlanılmalıdır. Çünki kanalizasiyalar dənizə axıdılır. Üstəlik, dəniz sularının təmizlənməsinə bir o qədər diqqət yetirilmir. Bunları nəzərə almaq lazımdır. Çox güman ki, baş verənlər də bununla əlaqədardır. Rəsmi qurumlar dənizdəki suyun vəziyyəti, epidemiya təhlükəsi ilə bağlı açıqlamalar verməlidir. Düşünürəm ki, son günlər poliklinikalarda azyaşlı xəstələrin sayının çoxalması bağırsaq çöpləri, mədə-bağırsaq sisteminin pozulması ilə bağlıdır”.

Adil Qeybulla onu da vurğulayır ki, bu situasiya vaxtında müalicə olunmasa, hətta uşaq ölümü ilə də nəticələnə bilər. Adətən mədə-bağırsaq pozulmaları qıcolmalara gətirib çıxarır: “Vəba xəstəliyinin özündə də ölümə gətirib çıxaran əsas amil budur. Hesab edirəm ki, valideynlər mümkün qədər diqqətli olmalıdır. Uşaqları dənizə aparmaqdan çəkinməlidirlər. Bu istilərdə diqqətli olmaq şərtdir. Yaxşı olardı ki, imkanları varsa, ayrılmış xüsusi çimərliklərə getsinlər. Amma istənilən halda ehtiyatlı olmaq lazımdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər