“Vaksin qurtuluşun yeganə yoludur” – Tanınmışların peyvənd ÇAĞIRIŞI

808

Dünya koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizəni gücləndirib. Artıq hər keçən gün COVİD-19 əleyhinə peyvəndələmə geniş miqyas alır.

Yanvarın 18-dən Azərbaycanda da vaksinasiya prosesi başlanıb. Ölkəmizdə istifadə olunan Çinin “Sinovak” vaksinləri keyfiyyətinə görə üstün hesab edilir.

Azərbaycanda peyvənd olunma könüllü şəkildə həyata keçirilir. Çindən alınan “Sinovac” vaksini insanlara pulsuz vurulur.  Mütəxəssislərin bildirdiyinə görə, koronavirus bəlasından qurtulub normal həyata qayıtmağın hələ ki yeganə yolu vaksin vurdurmaqdır.

Koronavirus xəstələrinin müalicəsində iştirak etmiş həkim-radioloq Aydın Əliyev Modern.az-a deyib ki, ölkədə peyvəndləməyə dair geniş maarifləndirmə işinin aparılmasına ehtiyac duyulur. Çünki insanlar arasında vaksin vurdurmağın vacib olduğunu düşünənlərlə yanaşı, tərəddüd edənlər də az deyil:

“Peyvəndin önəmini, əhəmiyyətini, əvvəlki zamanlarda kökü kəsilmiş xəstəliklərin vaksin nəticəsində yox olduğunu insanlara çatdırmaq lazımdır. Bunlar çatdırılmır deyə, bəzi insanların fikrində mənfi düşüncələr yaranıb. Nəticədə sosial şəbəkələrdə peyvəndləmə ilə bağlı yanlış fikirlər yaılır.

Halbuki, vaksin vurdurmaq sağlamlıığı müdafiə etmək deməkdir…”.

Həkim deyir ki, insanların düşüncələrinin müsbətə doğru dəyişməsi üçün peyvənd olunmuş şəxslər yaxın ətrafına vaksinasiyanın vacibliyini anlatmalı, peyvənddən sonra heç bir əks-təsirin olmadığını cəmiyyətə çatdırmalıdırlar.

Aydın Əliyevin sözlərinə görə, bəzən yanlış fikirlər səhiyyə sahəsində olan boşluqlardan qaynaqlanır:

“Bir çoxları peyvəndləmədən sonradan hansısa fəsadlar yaranacağını düşünürlər. Amma yalnış düşüncələrdir, çünki virusdan qurtulmağımızın tək yolu vaksin vurdurmaqdır.

Mən bir həkimpeyvəndi vuran və vurduran bir şəxs olaraq insanlarımıza müraciət edib deyirəm ki, vaksin bu xəstəlikdən qurtuluşun yeganə yoludur. Biz peyvənd vurduran zaman ətrafımızdakı yaşlı insanları da qorumuş olarıq. Peyvənd insanda sadəcə immunintet yaradır. Bundan çəkinmək lazım deyil, birmənalı şəkildə hər kəsin peyvənd olunmasını tövsiyə edirəm”.

Vaksin vurdurmuş deputatlar da seçiciləri olan vətəndaşları peyvəndləmə prosesinə inamla yanaşmağa çağırıblar.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev:

“Kimdəsə vaksinə əks-göstərişlər, allergiya, yanaşı xəstəliklər yoxdursa, mütləq peyvənd olunmalıdır. Bunu təkcə özünə görə yox, ailə üzvlərinə, yaxınlarına görə etməlidir. Sağlam insanlar üçün vaksin vurdurub-vurdurmamağın müzakirəsi olmamalıdır”.

Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatı Eldar İbrahimov:

“Mən artıq vaksinin birinci dozasını vurdurmuşam. Özümü də çox yaxşı hiss edirəm. Heç bir əks reaksiya yoxdur. 65 yaşdan yuxarı insanların peyvənd olunması mütləqdir. Hər bir deputat həmkarımı da vaksin vurdurmağa səsləyirəm”.

Deputat Asim Mollazadə də artıq vaksin vurduran parlamentarilər sırasındadır.

“Özümü çox yaxşı hiss edirəm. Heç bir əks reaksiya baş vermədi. Hər kəsə tövsiyə edirəm ki, peyvənd olunsun. Çünki COVİD-19-dan qurtulmaq üçün peyvənd olunmaq vacibdir. Vaksin vurdurmaq həm özümüzün, həm də yaxınlarımızın sağlamlığı üçün önəmlidir”.

Deputat Fəzail Ağamalının sözlərinə görə, o, fevralın 8-də riskli yaş qrupunun nümayəndəsi kimi könüllü şəkildə peyvənd olunmaq üçün müraciət edib:

“Elə həmin gün də vaksin vurdurdum, sonra həkimlərin tövsiyəsi ilə yarım saat gözlədim. Bu yarım saat ərzində məndə hər hansı əks təsir baş vermədi. Ondan bəri keçən zaman kəsiyində də məndə peyvəndin hər hansı əks təsiri olmadı. Hər şey qaydasındadır.

Bir daha bildirirəm ki, “Sinovak”  vaksinlərinin heç bir mənfi təsiri yoxdur. Mart ayının 6-da mən böyük məmnuniyyətlə ikinci vaksini vurduracağam”.

Yaşı 65-dən yuxarı olan daha bir deputat Cavanşır Paşazadə də vaksin vurdurub:  “Özümü çox yaxşı hiss edirəm”.

Tanınmış həkim, tibb elmlər doktoru, professor Adil Qeybulla insanları tərəddüd etmədən vaksin vurdurmağa çağırlrb. O özü də vaksin vurduran həkimlərdən biridir:

“Mən Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Korpusunda COVID-19 infeksaiyasına qarşı Çin Xalq Respublikasından alınan “Sinovak” vaksininin 1-ci dozasını vurdurdum. Artıq peyvənd olunmağımdan xeyli vaxt ötür. İnanın, iynə yerində xəfif ağrıdan başqa heç bir diskomfort yoxdur.

Şübhəsiz ki, peyvəndləmə pandemiyanın sonu deyil. Amma infeksiya zəncirinin qırılmasının, onun kaskad şəklində yayılmasının qarşısını almaq üçün vacib prosedurdur. Biz bu yolla, kollektiv immunitetə və pandemiyanın sonuna tez və daha az itkilərlə yetişə bilərik. Peyvənd aktiv immunizasiya metodu olub infeksiyalarla mübarizə işində elmin nail olduğu ən effektiv vasitə olaraq qalır.

Məhz kütləvi peyvəndləmənin nəticəsi olaraq, vaxtilə on minlərlə uşağın həyatına son qoyan, onları əlil edən skarlatina, difteriya, göy öskürək (boğmaca), qızılca, poliomielit kimi infeksiyalar yoxa çıxıb. Peyvəndin köməyi ilə təxminən 500 milyon insanın həyatına son qoyan təbii çiçək kimi xüsusi təhlükəli infeksiya yoxa çıxmış və Ümumdünya Səhiyyə Təşkilatından reyestrindən çıxarılmışdır.

Bu reallıqları nəzərə almaq gərəkdir.

Pandemiyanın başlanğıcında bəzi iadamların sürətlə yayılan infeksiyanı yalan, boş şey, insanları məhv etmək metodu və s. kimi primitiv səviyyədə cəfəng, əsassız və məntiqsiz təbliğat aparmaqlarını yada salın. Təəssüf ki, sonradan həmin dezinformasiya hörgütünün bəzi üzvləri özləri də xəstələndilər, onların içərisində həyatlarını itirənlər də az olmadı…

Ona görə də qətiyyən vaksin tərəddüdünə qoşulmayın, bu antikampaniyanı bilərəkdən yayan və ya səmimi yanılanların təbliğatına uymayın. Peyvənd olunun, bundan qətiyyən çəkinməyin”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər