Vəkil: “Reket jurnalistlər”in ən çox yayılan qanun pozuntularından biri şantajla pul tələb etməkdir”

992

“Qanunvericilikdə “reket jurnalistlər”lə bağlı müddəalar əksini tapıb. Burada söhbət hüquq pozuntularının “reket jurnalistlər” tərəfindən törədilməsindən gedir ki, bununla bağlı da qanunvericilikdə müddəalar nəzərdə tutulub. Məsələn, bu sahədə ən çox yayılan qanun pozuntularından biri vətəndaşdan hədə-qorxu, şantaj yolu ilə pul tələb etməkdir. Bu, cinayət hesab edilir və buna görə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

Bunu “Report”a açıqlamasında vəkil Vamiq Şükürov deyib.

O bildirib ki, bəzi “jurnalist”lər “Kütləvi informasiya vastiləri haqqında” qanunla onlara verilən hüquqlardan sui-istifadə edirlər: “Bir insan ona verilən hüquqdan təyinatı üzrə, başqa birisi isə bundan sui-istifadə edə bilər. Məsələn, jurnalistin müsahibə almaq, video-foto çəkilişlər aparmaq, səs yazmaq hüququ var. Jurnalist var ki, hansısa həkimin qəbuluna gedir. Həkim ondan artıq pul tələb edirsə, onun səsini yazır, yəni hüququndan sui-istifadə edir. Sonra səs yazısını ictimailəşdirəcəyini deyir, pul tələb edir. “Reket jurnalist”lər daha çox belə işlərlə məşğuldurlar. Öz saytlarında hansısa məmur, vəzifəli şəxs, sahibkar barəsində əsassız və şayiə xarakterli məlumatlar yazırlar. Düzdür, bəzən də həqiqəti yazırlar. Tutaq ki, hansısa məmur, sahibkar qanunsuzluğa yol verib, bunlar da həmin faktı yazıblar. Yazı sayta yerləşdirildikdən sonra məmur və ya sahibkar yazını yazan şəxslərlə əlaqə saxlayır, xahiş edir ki, həmin yazını silsinlər. Bunlar da yazının çıxarılması müqabilində pul tələb edirlər. Bu da qanunsuz fəaliyyətdir, qanunvericiliklə qadağan olunub”.

V.Şükürov bu cür halların qarşısının alınması üçün saytlar təsis edilərkən lisenziyanın tələb edilməsini doğru saymır: “Saytlar yaradılarkən lisenziyanın tələb edilıməsi söz və fikir azadlığının boğulması hesab oluna bilər. Dünyanın heç bir mütərrəqi ölkəsində saytlarla bağlı lisenziya tələb edilmir. Azərbaycanda mətbuat orqanları, kütləvi informasiya vasitələri təsis edilərkən Ədliyyə Nazirliyində qeydiyyatdan keçirlər. Bu, o demək deyil ki, onlar qeydiyyatdan keçməzsə, fəaliyyət göstərə bilməzlər. Amma qanun tələb edir ki, onlar qeydiyyatdan keçsinlər”.

Vəkil qeyd edib ki, “reket jurnalist”lərlə bağlı ona xeyli müraciət daxil olur: “Ad çəkməyəcəm, bu yaxınlarda bir jurnalist müəssisəyə girib, təklif edib ki, jurnal çap olunsun və həmin jurnalda müəssisənin fəaliyyəti işıqlandırılsın. Jurnalın təsisçisi də xanım olub. Müəssisə ilə bağlı material jurnalda dərc edilib. Həmin materialın içində də müəssisədə çəkilən şəkillər olub. Xanım öz şəklini də materiala daxil edib. Müəssisə rəhbərliyi də həmin materialı öz saytlarında, həmçinin “Facebook” sosial şəbəkəsindəki səhifələrində paylaşıb. Sonradan o jurnalistin qohumu, özünü nişanlısı kimi təqdim edən şəxs müəssisənin rəhbərinə zəng edib. Deyib ki, “Nişanlımın şəklini niyə “Facebook”a yerləşdirmisən? Səninlə bağlı tədbir görəcəm”, sonra da təhqir edib. Sonda razılaşıblar ki, məsələni müəssisədə həll etsinlər. Baxın, şantaj yolu ilə pul tələb edirlər, bununla bağlı da öncədən plan qururlar. Bütün bunlar əlbəttə ki, qanunvericilikdə qadağan olunub”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər