Vəkilliyə namizədlərin andiçməsi keçirilib

2125

2018-ci il may ayının 28-də Şərqdə ilk parlamentli Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamı ilə milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikamızda dövlət səviyyəsində geniş qeyd edilməsi, yubileyə həsr olunmuş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.

Bugün – mayın ayının 23-də Pullman Baku mehmanxanasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Tədbir BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə təşkil olunmuşdur.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək qeyd etmişdir ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuşdur. Kollegiyanın sədri öz çıxışında bildirmişdir ki, bu günlərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə AXC dövründə vəkillik fəlaiyyətini araşdırılması ilə bağlı Komissiya təşkil olunmuş və Milli Arxiv İdarəsində aparılmış tədqiqatın nəticəsində Əlimərdan bəy Topşubaşov, İsmayılxan Ziyadxanov, Xəlil bəy Xasməmmədovun, Fətəlixan  Xoyskinin adları həmin dövrdə tərtib olunmuş vəkillərin reyestrində aşkar olunmuşdur. Bu isə öz növbəsində Cumhuriyyətin yaranmasında və fəaliyyətində o zamankı vəkillərin böyük rolunun olması barədə fikir söyləməyə əsas verir. Eyni zamanda tədbirdə İsmayılxan Ziyadxanov nəvəsi Valid Ziyadxanov da iştirak etmiş və tədbir iştirakçılarına İsmayılxan Ziyadxanovun imzası ilə vəkil andı təqdim olunmuşdur.

Həmçinin tədbirdə Rəyasət Heyətinin qərarı ilə İsmayılxan Ziyadxanovun adına xatirə döş nişanı, Əlimərdan bəy Topçubaşovun adına hüquq fakültəsinin təhsildə fərqlənən tələbələri üçün təqaüd təsis edilmişdir.

Tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Aydın Axundov AXC-nin görkəmli xadimləri və liderləri, Naxçıvan MR Vəkillər Kollegiyasının sədri Tural Hüseynov AXC dövründə məhkəmə-hüquq islahatları, Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı isə AXC-nin yaranması və fəaliyyətinin hüquqi əsasları ilə bağlı çıxış etmiş, daha sonra isə Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədova tərəfindən AXC-yə həsr olunmuş açıqcaların təqdimatı keçirilmişdir.

Bugün, həmçinin, ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 87 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi keçirilmişdir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirmişdir ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkillik institutunun inkişaf etdirilməsi istiqamətində aparılan tədbirlər davam etməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunmuşdur. Bu məqsədlə hazırda vəkilliyə qəbul üzrə namizədlərin sənəd qəbulu, habelə 28.01.2018-ci il tarixdə keçirilmiş yazılı test imtahanlarını uğurla keçmiş namizədlərlə şifahi müsahibələr aparılmaqdadır.

Daha sonra, peşəyə buraxılan 87 nəfər vəkilliyə namizəd qanunvericilklə nəzərdə tutulmuş qaydada vəkil andı içmiş, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilmişdir.

Tədbirin sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin hazırladığı “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər