Vətən Müharibəsi Qəhrəmanının möhtəşəm toyu – XALQ QƏZETİ YAZIR…

966

Sumqayıtdakı şadlıq saraylarından birində Vətən Müharibəsi Qəhrəmanı, qazi İzzət Zakir oğlu Balacayevin toy mərasimi keçirilib. Toyda şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, digər rəsmilər, qəhrəmanın döyüş dostları da İzzətin sevincinə şərik olub, öz iştirakları ilə məclisə xüsusi rəng qatıblar.

Zakir Fərəcov Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və xoş arzularını qəhrəman zabitə çatdırıb və ona qiymətli hədiyyələri təqdim edib. İftixarla vurğu­lanıb ki, Vətən müharibəsində düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman xüsusi olaraq fərqləndiyinə görə İzzət Balacayevə Prezidentin sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin, Kəlbəcərin azad olunmasına görə və “Şücaətə görə” medalları ilə təltif olunub. Toy məclisində qeyd olunub ki, Ali Baş Komandanın vurğuladığı kimi, bu tarixi qələbəyə görə hər birimiz şəhidlərimizə, qazilərimizə borcluyuq.

İzzət Balacayev 1993-cü il dekab­rın 14-də Qax şəhərində dünyaya göz açıb. Bu şəhərdəki 5 nömrəli tam orta məktəbdə təhsil alıb. Doqquzun­cu sinifdən isə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Liseydən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsilini davam etdirib. 2017-ci ildə leytenant rütbəsində xüsusi təyinatlı hərbi hissədə xidmətə başlayıb. Gənc zabit kimi bir il son­ra Türkiyədə 4 aylıq təkmilləşdirmə kursu keçib. 2019-cu ildə baş leytenant rütbəsini alıb. Eyni zamanda, o, həmin il dost Pakistanda “Səhrada döyüş” hərbi təlim kursunun iştirakçısı olub. 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsinin ilk günündən cəbhədə olan igid həmyerlimiz daim ön xətdə vu­ruşub. Hələ müharibənin ilk günlərində cəsur bölük komandirinin göstərdiyi igidliyə görə təltif edilməsi barədə ko­mandanlığın təqdimatı olub.

Yeri gəlmişkən, İzzətgil hərb sənətinə könül verən nəsil kimi tanınır­lar. Böyük qardaşı Bəhruz 17 ildir ki, Si­lahlı Qüvvələrin sıralarında xidmət edir. Qəhrəman qardaşının toyunda bəlkə də hamıdan çox o sevinirdi. Əmisi oğlu, İkinci Qarabağ müharibəsinin şəhidi, ölümündən sonra “Vətən uğrunda”, həmçinin Suqovuşanın və Kəlbəcərin azad olunmasına görə medallara layiq görülmüş Elgün İzzətzadənin isə həmin gün ruhu xeyli şad idi ki, özü toy üzünə həsrət qalsa da, barı İzzət bu xoşbəxtliyə qovuşdu.

Toyun çal-çağırına baxmayaraq, İzzət özünü barıt qoxulu xatirələrə dalmaqdan saxlaya bilmirdi. Şəhid əmisi oğlunun və döyüş dostlarının gülümsər çöhrələri gözləri önündə canlanırdı.

…Şuşa istiqamətində ağır döyüşlər gedirdi. Xüsusi təyinatlılar, həmişəki kimi, yenə öndə idilər. Hər tərəf minalan­mışdı, ani diqqətsizlik faciə ilə sonlana bilərdi. Ordumuzun qorxmaz və ayıq-sa­yıq əsgərləri inadla Şuşaya can atırdılar. Baş leytenant İzzət Balacayevin bölüyü Şuşaya kimi 5 kilometr məsafəni qət etməli idi. Hücum əmrini alan bölük oktyabrın 28-də hərəkətə keçdi. İzzətgil qartal kimi düşmənin üstünə şığıyırdılar. Onlar ermənilərin müqavimətini qıra-qıra xeyli irəlilədilər. Təəssüf ki, döyü­şün ən gərgin anlarından birində düz əsgərlərimizin yaxınlığında güclü mərmi partlayışı oldu. Şuşa fatehlərindən bir neçəsi orada həyatını itirdi. Baş leyte­nant İzzət Balacayev isə ağır yaralandı, sağ ayağının üçdə birini itirdi. Təxliyə olunaraq hospitala göndərildi və üç dəfə ağır cərrahi əməliyyat edildi.

Ötən il İzzətin haqqında bizim qəzetimizdə oçerki dərc olunmuş jurna­list Xavər Əfəndiyeva qəhrəmanın şəxsi xarakter cizgilərini hərtərəfli göstərib: “ Özü haqqında danışmağı sevməyən İzzət dedi ki, dövlətimiz hər zaman öz əsgərinin yanındadır: “Mən bunu dəfələrlə hiss etdim. Müalicə olunduğum müddətdə Ali Baş Komandan üç dəfə bizə baş çəkib. Hər bir əsgər və zabitin sağlamlığının bərpası üçün lazım olan nə varsa, dövlətimiz onu edib. Mənim ayağıma da ən müasir protez qoyulub, rahat gəzirəm. Dövlət məni mənzillə də təmin edib. Müzəffər Azərbaycan Silahlı Qüvvələrinin şərəfli zabiti adını bu gün də daşıyıram. Nə qədər yaşasam, o qədər borcluyam Vətənimə, dövlətimə.”

Həmkarımız Xavər xanım oçerkini belə bitirmişdi: “Onun evlənmə çağı­dır. Ailə qurmaq, özü kimi igid oğul böyütmək Vətən Müharibəsi Qəhrəmanı İzzət Balacayevin də haqqıdır. Qəhrəmanımıza gələcək ailə həyatında səadət, işlərində uğurlar diləyirik. Kim bilir, bəlkə bir gün onun doğma balası da bu yolu seçəcək, atası kimi zabit adını şərəflə daşıyacaq”…

İndi budur, biz İzzətin toyu haqqın­da yazırıq. Sona adlı qızla ailə qurur. Sona xanım elin fədakar qızı kimi məhz Vətən müharibəsi qazisi İzzətə könül verib və hər əzaba qatlaşmağı göz önünə alıb. Novruz bayramı günlərində toya mübarəkbadlığa gələnlər bəylə gəlinə ən xoş arzularını çatdırdılar. Bəyin hərbçi dostları da bu günə onun əzizlərindən az sevinmirdilər. Vətən uğ­runda döyüşlərdə hər iki ayağını itirmiş qazi dostunun əlil arabasında qol qaldı­rıb İzzətlə birgə oynaması isə toyun ən kövrək və unudulmaz anlarından idi. Bir daha əmin olduq ki, “Odlu cəbhələrdə möhkəmlənmiş dostluq və qardaşlıq ömürlük olur”, – deyənlər yanılmırlar.

Qoy, sevinciniz, səadətiniz də ömür­lük olsun, qəhrəman!

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər